Qətər Xəbərlər Agentliyinin baş direktoru ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir

 

 Qətər Xəbərlər Agentliyinin baş direktoru Əhməd Səad əbduləziz əl-Buayneyn və xəbərlər redaksiyasının müdiri Abdullah Əbdürrəhman noyabrın 29-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstəsi qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüşlər.

Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən qonaqlara paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilmişdir.

 

Azərbaycan.- 2011.-30 noyabr.- S.  2.