Azərbaycan təhsili müstəqillik
illərində
Azərbaycan ictimaiyyəti ölkəmizin
dövlət müstəqilliyinin bərpasının 20
illiyini böyük qürur hissi ilə qeyd edir. 20 il ölkənin,
dövlətin tarixində o qədər də böyük
zaman deyil. Lakin Azərbaycan bu illər ərzində çox
böyük tarixi yol keçibdir. Əsası müstəqil
Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyev
tərəfindən qoyulmuş quruculuq, milli dövlətçilik
siyasəti nəticəsində qısa dövr ərzində
dövlətimizin hüquqi-sosial bazası yaranmış,
müstəqilliyi möhkəmlənmiş, ölkəmizin
dünya birliyinə inteqrasiyası istiqamətində çox
ciddi addımlar atılmışdır.
Ulu öndərin
əsasını qoyduğu siyasi və iqtisadi kursun, cəmiyyət
həyatının bütün sahələrini əhatə
edən islahatların onun siyasi varisi, müasir təfəkkürlü
siyasətçi və dövlət xadimi, ölkəmizin
Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycan
dünyada ən qabaqcıl ölkələr sırasına
çıxmış, iqtisadi inkişaf tempinə görə
lider ölkəyə çevrilmişdir. Ölkəmizin beynəlxalq
aləmdə yeri və mövqeyi getdikcə daha da möhkəmlənir,
nüfuzu artır. Ölkədə yoxsulluğun səviyyəsi
minimuma endirilib. Son illərdə həyata keçirilmiş məqsədyönlü
tədbirlər sayəsində 900 min Azərbaycan vətəndaşı
yeni iş yerləri ilə təmin olunub.
20 il ərzində
digər sahələrdə olduğu kimi, təhsil sektorunda da
çox böyük işlər görülüb. Bu
dövrdə 2 mindən çox orta məktəb binası və
əlavə tədris korpusu tikilib, bütün ali təhsil
müəssisələrinin binaları əsaslı təmir
olunub və yenidən qurulub. Ümumtəhsil məktəblərinin
I-XI sinifləri üçün müasir tələblərə
cavab verən milli dərsliklər yaradılıb və pulsuz
olaraq Azərbaycan şagirdlərinə
çatdırılıb. Latın qrafikalı əlifbaya
keçilməsi ilə əlaqədar qısa zamanda
bütün məktəblər və kitabxanalar yeni əlifba
ilə çap olunmuş dərslik və əlavə vəsaitlərlə
təmin edilib. İnformasiya-kommunikasiya texnologiyalarının
təhsilə tətbiqi böyük vüsət alıb.
Ötən əsrin
80-ci illərinin sonu - 90-cı illərinin əvvəlləri
xalqımızın tarixinə azadlıq,
torpaqlarımızın bütövlüyü uğrunda
mübarizə dövrü kimi düşmüşdür.
1991-ci il oktyabrın 18-də Azərbaycan parlamentinin qəbul
etdiyi Dövlət müstəqilliyi haqqında Konstitusiya
Aktı ilə Azərbaycanın müstəqilliyi bərpa
olundu, xalqımız özünün əsrlərlə
arzuladığı azadlığına formal da olsa qovuşdu.
80-ci illərin
ortalarından etibarən Azərbaycanda təhsil sahəsində
də durğunluq meyilləri kök atmağa
başlamışdı. 70-ci illərdə əsası
qoyulmuş sürətli tərəqqi zəifləyərək
öz yerini tənəzzülə vermişdi. Mütərəqqi
ənənələr unudulmağa başlanmışdı. Ən
pisi isə, təhsilə qayğı yaddan
çıxmışdı. Təhsilin cəmiyyətdə
aparıcı rolu lazımınca qiymətləndirilmirdi.
Müstəqillik
haqqında tarixi qərarın qəbul olunmasından sonra milli
təhsil sisteminin yaradılması üçün də
müəyyən təşəbbüslər göstərildi.
Hətta 1992-ci ilin sonlarında "Təhsil haqqında"
Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanunla
bağlı müvafiq əsasnamələrin, normativ
aktların hazırlanmasına başlandı. Təhsilin məzmununun
yeniləşdirilməsi, proqram və dərsliklərin yenidən
yazılması sahəsində də təşəbbüslər
edildi.
