Azərbaycanın
dinamik inkişafı, həyata
keçirilən uğurlu
islahatlar və gələcəyə
hesablanmış neft strategiyası
ölkəmizin perspektivi ilə
bağlı müsbət fakir söyləməyə imkan
yaradır
Azərbaycanın
dinamik inkişafı, həyata keçirilən uğurlu
islahatlar və gələcəyə hesablanmış neft
strategiyası ölkəmizin perspektivi ilə bağlı
müsbət fikir söyləməyə imkan yaradır.
Bu
fikir noyabrın 25-də Azərbaycan Respublikası Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzində (SAM)
Minilliyin layihəsinin direktoru Cerom Kleyton Qlenin "Gələcəyin
durumu indeksi - Azərbaycan 2011" məruzəsinin təqdimatında
səsləndirilmişdir.
AzərTAc
xəbər verir ki, tədbirdə SAM, Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər
Akademiyası və Azərbaycan Futuroloqlar Cəmiyyətinin təmsilçiləri,
eləcə də ekspertlər iştirak etmişlər.
Tədbiri açan SAM-ın daxili siyasətin təhlili şöbəsinin müdiri Tahirə Allahyarova vurğulamışdır ki, Azərbaycanda gələcəyə yönəlmiş siyasət aparılır. Ölkəmiz bunu dünya iqtisadi böhranından minimum itkilərlə çıxması ilə sübut etmişdir. O, bu baxımdan "Gələcəyin durumu indeksi - Azərbaycan 2011" hesabatının əhəmiyyətini qeyd etmişdir.
Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova bildirmişdir ki, "Azərbaycanın Gələcək Durumu İndeksi"nin ilk nüsxəsi "BakuTel-2011" sərgisində Prezident İlham Əliyevə təqdim olunmuşdur.
Sonra məruzəsini təqdim edən C.K.Qlen bildirmişdir ki, Azərbaycanın gələcək durumu indeksi üzrə (AZ-SOFI) keçirilmiş tədqiqat ölkənin 2011-2020-ci illərdə inkişaf perspektivlərini müəyyən edir. AZ-SOFI-nın illik qaydada hesablanması həmin dövr üçün inkişafı qiymətləndirməyə imkan yarada, həmçinin daha zəruri fəaliyyət növlərini müəyyən etməklə diqqəti bu sahəyə yönəltməyə yardım edə bilər. Bu indeks Azərbaycanda inkişaf sürəti və aparılan islahatlar əsasında müəyyən edilmişdir. Tədqiqat çərçivəsində cari ilin oktyabrında 13 ölkədə 101 ekspert arasında sorğu keçirilmişdir.
Hesabatda göstərilmişdir ki, Azərbaycanda fiber-optik kabeldən istifadə nəticəsində genişzolaqlı internetdən faydalanma 100 faiz yaxşılaşmış, su təminatı problemi həll olunmuşdur. Ölkəmizin yeni peykinin kosmosa buraxılması ilə İKT sahəsində gəlirlər 30 faiz artacaq, Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü olacaq və bu da ərzaq təhlükəsizliyinə, kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcəkdir.
C.K.Qlen qeyd etmişdir ki, hesabatda Azərbaycanın gələcəyi üçün əhəmiyyətli olan məsələlər öz əksini tapmışdır. Hesabat siyasi analitiklərə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi xalqlar, eləcə də bütün dünya dövlətləri üçün əhəmiyyətini qiymətləndirməyə imkan verəcəkdir.
Məruzəyə münasibət bildirən Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin sektor müdiri Fərhad Məmmədov Azərbaycanın sürətli inkişafı nəticəsində ortaya çıxacaq çağırışların müəyyən edilməsi, ölkəmizin gələcəyi ilə bağlı hesablamalar aparılarkən insan kapitalının, iqtisadi potensialın, coğrafi mövqeyin və digər amillərin nəzərə alınması, həmçinin respublikamızın elmi ictimaiyyətinin mövqeyinin öyrənilməsi baxımından hesabatı yüksək qiymətləndirmişdir. Hesabatda Azərbaycanın ümumi artım indeksinin 2,9 olduğunu vurğulayan natiq bildirmişdir ki, ölkəmizin daha sürətli inkişafında ən böyük maneə hesab edilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi baş verməsəydi, bu göstərici daha da böyük olardı.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri Elçin Zeynalov indeksin müəyyənləşdirilməsində ölkəmizdə innovativ yeniliklərin tətbiqinin, informasiya-kommunikasiya texnologiyalarının inkişafının əsas yer tutduğunu diqqətə çatdırmışdır.
Sonra məruzə ətrafında müzakirələr aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2011.- 26 noyabr.- S.3.