Doğma yurda
qayıdacağımız gün uzaqda deyil
Xocavənd
rayonunun işğalından 19 il ötür
1988-ci ildə
yenidən baş qaldıran erməni separatizminin tarixi kökləri
ermənilərin XIX əsrdə çar Rusiyasının
birbaşa yardımı ilə tarixi Azərbaycan vilayətlərində
məskunlaşdırılmasından sonrakı dövrdən
başlanır. Həmin vaxtdan tarixi ərazilərimizə yiyələnmək
üçün ermənilər Qarabağda məqsədli və
planlı şəkildə iş aparmış, bu yerlərin əzəli
və əbədi sahibləri olan azərbaycanlıları
sıxışdırmış, tarixi adları dəyişdirmiş,
məkrli niyyətlərini həyata keçirmək
üçün hər vasitəyə əl atmışlar.
Ötən əsrin
sonlarında Azərbaycan rəhbərliyinin ermənilərin
Qarabağda baş verən separatçı hərəkətlərinə
qarşı təsirli tədbir görməməsi, həmçinin
Dağlıq Qarabağ Muxtar Vilayəti orqanlarının
ictimai asayişi pozan hadisələri yatırtmaması Ermənistandan
gəlmiş emissarların və silahlı dəstələrin
real güc mərkəzinə çevrilməsinə,
Yerevandan verilən tapşırıqlara uyğun olaraq
düşmənçilik fəaliyyətlərini daha da
genişləndirmələrinə şərait
yaradırdı. Digər tərəfdən, Moskvanın ermənipərəst
mövqe tutması, beynəlxalq aləmdə
formalaşdırılan antiazərbaycançı münasibət,
yerli rəhbərlikdən isə laqeydlik görən
Qarabağın azərbaycanlı əhalisi yaxşı bələd
olduğu erməni məkrini dayandırmaq üçün səfərbər
olsa da, silah-sursatı yox idi. Çünki ermənilərin
silah-sursatla təmin və təchiz edilməsində çox
böyük canfəşanlıq göstərən sovet ordusu
tərəfindən azərbaycanlı əhalidə olan adi ov silahları da
yığılmışdı. Qədim yurd yerlərimiz oda
qalanır, dinc azərbaycanlılar vəhşicəsinə qətlə
yetirilirdi. Vəziyyət son dərəcə ağır və
mürəkkəb, insanlar isə köməksiz idi.
Bütün cəhdlərə baxmayaraq, kəndlər
işğal olunur, dağıdılırdı.
1992-ci ilin fevral
ayında Xocalı şəhərində ermənilər tərəfindən
azərbaycanlılara qarşı
misli görünməmiş soyqrımı törədildi,
may ayında isə Şuşa şəhəri işğal
edildi. Artıq müharibə Dağlıq Qarabağın sərhədlərindən
kənarda gedirdi. Dünya ermənilərinin, muzdluların,
sovet ordusunun, xüsusilə Xankəndidə yerləşən
366-cı alayın birbaşa və ya bilavasitə köməyi
ilə şəhərlərimiz, kəndlərimiz
işğal olunurdu.
O illərdə
Dağlıq Qarabağın azərbaycanlılar yaşayan
bütün bölgələri kimi, Xocavənd rayonunun kəndləri
də ermənilərin hücumuna məruz qalır, demək
olar ki, hər gün bir qanlı hadisə törədilirdi.
Erməni qəsbkarları və muzdlu
döyüşçülərlə qeyribərabər
döyüşlərdə rayonun azərbaycanlı kəndləri
bir-bir itirildi. 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar
yaşayan qədim Tuğ və
Salakətin kəndləri, noyabrın 15-də Xətai kəndi, noyabrın 19-da Xocavənd kəndi,
1992-ci il yanvar ayının 9-da Haxullu kəndi işğala məruz
qaldı. 1992-ci il fevralın 17-də ermənilər rayonun
Qaradağlı kəndində misli görünməmiş vəhşiliklər
törətdilər, kənd əhalisinin böyük bir
qismini xüsusi amansızlıqla qətlə yetirərək
soyqırımı həyata keçirdilər. 1992-ci il oktyabr
ayının 2-də rayonun Əmirallar,
Muğanlı və Kuropatkin kəndləri işğal edilərək
yandırıldı. 1992-ci il oktyabr ayının 2-si Xocavənd
rayonunun işğalı günü kimi qan
yaddaşımıza həkk olundu.