Bütün
bunlara baxmayaraq, 80-ci illərin sonunda digər sahələrdə
olduğu kimi, təhsildə də özünü göstərən
geriləmə və tənəzzül müstəqilliyimizin
ilk mərhələsində - 1991-1993-cü illərdə
xüsusilə geniş miqyas aldı. Müstəqilliyin və
demokratik təmayülün qərar tapması ilə
keçmiş ideoloji, siyasi və mənəvi dəyərlər
yararsız hala düşdü, yeni qaydaların,
yaşayış normalarının, dəyərlərin
yaradılması zərurəti lazımi şəkildə dərk
olunmadı və bu istiqamətdə gözlənilən
addımlar atılmadı. Ölkənin səriştəsiz rəhbərliyi
mövqecə tarixi məqamın unikallığını dərk
etmək bacarığından uzaq olduğundan, cəmiyyətdə baş verən
mürəkkəb ictimai-siyasi hadisə və mənəvi
prosesləri cilovlaya bilmədi, hərc-mərclik,
başıpozuqluq bütün sahələri
bürüdü.
Cəmiyyətdə
vaxtilə böyük hörmət və nüfuza malik olan məktəbə,
müəllimə, ziyalıya ehtiram, oxumağa maraq azaldı.
Dəyərli mütəxəssislərin ölkədən
axını başladı.
Təbii ki,
bütün bunları yaradan, təhsildəki
dağıdıcılıq prosesinə rəvac verən səbəblərdən
biri də ölkədə müharibənin getməsi idi. Mənfur
qonşularımız ermənilər ölkəmizə
qarşı irəli sürdükləri əsassız ərazi
iddialarını, Dağlıq Qarabağı Ermənistana
birləşdirmək niyyətlərini gerçəkləşdirmək
üçün hərəkətə keçmişdilər.
1993-cü ilin sonunadək Azərbaycan ərazisinin 20 faizi ermənilər
tərəfindən işğal olunmuş, 1 milyondan çox əhali
məcburi köçkün və qaçqın vəziyyətinə
düşmüşdü. Dağlıq Qarabağın, onun ətrafındakı
rayonların düşmən tərəfindən
işğalı nəticəsində təhsilimizə
böyük maddi zərbə dəymiş, 220 körpələr
evi-uşaq bağçası, 616 ümumtəhsil məktəbi,
35 məktəbdənkənar tərbiyə müəssisəsi,
11 peşə məktəbi, 4 orta ixtisas təhsil müəssisəsi,
1 ali məktəb filialı dağıdılmışdı.
Yalnız
xalqımızın böyük oğlu, dahi siyasətçi
və mahir dövlət xadimi Heydər Əliyevin xalqın təkidli
tələbi ilə 1993-cü ilin iyununda Azərbaycanda ikinci dəfə
hakimiyyətə qayıdışından sonra müstəqilliyin
ilk illərində təhsil sahəsində baş alıb gedən
tənəzzülün, dağıdıcılıq proseslərinin
qarşısı alındı. Ulu öndərin titanik səyləri,
müdrik siyasəti nəticəsində ölkəmiz
parçalanmaq, yox olmaq təhlükəsindən qurtardı.
Böyük
öndərin hakimiyyətə qayıdışının
ilk illəri olan 1993-1995-ci illər tariximizə ölkədə
bütün sahələrdə islahatlara başlamaq
üçün sabitliyin yaranması dövrü kimi daxil
olmuşdur.
1995-ci ildə qəbul
olunmuş Konstitusiyaya əsasən, ölkəmizdə icbari
ümumi orta təhsilə keçildi. Böyük iqtisadi
çətinliklərə baxmayaraq, təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində bəzi addımlar atıldı. Təcrübəli
müəllimlərin təhsil ocaqlarını tərk etməsi
kimi mənfi bir meylin qarşısı alındı. Əgər
1991-ci ildə ölkənin təhsil müəssisələrində
133 min müəllim çalışırdısa, 1998-ci ildə
onların sayı artaraq 168 min nəfərə
çatmışdı.
1993-1994-cü tədris
ilindən ali təhsildə ikipilləli sistemə - 4 illik
bakalavriatura və 2 illik magistraturaya keçildi. 1997-ci ildə
bakalavriaturanın ilk buraxılışı oldu, eyni zamanda həmin
il ilk dəfə olaraq magistr hazırlığına
başlandı.
Müstəqilliyimizin
ilk illərində təhsil sistemində özünü
göstərən yeniliklərdən biri də qeyri-dövlət
təhsil müəssisələrinin, xüsusən də
özəl ali məktəblərin yaranmasıdır.
