Uzaq olduğu qədər
də yaxın Bolqarıstan
"Məmnunam ki, dialoqun, həmçinin mədəniyyətlərarası mübadilələr sahəsində əlaqələrin genişləndirilməsi üçün iradə və istək vardır. Bolqarıstan öz regionunda, Azərbaycan isə öz regionunda mədəniyyətlərarası dialoq sahəsində vacib rol, hətta deyərdim ki, lider rolu oynayır."
Georqi Pırvanov,
Bolqarıstan Prezidenti
Bu günlərdə Bolqarıstan Prezidenti Georqi Pırvanovun respublikamıza rəsmi səfəri bu ölkəyə marağı bir qədər də artırdı. Ümumiyyətlə, hər iki ölkə arasında illərdir formalaşan münasibətlər daim inkişaf etməkdə, yenilənməkdədir. Avropanın bir hissəsi olan Bolqarıstan Respublikası (bolqarca: Republika Bclqariə) xeyli vaxtdır Avropa İttifaqı və Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) üzvüdür. O, beş ölkə ilə - şimaldan Rumıniya, qərbdən Serbiya və Makedoniya, cənubdan Yunanıstan və Türkiyə ilə həmsərhəddir.
Bolqar xalqı zəhmətsevərliyi ilə ad çıxarıb və hətta bir rəvayətə görə, Tanrı dünyadakı torpaqları bölüşdürəndə bolqarlardan savayı bütün xalqlar onun yanında olublar. Bolqarlar isə bu vaxt torpaqda çalışıb axşamacan zəmilərdə toxum səpdikləri üçün həmin bölgədə iştirak etməyiblər. Tanrı isə bolqarların bu zəhmətkeşliyini görüb onlara "cənnət"i - indi Bolqarıstan adlanan ərazini hədiyyə edib. Bolqarlar bu "cənnət" diyarı məmnuniyyətlə qəbul edərək onun daha da gözəlləşməsinə, abadlığına və firavanlığına, insanlarının azadlığına və xoşbəxtliyinə çalışıblar.
Bolqarıstan Respublikası uzun illər sosialist birliyinin bir üzvü olsa da, öz milli xüsusiyyətlərini, adət-ənənələrini qoruyub saxlamağa çalışıb və demək olar ki, buna nail olub.
Bolqarıstanda yerli idarəetmələr bölgə və şəhər tipli qəsəbələr - districtlər və bələdiyyələrdir. 1991-ci ildə salınan şəhər tipli qəsəbələr hələ qurulma mərhələsini başa çatdırmayıb. Hazırda Bolqarıstanda 9 bölgə və 255 bələdiyyə var. Bolqarıstanın əhalisi 31 dekabr 2009-cu ilə olan məlumata əsasən, 7.563.710 nəfər və ərazisi 111.000 km-dir.
Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhəridir. Ölkənin rəsmi
dili bolqar dilidir. İdarəetmə
formasına görə
Bolqarıstan parlamentli
respublikadır.
Ölkədə yüz illər
boyu məskunlaşan əsas etnik qruplar bolqarlar, türklər, qaraçılar və pomaklardır. Pul vahidi levdir.
Bolqarlar slavyan xalqları qrupuna daxil olsalar
da, qanlarında və adlarında böyük türk tayfalarından birinin adını yaşadırlar. Əsrlər boyu türk dövlətlərinin tərkibində
olduqlarını da bura əlavə etsək, mənzərə
daha da aydınlaşar.
Tədqiqatçılar bulqarları (bolqar,
balkar və s.) Şimali Qafqaz çöllərində
hunlardan əvvəl yaşamış türkdilli
tayfa hesab edirlər. Onların bir hissəsi
məhz Şimali Qafqazdan indiki Ermənistan ərazisinə
gəlib məskunlaşmışdır.
Orda
"Bulqar dağı"
adlı toponim indi də mövcuddur.
