Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə MDB Dövlətlərarası Şurasının 40-cı iclası

 

 Noyabrın 29-da Bakıda Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə MDB Dövlətlərarası Şurasının 40-cı iclası keçirilir.

AzərTAc xəbər verir ki, iclas iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilmiş, məzarları üstünə tər çiçəklər düzülmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulmuşdur.

Tədbir iştirakçıları Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişlər.

Şuranın 40-cı iclasını açan Azərbaycanın Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov şura üzvlərinin müzakirə olunacaq məsələlərə böyük önəm verdiklərini bildirmiş, ildə iki dəfə keçirilən bu tədbirin Bakıda təşkil edilməsini şura üzvlərinin qərarına əsasən həyata keçirildiyini demişdir. Vurğulamışdır ki, Dövlətlərarası Şuranın 2015-ci ilədək olan fəaliyyət planı və 2020-ci ilədək inkişaf strategiyası, beynəlxalq standartlar əsasında dövlətlərarası normativ sənədlər hazırlanmışdır.

Özbəkistan, Qazaxıstan, Ukrayna, Belarus və digər MDB ölkələrindən gələn nümayəndələr müzakirəyə çıxarılan hər bir məsələ ilə bağlı fikir və mülahizələrini söyləmişlər.

İclasda sertifikatlaşdırma və sınaq laboratoriyaları üzrə akkreditasiya orqanlarının qarşılıqlı tanınması, MDB ölkələri çərçivəsində uyğunluğun qiymətləndirilməsi üzrə texniki maneələrin aradan qaldırılması və digər məsələlər müzakirə olunmuşdur.

 

Azərbaycan.- 2011.- 30 noyabr.- S.  5.