90-cı illərin əvvəllərində fəaliyyətə
başlayan bu müəssisələrin işində sonralar
çoxlu nöqsanlara yol verilirdi. Lakin ulu öndər Heydər
Əliyev tərəfindən özəl ali məktəblərin
fəaliyyətinin tənzimlənməsi Təhsil Nazirliyinə
həvalə olunduqdan sonra bu sahədə müəyyən
stabillik yarandı. 1998-ci ildə ölkədə artıq
dövlət qeydiyyatından keçmiş 17 özəl ali məktəb
fəaliyyət göstərirdi.
Bu illərin ən
mühüm hadisələrindən biri də dövlət ali
və orta ixtisas təhsili müəssisələrində
ödənişli əsaslarla tələbə qəbulunun tətbiqi
idi. Ali təhsil pilləsində ödənişli təhsil
barədə ulu öndər tərəfindən 1995-ci ildə
imzalanmış tarixi sərəncam bu pillənin sonrakı
illərdə intensiv inkişafı üçün real zəmin
yaratdı.
Ulu öndər Heydər Əliyev 1993-cü
ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin
ötən əsrin 70-80-ci illərində mövcud olmuş
bir çox ənənələri kimi, xarici ölkələrə
tələbələrin göndərilməsi ənənəsi
də davam və inkişaf etdirilməyə başlandı. 2003-cü
ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində
160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı
gənc təhsil alırdı.
Həmin illərdə təhsilin
bütün pillələrinin normativ-hüquqi bazasının
yaradılması, məzmununun yeniləşdirilməsi istiqamətində
sistemli işlər görüldü, bir sıra addımlar
atıldı. Lakin ölkəmizin təhsil quruculuğu sahəsində
həyata keçirilmiş tədbirlərin böyük əksəriyyəti
təhsilin yalnız ayrı-ayrı sahələrinin təkmilləşdirilməsinə
yönəldilirdi. Müstəqil dövlətimizin müasir tələblərə
cavab verən təhsil sisteminin yaranması üçünsə
planlı, sistemli, əhatəli islahatlara ehtiyac var idi. Bu
ehtiyacı böyük uzaqgörənliklə duyan Heydər Əliyev
1998-ci ildə ölkəmizdə təhsil sistemində
islahatlar aparılmasına dair xüsusi sərəncam
imzaladı. Həmin sərəncamla Təhsil Sahəsində
İslahat Proqramının hazırlanması üçün
xüsusi dövlət komissiyası yaradıldı. Dövlət
komissiyası tərəfindən çox qısa müddət
ərzində Azərbaycan Respublikasının Təhsil Sahəsində
İslahat Proqramı hazırlandı və müzakirədən
sonra, 1999-cu il iyunun 15-də ölkə
başçısı tərəfindən imzalandı.
10 il ərzində təhsildə strateji
fəaliyyətin əsas istiqamətlərini özündə
əks etdirən proqramda müəllim
hazırlığının müasir tələblər səviyyəsində
yenidən qurulması, ümumi təhsildə məzmunun yeniləşdirilməsi,
yeni qiymətləndirmə mexanizmlərinə keçid, əks-mərkəzləşmə
prinsiplərinə uyğun demokratik əsaslarla ictimai-dövlət
idarəetmə modellərinin tətbiqi, dərslik siyasətinin
təkmilləşdirilməsi, təhsil sistemində elmin, eləcə
də elmi tədqiqatların inkişaf etdirilməsi, tədris
prosesində informasiya və kommunikasiya texnologiyalarından
geniş formada istifadə, təminat problemlərinin uğurlu
həlli, təhsilin maliyyələşdirilməsində yeni
iqtisadi mexanizmlərin hazırlanması, tədris müəssisələrinin
müasir kompyuter texnologiyaları ilə təchizatı və
proqram təminatı, təhsilalmada hamı üçün bərabər
şəraitin yaradılması kimi məsələlər əhatə
edilirdi.
İslahat proqramına əsasən,
ölkənin ümumi təhsil pilləsinin məzmununun yeniləşdirilməsi
qarşıda ən mühüm vəzifə kimi dururdu. Məhz
bu zərurət nəzərə alınaraq Azərbaycanın
təhsil tarixində ilk dəfə 1999-cu ildə ümumi orta
təhsilin dövlət standartları və saziş tədris
planı hazırlanıb hökumət tərəfindən təsdiq
edildi.