Bulqar tayfasının
adı "Dədə
Qorqud" eposunda da çəkilir. Erkən
orta əsrlərə
aid mənbələrdə bulqarların kazan,
çakar, kol (kul), kuvyar və
basil adlı tayfalardan
ibarət olması göstərilir. Ermənistanda
Qazan adlı qala XII əsrdən məlumdur və orada keçən
əsrdə Qazançı
adlı azərbaycanlı
kəndləri vardı
(bir Qazançı kəndinin adı
1946-cı ildə dəyişdirilərək
Meqreşen adlandırılmışdır).
Bulqarların çakar tayfasının
adı Çaxırlı
azərbaycanlı kəndinin
adında öz əksini tapmışdır.
Çaxırlı adlı
kəndlər Azərbaycanda
da vardır və onların, əslində, Çakarlıdan
təhrif olunması çoxdan
məlumdur.
Hunguların yıxılmasından sonra,
hunların qərbə
köç etməsi
səbəbindən bolqarlar
şimala üz tutdular. V əsrdə şərqdən
gələn Sabir türkləri ilə qarşılaşıb bir
az da
şimala və qərbə çəkildilər,
Avropa hunlarının
bir parçası oldular. Avropa hunları ilə
ogur türklərinin qarışmasıyla "bolqar"
adıyla xatırlanan
türk birliyini meydana gətirdilər.
Bolqar -
"bulanmaq", "qarışmaq"
mənasını verməkdədir.
Hunlardan sonra Sabirlərin və Göytürklərin
hakimiyyətinə girdilər.
Böyük bolqar xanlığı
630-cu ildə Kubrat xan tərəfindən quruldu. VII əsrin ilk yarısında
Xan Kubrat Qara dənizin şimalında dağınıq
yaşayan Kutrigurlar,
Utiqurlar, Sabirlər və Onogurlar kimi türk soylarını və bundan başqa 7 slavyan qövmünü
ilk böyük bolqar dövlətinin tərkibində
birləşdirmişdir. Beləliklə, "bolqar" adında yeni bir boy əmələ
gəlmişdir. Ancaq qurulan
dövlət uzun ömürlü olmadı.
VII əsrin ikinci
yarısında, Kubrat
xanın 665-ci ildə
ölümündən sonra
digər bir türk xalqı - xəzərlər bu dövləti məğlub
etdilər.
Xəzərlərin hakimiyyəti altında yaşamağa razı qalan bolqarlara "Quru bolqarlar" deyilir. Xalqın ən əhəmiyyətli
hissələrindən bir
qismi şimala köç edib İdil bolqarları dövlətini qurdular, şimala köç edən İdil bolqarlarına "ağ bolqarlar" da deyirlər. Ağ bolqarlardan bugünkü cuvaşlar meydana gəlmişdir. Xan Asparuhun tabeçiliyi altında cənub-qərbə
köç edən hissə isə 678-ci ildə Tuna bolqar dövlətini qurdular və bugünkü Bolqarıstanın təməlini
qoydular...
Artıq Bolqarıstan öz müstəqilliyinin ikinci yüz ilini yaşamaqdadır. Uzun əsrlər Osmanlı imperatorluğunun tərkibində
olan Bolqarıstan yalnız XIX əsrin ortalarında başlanan rus-türk müharibələrindən
sonra - 3 mart 1878-ci ildən müstəqil dövlətə çevrilə
bildi...
XX əsr Şərqi
Avropanın bir çox ölkəsi kimi Bolqarıstan üçün də sosializm ideyalarının
"təntənəsi" ilə yadda qaldı. Sosialist quruluşu dağıldıqdan
sonra Bolqarıstan sürətlə inkişaf
etməyə başladı.
Bu ölkə 2007-ci ildə Avropa İttifaqına (Aİ) tamhüquqlu
üzv qəbul edilib.
