Qətər Xəbərlər
Agentliyinin (QNA) baş
direktoru Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyində olmuşdur
Bakıda səfərdə olan Qətər Xəbərlər Agentliyinin (QNA) baş direktoru Əhməd Səad Əbduləziz əl-Buayneyn, xəbərlər redaksiyasının müdiri Abdullah Əbdürrəhman və AzərTAc-ın baş direktoru Aslan Aslanov noyabrın 29-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olmuşlar.
AzərTAc xəbər verir ki, qonaqlara muzeyin yaranma tarixi barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, muzeyin binası XIX əsrin ortalarında inşa edilmiş, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin həm iş, həm yaşayış yeri kimi fəaliyyət göstərmişdir.
Vurğulanmışdır ki, bu tarixi bina Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yenidən bərpa olunmuşdur.
Qonaqlar Yaxın və Orta Şərqdə, eləcə də Avropada yeganə ədəbiyyat muzeyi olan bu mədəniyyət ocağının "Qədim dövr", "Dədə Qorqud", "Nizami Gəncəvi", "Məhsəti Gəncəvi", "Xaqani Şirvani", "İmadəddin Nəsimi", "Məhəmməd Füzuli", "Şah İsmayıl Xətai" və "Cümhuriyyət" salonlarını gəzmiş, ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyəti və ədəbiyyatına diqqət və qayğısını əks etdirən fotoguşə ilə tanış olmuşlar.
Qətər Xəbərlər Agentliyinin baş direktoru Əhməd Səad Əbduləziz əl-Buayneyn Azərbaycan ədəbiyyatının, mədəniyyətinin qədim tarixini özündə yaşadan muzeyin onda xoş təəssüratlar oyatdığını bildirmiş, xatirə kitabına ürək sözlərini yazmışdır.
Qonaqlara muzeyin direktoru, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Rafael Hüseynovun muzey haqqında ingilis dilində nəşr olunmuş "Temple of the Word" adlı məlumat kitabı təqdim edilmişdir.
Sonda xatirə şəkli
çəkdirilmişdir.
Azərbaycan.- 2011.- 30 noyabr.- S. 2.