Böyük öndərin Azərbaycan
müəllimlərinin XI qurultayında məktəb tikintisi,
təmiri və təchizatına yardım göstərilməsi
ilə bağlı çağırışı cəmiyyətdə
böyük əks-səda verdi, bununla əlaqədar məktəb
tikintisi və təmiri sahəsində böyük iş
başlandı. 1998-2002-ci illərdə müxtəlif xarici təşkilatlar
tərəfindən respublikamızın 10 rayonunda 8936 yerlik 28
məktəb binası tikilmiş, 15 rayonda 29045 yerlik 70 məktəb
binası əsaslı təmir olunmuşdur. Ümumiyyətlə,
həmin illər ərzində respublikamızda 116 yeni məktəb
inşa edilmişdir.
Müstəqilliyimizin ilk illərində
ölkənin maliyyə çətinliyi qarşısında
qaldığı, ən mühüm həyati əhəmiyyət
kəsb edən sahələrin belə maliyyələşdirməyə
dövlətin vəsait ayırmağa çətinlik çəkdiyi
bir vaxtda ulu öndər Heydər Əliyev təhsilə
xüsusi qayğı göstərir, çətinliklərə
baxmayaraq, büdcədən təhsilə ayrılan vəsait
ildən-ilə artırılırdı. Əgər
1990-cı illərdə təhsil sektoruna ümumi büdcədən
o vaxtkı qiymətlərlə 113,2 milyard manat vəsait
ayrılmışdısa, bu rəqəm 1995-ci ildə 376,8
milyard manata, 2000-ci ildə 906 milyard manata, 2003-cü ildə isə
1990-cı ilə nisbətən 10 dəfədən də
çox artırılaraq 1216 milyard manata
çatmışdı.
Müəllimlərin sosial müdafiəsinin
gücləndirilməsi də Heydər Əliyevin daim diqqət
mərkəzində duran məsələlərdən idi. Onun
respublikada ikinci dəfə hakimiyyətdə olduğu illər
(1993-2003-cü illər) ərzində təhsil işçilərinin
əməkhaqqı 9 dəfə artırılmış, bunun
üçün xüsusi Prezident fərmanları
imzalanmışdır.
Dövlət hesabına xaricdə təhsil
alan gənclərin də sosial durumu daim Heydər Əliyevin
diqqət mərkəzində idi. Təkcə Türkiyədə
dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin
hər birinə təqaüd verilməsi üçün ildə
2,4 milyard manat vəsait ayrılmışdı. Hər il ən
yüksək bal toplayaraq ölkənin ali məktəblərinə
daxil olan gənclər üçün xüsusi Prezident təqaüdünün,
eləcə də istedadlı gənclər üçün
fəxri təqaüdlərin, Prezident fərmanı ilə
"Qızıl kitab"ın təsis olunması bu
qayğının bariz nümunəsi idi.
Ümummilli lider Heydər Əliyev
ölkədə tədris müəssisələri şəbəkəsinin
təkmilləşdirilməsi sahəsində də
islahatların aparılmasına böyük önəm
verirdi. Onun 2000-ci il 13 iyun tarixində imzaladığı
"Azərbaycan Respublikasında təhsil sisteminin daha da təkmilləşdirilməsi
haqqında" fərmanı bu sahədə aparılan
islahatları yeni keyfiyyət mərhələsinə
qaldırdı.
Fərmanın icrası istiqamətində
görülən işlər nəticəsində bir
çox ali məktəblərə universitet statusu verildi. Təhsil
tariximizdə ilk dəfə olaraq Azərbaycan Müəllimlər
İnstitutu və onun 12 regionda filialı yaradıldı. Ali məktəblərimizin
sayı yeni yaradılan təhsil ocaqları hesabına
artdı.
Təhsilimizin yaxın dostu və himayəçisi
Heydər Əliyevin adı ilə bağlı olan daha bir
mühüm tədbirə - ümumtəhsil məktəblərinin
şagirdlərinə dərsliklərin pulsuz verilməsinə
başlandı. Həmin dövrdə təhsil sahəsində
özünü göstərən ən ciddi yeniliklərdən
biri də yeni əlifbaya keçilməsi, latın
qrafikalı əlifbanın tətbiqinin reallığa
çevrilməsidir. Böyük fəxrlə qeyd
olunmalıdır ki, Heydər Əliyevin "Bizim
bugünümüz, gələcəyimiz məhz latın
qrafikası ilə bağlıdır" tarixi
çağırışı və bununla əlaqədar
verdiyi xüsusi fərman təhsil sistemində bu məsələlərin
tam həlli ilə nəticələndi.