Öz müstəqilliyini
əldə etdikdən
sonra Azərbaycan-Bolqarıstan
münasibətləri böyük
sürətlə inkişaf
etməkdədir. 14 yanvar
1992-ci ildə Bolqarıstan
Respublikası Azərbaycanı
müstəqil dövlət
kimi tanıyıb.
5 iyun 1992-ci ildə
iki ölkə arasında diplomatik əlaqələr qurulub.
1999-cu ilin dekabrından
Bolqarıstanın Azərbaycanda
səfirliyi fəaliyyət
göstərir.
16 aprel 2004-cü ildə
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanda Azərbaycan
səfirliyinin açılması
haqqında imzaladığı
sərəncamla ikitərəfli
münasibətlər yeni
bir keyfiyyət qazandı.
1995-ci ilin iyununda
ümummilli lider Heydər Əliyev Bolqarıstanda rəsmi səfərdə olub. 1999-cu ilin dekabrında Bolqarıstanın
o vaxtkı Prezidenti Petar Stoyanov Azərbaycana rəsmi səfərə gəlib.
28 may 1999-cu ildə ulu
öndər Heydər
Əliyev daha bir sənəd - iki ölkə arasında iqtisadi-ictimai və elmi-texniki komissiyanın yaradılması
haqqında sərəncam
imzalayıb. Bundan sonra bütün
istiqamətlərdə - müdafiə,
təhsil, mədəniyyət
və digər sahələrdə münasibətlər
sürətlə inkişaf
etməyə başlayıb.
16 mart 2004-cü ildə ATƏT-in fəaliyyətdə olan sədri, Bolqarıstanın xarici işlər naziri S.Passi Bakıda Prezident İlham Əliyev və digər rəsmi şəxslərlə görüşüb. 2004-cü ilin oktyabrında Bolqarıstanın Prezidenti Q.Pırvanov və onun başçılıq etdiyi nümayəndə heyəti Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana gəlib. Bu görüşlər zamanı ikitərəfli və siyasi əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və bu sahədə ATƏT-in fəaliyyətinin daha da intensivləşdirilməsi, NATO, Aİ-yə dair məsələlər, ticari-iqtisadi komissiya və elmi-texniki komissiyanın fəaliyyəti barədə məsələlər, beynəlxalq terrorizmə qarşı birgə əməkdaşlıq, parlamentlərarası əməkdaşlığa dair məsələlər müzakirə olunub. Səfər zamanı Azərbaycan Respublikası və Bolqarıstan arasında birgə bəyannamə, Şəki və Qabrovo arasında qardaşlaşmış şəhər nümayəndiliyinin yaradılması haqqında birgə bəyannamə, Azərbaycan Teleqraf Agentliyi və Bolqarıstan Teleqraf Agentliyi arasında saziş, Azərbaycan Respublikası hökuməti və Bolqarıstan hökuməti arasında səhiyyə və tibb elm sahəsində saziş, investisiyanın təşviqi və qarşılıqlı qorunması haqqında saziş, ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası komissiyanın ikinci iclasının protokolu, ticarət gəmiçiliyi haqqında saziş imzalanıb. Artıq iki ölkə arasında imzalanan sənədlərin sayı 40-ı adlayıb.
Son dövrlər Azərbaycan-Avropa Birliyi arasında münasibətlərin inkişafında Bolqarıstan öz səylərini artırmaqdadır. Bu isə artıq dostluq və əməkdaşlığın yeni bir mərhələsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə toxunarkən inamla qeyd etmişdir: "Hesab edirəm ki, hazırda biz Avropa İttifaqı - Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı çox vacib mərhələdəyik. İndi uzunmüddətli əlaqələrin formalaşması prosesi getməkdədir. Mən tam əminəm ki, bu əlaqələr çox möhkəm, sağlam zəmin üzərində qurulacaqdır, qarşılıqlı maraqlar təmin ediləcəkdir."
Bəxtiyar QARACA,
Azərbaycan.- 2011.- 30 noyabr.- S. 3.