Azərbaycan hakimiyyəti, cəmiyyəti ölkədəki sabitliyi kifayət

qədər möhkəm təməllər üzərində bərqərar edib

 

Əli Həsənov: "Rafiq Tağı Azərbaycan hakimiyyəti ilə problemi olan insan deyildi"

 

Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Media forum" saytına açıqlama verib.

 

"Rafiq Tağı istər jurnalist, istərsə də başqa fəaliyyəti ilə heç vaxt hakimiyyətlə, dövlət strukturları ilə konflikti olmayan adam idi. İndiolub, ona qarşı sui-qəsdi kim edib, niyə edib kimi məsələlər öyrənilməlidir, axtarılmalıdır, tapılmalıdır. Bundan sonra məsələyə qiymət vermək olar".

"Media forum"un "Necə hesab edirsiniz, bu, ictimai-siyasi qətldir, yoxsa sırf kriminal hadisədir" sualına PA rəsmisi  belə cavab verib: "Vallah, bilmək olmaz. Mən indi buna heç cür qiymət verə bilmərəm. Bu məsələ tam aydınlaşmayana, onu bıçaqlayanlar tapılmayana qədər buna qiymət vermək olmaz. Amma mən bunun siyasi, ictimai qətl olmasını düşünmürəm. Rafiq Tağı kimə qarşı ictimai-siyasi fəaliyyət göstərirdi, qəsd edirdi ki, ona qarşı da belə bir qəsd olunsun? İstənilən halda bu, bir kriminaldır. Amma bu kriminalı kimin, niyə, hansı məqsədlə etdiyi araşdırılmalıdır, aydınlaşmalıdır. Əvvəla, el arasında belə bir məsəl var, deyərlər ümid bir yerə, güman min yerə gedir. Əlbəttə, bunun ətrafında yüzlərlə proqnoz, şərh ola bilər. Xüsusən də Rafiq Tağının özünün, yaxınlarının ayrı-ayrı açıqlamaları, ifadələri olmuşdu. Əlbəttə, bununla bağlı bütün versiyalar yoxlanmalıdır, araşdırılmalıdır. Bunun sabitliyin pozulmasına yönəlmiş addım olmasına gəlincə, Azərbaycanda ictimai-siyasi sabitlik o dərəcədə kövrək deyil ki, bir adamı qətlə yetirməklə, yaxud ona sui-qəsd etməklə sabitliyi pozmaq mümkün olsun. Azərbaycan hakimiyyəti, cəmiyyəti ölkədəki sabitliyi kifayət qədər möhkəm təməllər üzərində bərqərar edib, yaradıb. Rafiq Tağıya qarşı edilən sui-qəsd ayrı-ayrı şəxslərin qisas məqsədi və ya başqa məqsədlərlə etdiyi hərəkət də ola bilər. Bütün bunları istintaqın sonunda biləcəyik.

Hakimiyyət kimliyindən, hansı vəzifə və mövqe tutmasından asılı olmayaraq, istənilən vətəndaşa qarşı törədilən qəsdin, terrorun, kiməsə qarşı edilən xuliqanlıq hərəkətinin açılmasında maraqlı olubbunu təmin edib. Amma konkret olaraq Rafiq Tağıyla bağlı işi fərdiləşdirmirik".

 

Azərbaycan.- 2011.- 26 noyabr.- S.3.