Müasir Azərbaycan dövlətinin
banisi, ölkəmizi dünyanın ən inkişaf etmiş,
sivil dövlətləri səviyyəsinə
çatdırmağı həyatının əsas amalı,
qayəsi sayan, özünün böyük dühası, zəngin
idarəçilik təcrübəsi, dönməz iradəsi
ilə bu məqsədin əldə edilməsinə
çalışan ümummilli liderimiz Heydər Əliyevin ideyaları,
təməlini qoyduğu nəhəng quruculuq işləri
ondan sonra böyük öndərin layiqli
davamçısı, yeni təfəkkürlü siyasətçi,
möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən
böyük qətiyyət və uğurla həyata
keçirilməyə başlandı. Bu mənada möhtərəm
Prezidentimiz İlham Əliyevin ölkəmizə rəhbərlik
etdiyi 2003-2011-ci illər çağdaş təhsilimizin
tarixində vüsətli inkişaf, bütün sahələrdə
islahatların daha da dərinləşməsi, ölkənin,
o cümlədən də təhsilin elmi əsaslara söykənən
dövlət proqramları vasitəsilə idarə olunması
dövrü kimi xarakterizə olunur.
Bu dövrün əsas xüsusiyyətlərindən
biri təhsilə qayğının, onun inkişafına
ayrılan xərclərin ildən-ilə
artırılmasıdır. Bu isə təhsilin dövlət
siyasətinin əsas prioritetlərindən biri olması ilə
bağlıdır. Belə ki, təhsilə ayrılan büdcə
2003-cü illə müqayisədə 6 dəfədən
çox artaraq 2010-cu ildə 1,2 milyard manata
çatmışdı.
Son illər təhsil tarixində ilk dəfə
olaraq 16 inkişafyönümlü dövlət proqramı təsdiq
olunub və uğurla həyata keçirilməkdədir. Təhsilin
ayrı-ayrı sahələrinin inkişafı üzrə
real vəziyyətin təhlili əsasında hazırlanıb
təsdiq edilmiş bu proqramların
reallaşdırılması nəticəsində tədris
müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi,
infrastrukturun müasir tələblərə uyğun
qurulması, təhsilin məzmununun yeniləşdirilməsi,
yeni dərslik siyasətinin reallaşdırılması, təhsilalanların
nailiyyətlərinin qiymətləndirilməsi üzrə
yeni model və mexanizmlərin tətbiqi, əmək
bazarının tələbatına uyğun kadr
hazırlığı və təminatının
yaxşılaşdırılması, təhsil müəssisələrinin
informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi
və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər,
texniki-peşə, ali təhsil, xaricdə təhsil,
istedadlı uşaqların inkişafı, xüsusi
qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili,
de-institutlaşdırma və digər istiqamətlərdə əhəmiyyətli
nailiyyətlər əldə olunub.
Ayrı-ayrı təhsil pillələri
və səviyyələrində də ciddi inkişaf meyilləri
özünü büruzə verməkdədir. Məktəbəqədər
təhsilin uşaqların intellektual, fiziki və psixoloji
inkişafında, onların şəxsiyyətinin
formalaşmasında və məktəbə
hazırlanmasında xüsusi əhəmiyyətə malik
olması tədricən cəmiyyət tərəfindən qəbul
edilməyə başlanıb. Respublikamızda 20 il ərzində
heç bir məktəbəqədər təhsil müəssisəsi
tikilmədiyi halda, 2008-2010-cu illərdə ilk dəfə
olaraq ölkə üzrə 40 yeni uşaq bağçası
tikilib istifadəyə verilib, 44 məktəbəqədər
təhsil müəssisəsi əsaslı təmir edilib,
müasir avadanlıqlarla təchiz olunub. Həyata keçirilən
tədbirlər nəticəsində ölkə üzrə
uşaqların məktəbəqədər təhsillə əhatə
səviyyəsi yüksəlib. 2009-cu ildə bu göstərici
15,8 faiz idisə, hazırda 17,6 faiz təşkil edir. Bakı
şəhərində bu inkişaf daha cox müşahidə
olunmaqdadır. Belə ki, paytaxtda bağçalara cəlb
olunmuş uşaqların sayı 8,6 min nəfər artıb,
təhsilin bu pilləsi üzrə əhatə səviyyəsi
26 faizi ötüb.
