Berlində keçirilən «Dağlıq Qarabağdan olan azərbaycanlıların və ermənilərin görüşü» adlı tədbirdə erməni nümayəndələrinin dialoqda iştirak etməkdən imtinaları alman təşkilatçıları tərəfindən pislənilmişdir

 

 Noyabrın 28-də Berlində "Dialoq Forum - Dağlıq Qarabağ. Dağlıq Qarabağdan olan azərbaycanlıların və ermənilərin görüşü" adlı tədbir keçirilmişdir.

Tədbir Azad Berlin Universitetinin Xəzər Araşdırmaları Mərkəzi, "Avroqafqaz" cəmiyyəti, Alman-Azərbaycan Forumu və Almaniyanın Şərq ölkələri üzrə tanınmış mütəxəssisi, professor Udo Ştaynbaxın təşkilatçılığı ilə keçirilmişdir.

Yüzdən artıq ekspert, jurnalistelmi dairələrin təmsilçilərinin  qatıldığı tədbirdə Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri, Milli Məclisin deputatı Rövşən Rzayev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Effektiv Təşəbbüslər Mərkəzinin əməkdaşı Anar Usubov, Şuşa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov, politoloq Rasim Musabəyov, eləcə də Ermənistandan olan nümayəndələr, Almaniyanın dövlət və elm adamları iştirak etmişlər. Tədbirə dəvət olunan Dağlıq Qarabağın erməni nümayəndələri dialoqda iştirak üçün razılıq versələr də, son anda sözügedən tədbirə qatılmaqdan imtina etmişlər. Buna baxmayaraq tədbir uğurla keçmiş, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələrinin çıxışları maraqla qarşılanmışdır.

İcmanın üzvləri tədbir iştirakçılarına Dağlıq Qarabağın azərbaycanlı əhalisinin münaqişənin sülh yolu ilə həllindən sonra Azərbaycanın tərkibində erməni əhalisi ilə birgə yaşamağa hazır olduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, münaqişənin nizamlanmasının uzadılması hər iki tərəf üçün yaxşı heç nə vəd etmir. Əksinə, arzuolunmaz nəticələrə səbəb olacaqdır. İcma üzvləri tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışlar.

Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov da iştirak etmişdir. Ermənistanın Almaniyadakı səfiri isə iştirakdan imtina etmişdir.

Təşkilatçılar Dağlıq Qarabağın azərbaycanlı icmasının dialoqda iştirakını müsbət qiymətləndirmişlər. Erməni tərəfinin dialoqda iştirak etməkdən imtinasından isə təəssüfləndiklərini bildirmişlər. Onlar bu cür tədbirlərin bundan sonra da keçirilməsinin vacibliyini vurğulayaraq, gələcəkdə Dağlıq Qarabağın erməni icmasının da iştirakına nail olacaqlarına ümid etdiklərini bildirmişlər.

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.- 2011.- 30 noyabr.- S.  5.