Xocavənd rayonu
Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli 279-XII
nömrəli Qanununa əsasən Martuni və Hadrut
rayonlarının bazası əsasında
yaradılmışdır. Rayonun ərazisi 1458 kvadratkilometr, əhalisi
42120 nəfər, o cümlədən azərbaycanlılar
10994 nəfər təşkil edirdi. Rayonun inzibati ərazisində
bir şəhər, 2 qəsəbə və 81 kənd
olmuşdur ki, onlardan da 10-da azərbaycanlılar
yaşamışdır. Rayonun inzibati mərkəzi Xocavənd
şəhəridir. Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl,
Qubadlı, Laçın və Xocalı rayonları ilə həmsərhəd
olan Xocavəndin relyefi əsasən dağlıq, şərqdə
və cənub-şərqdə isə dağətəyi
düzənliklərdən ibarətdir. İqlimi yayda
mülayim, qışı isə yağıntılı olur.
Rayonun iqtisadiyyatında üzümçülük,
heyvandarlıq, quşçuluq, taxılçılıq və
bostançılıq üstünlük təşkil
etmişdir.
Bəşər
sivilizasiyasının beşiklərindən biri olan Xocavənd
bölgəsi həm də antik, orta əsrlər, yeni və
müasir dövr maddi-mədəniyyət nümunələri
və tarixi abidələrlə zəngindir. Burada qədim
dövrlərdə insanların yaşadıqları
mağaralara, qədim yaşayış yerlərinə, erkən
şəhər mədəniyyəti qalıqlarına, möhtəşəm
qala divarlarına, müxtəlif dövrlərdə inşa
edilmiş türbələrə, daş heykəllərə,
ümumiyyətlə, nadir mədəniyyət nümunələrinə
rast gəlinir. Xocavənd ərazisində dünya və
respublika əhəmiyyətli 72 tarixi-memarlıq və mədəniyyət
abidəsi var. Bunlar Azərbaycan xalqının tarixini, mədəniyyətini,
adət-ənənələrini göstərən abidələrdir.
Salakətin kəndinin yaxınlığında (Quruçay
vadisində) 1,5 milyon il yaşı olan Azıx mağarası,
həmçinin qədim tarixə malik Tağlar
mağarası, Tuğ kəndində V-VIII əsrlərə
aid Ritiş qalası, Ərgünəş dağının
yamacındakı sıldırım qayalar üzərində
yerləşən Ərgünəş qalası,
Düdükçü kəndi ətrafında XIII əsrə
aid Rzaqulu Bəy türbəsi, Xocavənd kəndi
yaxınlığında Aşıqlı Qoşa günbəzi,
Böyük Tağlar kəndində Alban məbədi, Tuğ
kəndində X əsrə aid Qırmızı məbədi
deyilənlərə misal göstərmək olar. Erməni təcavüzü
nəticəsində Tuğ kəndinin 5 kilometrliyindəki V əsrə
aid Alban kilsəsi, I-V əsrlərə aid Alban qəbiristanlıqları,
Salakətin kəndindəki Dəmirov və Dağdağan
ocaqları, Xocavənd kəndində yerləşən Cicim
ocağı, Qaradağlıdakı III-VI əsrlərə aid
Alban qəbiristanlıqları, Əmirallar kəndi
yaxınlığındakı Bəhrəmli piri,
Muğanlı kəndindəki Seyid Rza günbəzi və
neçə-neçə qiymətli maddi memarlıq abidəsi
dağıntıya məruz qalmışdır.
Rayonun
işğalı nəticəsində azərbaycanlılar
yaşayan 10 kənddə 1723 yaşayış evi talan edilərək
yandırılmış, 47 sənaye, 144 kənd təsərrüfatı
obyekti, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər
tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi,
59 mədəniyyət obyekti, 10 tarixi abidə
dağıdılmış, 12 rabitə qovşağı,
avtomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su
kəməri xətti yararsız hala salınmışdır.
İşğal nəticəsində rayonun bitki və meşə
örtüyünə də böyük miqdarda zərər dəymişdir.
Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli
ağac növləri qırılaraq məhv edilmişdir.
Xocavənd
mübarizəsiz təslim olmamışdır. Ermənilərə
qarşı qəhrəmancasına mübarizə
aparmış Xocavəndin hər qarışı uğrunda
qanlar tökülüb, şəhidlər verilmişdir.
Qeyri-bərabər döyüşlərdə rayonun
bütün sakinləri mətinliklə iştirak etmişlər.
Təkcə 800 nəfər sakini olan Qaradağlı kəndi
ermənilərlə qeyri-bərabər mübarizədə 4
ay mühasirədə qalmış, 91 şəhid
vermişdir. Ümumilikdə xocavəndlilər öz ata-baba
yurdlarının müdafiəsi uğrunda 145 nəfər
şəhid vermişlər. Bu da rayonun azərbaycanlı əhalisinin
hər 50 nəfərindən biri deməkdir.
1994-cü il
aprelin 10-da ümummilli lider Heydər Əliyev cəbhə xəttinə
səfəri zamanı rayonumuzun ərazisində Xocavənd
taborunun döyüşçüləri ilə
görüşmüş, igid vətən oğullarına
öz təşəkkürünü bildirmiş, bir
neçə cəsur döyüşçünü isə
vətənin yüksək mükafatı ilə təltif
etmişdi. Bu görüşdən ruhlanan əsgərlərimizin
şücaət və qəhrəmanlıqları sayəsində
Xocavənd rayonunun - Dağlıq Qarabağın 14000 hektar ərazisi
düşməndən azad edildi. Hazırda həmin ərazilər
ordumuzun nəzarəti altındadır və rayon sakinləri
orada təsərrüfat işləri ilə məşğul
olurlar.
Qəhrəman
oğul və qızlarının xatirəsini daim uca tutan
xocavəndlilər şəhid adına dərin ehtiram əlaməti
olaraq qanlı döyüşlərin getdiyi və inzibati ərazi
baxımından Dağlıq Qarabağın işğaldan
azad olunmuş hissəsi olan bu müqəddəs məkanda
forma və məzmun cəhətdən möhtəşəm,
əhəmiyyətliliyi ilə çox təqdirəlayiq
olan "Abidə-xatirə
kompleksi"nin tikintisini başa çatdırmışlar.
Dünən - Xocavənd rayonunun işğal tarixinin qeyd
edildiyi gündə bu möhtəşəm kompleksin təntənəli
açılış mərasimi də keçirilmişdir.
Xocavəndlilər
Azərbaycan dövlətinin böyük qayğı və
diqqəti ilə əhatə olunublar. Məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması dövlətimizin daim
diqqət mərkəzindədir. Onların rahat
yaşamaları üçün bütün infrastuktura malik
yeni qəsəbələr tikilir, insanlar hər cür
rahatlığı olan evlərdə məskunlaşırlar.
Axı
bugünkü Azərbaycan 18-20 il əvvəlki Azərbaycan
deyil. İndi qüdrətli dövlətimiz, qətiyyətli
Ali Baş Komandanımız var. İşğal edilmiş
torpaqlarımızı hər an azad etməyə qadir
güclü ordumuz var. Vətən həsrəti, qisas hissi ilə
yaşayan xocavəndlilər bir nəfər kimi
torpaqlarımızın yadelli işğalçılardan təmizlənməsi,
ərazi bütövlüyümüzün təmin
olunması üçün hər an silaha sarılmağa,
ön cərgələrdə döyüşməyə
hazırdırlar.
Xocavəndlilər inanırlar və əmindirlər
ki, tezliklə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi altında doğma yurdlarımızı,
şəhidlərimizin uğrunda vuruşduqları müqəddəs
torpaqlarımızı
düşmən işğalından azad edəcəklər
və işğal tarixləri deyil, qələbəmizin
ildönümləri doğma Qarabağda qeyd olunacaq!
Eyvaz
HÜSEYNOV,
Xocavənd
Rayon İcra Hakimiyyətinin başçısı,
Azərbaycan
Respublikası "Dağlıq Qarabağ
Bölgəsinin
Azərbaycanlı İcması" İctimai
Birliyinin
İdarə Heyətinin üzvü
Azərbaycan.-2011.-2 oktyabr.-S.4.