Müstəqillik tariximizdə ilk dəfə
olaraq uşaq bağçaları üçün müasir tələblər
səviyyəsində 151 adda təlim vəsaitləri
hazırlanıb müəssisələrə
çatdırılıb.
Son illər Azərbaycanda 2161 yeni məktəb
binasının tikilməsi, əsaslı təmiri və
müasir avadanlıqlarla, o cümlədən kimya və fizika
laboratoriyaları ilə təmin edilməsi, bütün məktəblərdə
kompyuter siniflərinin yaradılması təhsil tariximizdə ən
əlamətdar hadisələrdəndir. Məktəblərin
infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər
Əliyev Fondunun müstəsna xidmətlərini xüsusilə
qeyd etməliyik. Fondun təşəbbüsü ilə
2005-2010-cu illərdə 300-dən çox yeni məktəb,
uşaq bağçası, uşaq evi, internat məktəbi
binası tikilib istifadəyə verilib, əsaslı təmir və
bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib.
2010-2011-ci tədris ili ərəfəsində ölkədə
9380 yerlik 26 məktəb istifadəyə verilmişdir.
2011-2012-ci tədris ili ərəfəsində isə Bakı
şəhərində 70-ə yaxın məktəb əsaslı
təmir edilmiş, yeni korpuslar tikilmişdir. Bölgələrdə
60-a yaxın məktəb təmir edilmişdir.
Müstəqillik illərində
aparılan genişmiqyaslı işlər, təhsil
infrastrukturunun yeniləşdirilməsi sahəsində əhəmiyyətli
nailiyyətlərin əldə edilməsi və müasir tələblərə
uyğun şəraitin yaradılması məzmun
islahatları üçün də əlverişli zəmin
yaradıb. 2006-cı ildə Nazirlər Kabineti tərəfindən
"Ümumi təhsilin Konsepsiyası (Milli kurikulum)" təsdiq
edilib. 2008-2009-cu tədris ilindən ümumtəhsil məktəblərinin
I siniflərində tədrisə yeni fənn kurikulumları və
müasir dərsliklərlə başlanılıb, bu proses
2011-2012-ci dərs ilindən I, II, III və IV sinifləri əhatə
edib. Yeni kurikulumların tətbiqi ilə əlaqədar 40 minədək
müəllim xüsusi proqram əsasında öyrədici təlim
kurslarından keçirilib və nümunəvi tədris
materialları ilə təmin edilib. V-XI siniflər
üçün də eyni məzmunlu sənədlərin
hazırlanması istiqamətində son illər gərgin
iş aparılmış, nəticədə həmin siniflər
üzrə fənn proqramları (kurikulumlar) hazırlanıb
müzakirədən keçirilərək 2011-ci ilin iyununda təsdiq
olunmuşdur.
Yeni məzmun yeni nəsil dərsliklərin
hazırlanmasını zəruri etmişdir. 2003-2011-ci illərdə
milli-mənəvi dəyərlər əsasında müasir tələblərə
uyğun məzmunda ümumilikdə 40 milyon nüsxədən
çox dərslik çap edilib. Təhsil tariximizdə ilk dəfə
olaraq yeni kurikulum tətbiq edilən I -IV siniflər
üçün dərslik komplektləri (şagird
üçün dərslik, iş dəftəri, müəllim
üçün vəsait) hazırlanıb, Dərslikləri
Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirilib
və müsbət rəy alındıqdan sonra çap edilib.
2011-2012-ci tədris ili üçün 102 adda 3463170 nüsxə
dərslik, metodik vəsait çap olunmuşdur.
Azərbaycan təhsilində ilk dəfə
olaraq milli (ölkə səviyyəsində təhsilalanların
nailiyyətlərinin səviyyəsinin qiymətləndirilməsi)
və beynəlxalq qiymətləndirmə (ölkədə təhsil
səviyyəsinin digər ölkələrlə müqayisəli
təhlilini aparmağa yönəlmiş qiymətləndirmə)
tədbirləri həyata keçirilib və bu proses davam
etdirilməkdədir.
Müstəqil ölkəmizin 20 illik təhsil
tarixində ilk dəfə olaraq 2011-ci ildə təhsil
aldığı müddətdə xüsusi nailiyyətlər
qazanan tam orta təhsil üzrə məzunlar qızıl və
gümüş medallarla təltif olunub. 53 şagird qızıl və
gümüş medallara layiq görülüb.
