AzərTAc ilə Qətərin QNA agentliyi arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır

 

 Noyabrın 29-da Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Qətər Xəbərlər Agentliyi (QNA) arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

İmzalanma mərasimindən əvvəl Qətər Xəbərlər Agentliyinin baş direktoru Əhməd Səad Əbduləziz əl-Buayneyn və xəbərlər redaksiyasının müdiri Abdullah Əbdürrəhman ilə AzərTAc-da görüş olmuşdur. Görüşdə AzərTAc-ın baş direktoru Aslan Aslanov qonaqlara 1920-ci ildə, Şərqdə ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış rəsmi informasiya agentliyinin tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat vermişdir.

AzərTAc-ın QNA agentliyi ilə AsiyaSakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) çərçivəsində uğurla əməkdaşlıq etdiyini xatırladan baş direktor hər iki agentlik arasında informasiya mübadiləsinin həyata keçirilməsinin də vacibliyini bildirmiş, bu baxımdan imzalanacaq memorandumun əhəmiyyətini vurğulamışdır.

Əhməd Səad Əbduləziz əl-Buayneyn ətraflı məlumata görə təşəkkür etmiş, agentliklər arasında informasiya mübadiləsinin həyata keçirilməsinin zəruriliyi ilə bağlı fikirləri dəstəklədiyini söyləmişdir. QNA-nın AzərTAc ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini deyən qonaq memorandumun xəbər agentlikləri arasında əlaqələrin inkişafında yeni mərhələ olacağını qeyd etmişdir.

Sonra geniş tərkibdə davam edən görüşdə Aslan Aslanov və Əhməd Səad Əbduləziz əl-Buayneyn AzərTAc ilə QNA agentliyi arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalamışlar.

Memorandum tərəflərin milli qanunvericiliyinə uyğun olaraq informasiya sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədi ilə hər iki agentlik arasında xəbər, fotoşəkil, təcrübə və jurnalist mübadiləsini, üzv olduqları beynəlxalq və regional alyanslar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.

İmzalanma mərasimində memorandumun dövlətlərimiz arasında informasiya sahəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacağı qeyd edilmişdir.

Sonra jurnalistlərin sualları cavablandırılmışdır. Qətərin Azərbaycandakı səfiri Şeyx Mübarək bin Fəhd Casim Al Tani tədbirdə iştirak etmişdir.

 

Azərbaycan.- 2011.- 30 noyabr.- S.  2.