Son illər
dünya və beynəlxalq fənn olimpiadalarında Azərbaycan
məktəbliləri 11 qızıl, 38 gümüş, 60-dan
çox bürünc medala layiq görülüb. Əhalisinin
sayının az olmasına baxmayaraq, medalların sayına
görə Azərbaycan dünya ölkələri arasında
ilk onluqda yerini qoruyub saxlayır.
Məktəbdənkənar
təhsil müəssisələrinin
yetirmələri də müxtəlif səviyyəli
yarışlarda əhəmiyyətli nailiyyətlər əldə
ediblər. Məktəblilərimiz son illər respublika və
beynəlxalq yarışlarda 1886 medal, o cümlədən
Avropa, dünya birinciliyi və çempionatlarında 178 medal
qazanmışlar.
Təhsilin
informasiyalaşdırılması sahəsində əhəmiyyətli
nailiyyətlər əldə edilib. Ölkənin ümumtəhsil
məktəbləri İKT ilə təmin edilib, hər 20
şagirdə bir kompyuter nisbəti təmin olunub. Halbuki
2004-cü ildə hər 1063 şagirdə bir kompyuter
düşürdü. Həmin ildən bəri ümumtəhsil
məktəblərinin İKT ilə təminatı, təhsil
sisteminin informasiyalaşdırılması üzrə dövlət
proqramları çərçivəsində
bütövlükdə təhsil müəssisələrinə
33708 ədəd kompyuter, 2809 ədəd proyektor və noutbuk dəsti
verilib. "Xalq kompyuteri" layihəsi çərçivəsində
9000 müəllim kompyuterlə təmin olunub. İnzibati,
pedaqoji və texniki heyət əhatə olunmaqla 54 min nəfər
müvafiq treninqlərdən keçərək İKT
bacarıqlarına yiyələnib. Təhsil tariximizdə ilk dəfə
olaraq fənlər üzrə elektron tədris resursları
hazırlanaraq məktəblərə verilib, 20 ümumi təhsil
müəssisəsində "elektron məktəb" layihəsi
həyata keçirilməyə başlanılıb. 1000 məktəb
genişzolaqlı sürətli internetlə təmin olunub.
İnternetə qoşulmuş məktəblərin nisbəti
2004-cü ildəki 1,5 faizdən 2010-cu ildə 22 faizə
yüksəlib. Yaradılmış DATA mərkəz, elektron tədris
resursları bazası, vahid təhsil portalı səmərəli
idarəetməni təmin edir.
"2005-2009-cu
illər üçün ümumtəhsil məktəbləri
şəbəkəsində pedaqoji kadr təminatı üzrə
İnkişaf Proqramı" başa
çatdırılıb, ümumilikdə 6179 müəllim
stimullaşdırıcı tədbirlər tətbiq edilməklə
respublikanın ucqar kənd məktəblərinə göndərilib,
ucqar kənd məktəblərində kadra olan kəskin
ehtiyac ödənilib. Respublikanın ümumtəhsil məktəblərinə
müəllimlərin işə qəbulu sahəsində yeni
mexanizmlərin tətbiqinə başlanılıb.
Təhsil sahəsində
həyata keçirilən genişmiqyaslı tədbirlərlə
yanaşı, müstəqillik illərində dövlət səviyyəsində
təhsil işçilərinin fəaliyyətinin maddi və
mənəvi stimullaşdırılması sahəsində əhəmiyyətli
addımlar atılıb. Təhsil tariximizdə ilk dəfə
olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən
"Ən yaxşı ümumtəhsil məktəbi və ən
yaxşı müəllim mükafatlarının təsis
edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli Sərəncam
imzalanıb, 2008-ci, 2009-cu, 2010-cu və 2011-ci illərdə
"Ən yaxşı ümumtəhsil məktəbi" və
"Ən yaxşı müəllim" müsabiqələri
keçirilib.
Azərbaycanda təhsilə,
təhsil işçilərinə diqqət və
qayğının parlaq təzahürüdür ki, 2003-2010-cu
illərdə elm və təhsilin inkişafındakı xidmətlərinə
görə 1000-dən çox təhsil işçisi
yüksək dövlət təltiflərinə, fəxri
adlara və fərdi təqaüdlərə layiq
görülüb.
2005-ci ildə Azərbaycan
Bolonya prosesinə qoşulub, Avropa təhsil məkanına
inteqrasiya istiqamətində əhəmiyyətli addımlar
atılıb. YUNESKO və digər beynəlxalq qurumların sənədlərinə,
habelə beynəlxalq təsnifat strukturuna uyğun olaraq ali təhsilin
bakalavr səviyyəsi ixtisaslarının
(proqramlarının) yeni siyahısı hazırlanıb və
təsdiq edilib. 23 ali təhsil müəssisəsi
akkreditasiyadan keçib, Təhsil Nazirliyi sistemindəki
bütün ali təhsil müəssisələrində kredit
sistemi tətbiq edilib.
Ölkənin 7
aparıcı ali təhsil müəssisəsinə (Bakı
Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan
Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti,
Azərbaycan Dövlət İqtisad Universiteti,
Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət
Aqrar Universiteti) muxtariyyət hüququ verilib. Ali təhsil
müəssisələrinin infrastrukturunun inkişafı sahəsində
əhəmiyyətli işlər görülüb,
bütün universitetlərin maddi-texniki bazası əsaslı
şəkildə yeniləşdirilib.
"2009-2013-cü
illərdə Azərbaycan Respublikasının ali təhsil
sistemində islahatlar üzrə Dövlət
Proqramı"nın icrası istiqamətində ölkə
Prezidenti tərəfindən 10 fevral 2010-cu il tarixli "Ali təhsil
müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi barədə" fərman
imzalanıb. Həmin fərmana əsasən, 2010-2011-ci tədris
ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində
fəaliyyət göstərən ali təhsil müəssisələrində
büdcə vəsaiti hesabına maliyyələşdirmə
dövlət sifarişi əsasında həyata keçirilir.
Dövlət büdcəsinin vəsaiti hesabına dövlət
sifarişi ilə ali təhsil müəssisələrində
kadr hazırlığının adambaşına maliyyələşdirmə
prinsipi tətbiq edilir.
Neft gəlirlərinin
insan kapitalının inkişafına yönəldilməsi
baxımından "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində həyata
keçirilən tədbirlər xüsusilə diqqəti cəlb
edir. 2007-2011-ci illərdə 800-ə yaxın istedadlı azərbaycanlı
gənc dünyanın müxtəlif ölkələrinin
nüfuzlu ali məktəblərində təhsil almağa
göndərilib. Dünyanın aparıcı universitetlərində
müxtəlif mənbələr hesabına 10000-dən
çox azərbaycanlı gənc təhsil alır. Azərbaycanın
ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin
sayı isə 7000-i ötüb.
Ən
mühüm hadisələrdən biri 2009-cu ildə "Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununun qəbul
edilməsidir. Qanun, ölkəmizdə təhsil siyasəti və
strategiyasının əsas istiqamətlərini əks etdirməklə
yanaşı, ilk növbədə xalqımıza, Azərbaycanda
təhsilin inkişafına xidmət edəcək, milli təhsil
sisteminin dünya, Avropa təhsil sisteminə
inteqrasiyasını sürətləndirəcək.
Qanunun icrası
istiqamətində Təhsil Nazirliyində
hazırlanmış 40 adda normativ sənəd Nazirlər
Kabineti tərəfindən təsdiq edilib.
Ölkəmizdə informasiya cəmiyyətinin
qurulmasının və biliklərə əsaslanan iqtisadiyyata
keçidin yeni təhsil modelinə tələbatını nəzərə
alaraq möhtərəm Prezidentimiz İlham Əliyev 2011-ci il
iyulun 11-də "2011-2021-ci illərdə Azərbaycan təhsilinin
inkişafı üzrə Milli Strategiya"nın
hazırlanması haqqında" sərəncam imzalayıb. Həmin
sərəncama əsasən Milli Strategiya layihəsini
hazırlamaq üçün Dövlət Komissiyası
yaradılıb. İnanırıq ki, hazırlanacaq yeni sənəd
inkişafın innovasiya mərhələsinə keçilməsi,
rəqabətədavamlı milli iqtisadiyyatın
formalaşdırılması və inkişaf
dinamikasının sürətləndirilməsi,
başlıca olaraq insan kapitalı ilə bağlı bir
çox məsələlərin həllini tapmasını, o
cümlədən Azərbaycan təhsilinin dünya standartlarına
cavab verməsini təmin edəcəkdir.
Misir MƏRDANOV,
Azərbaycan
Respublikasının təhsil naziri
Azərbaycan.-2011.-2
oktyabr.-S.3.