Türkiyənin «Today`s Zaman» qəzeti Dağlıq Qarabağdakı separatçı rejimin keçirdiyi qanunsuz «seçkilər»lə bağlı məqalə dərc etmişdir

 

 Türkiyənin "Today`s Zaman" qəzeti Dağlıq Qarabağdakı separatçı və qondarma rejimin keçirdiyi qanunsuz "seçkilər"lə bağlı məqalə dərc etmişdir.

Məqalədə qeyd olunur ki, Ermənistanın Azərbaycan torpaqlarında keçirdiyi qanunsuz "seçkilər" beynəlxalq hüquqa ziddir və ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlara zərbədir. Ermənistanın işğal olunmuş ərazilərdə etnik təmizləmə vasitəsilə homogenizləşmə siyasəti həyata keçirdiyi və burada yaşayan azərbaycanlıları yurd-yuvasından zorla köçməyə məcbur etdiyi bir şəraitdə bu "seçkilər" yalnız Yerevanın yaratdığı qanunsuz strukturları təmsil edə bilər. Qondarma seçkilərin məqsədi Ermənistanın işğalçı siyasətini pərdələmək və Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərinin işğalını dəstəkləməkdir.

Məqalədə Orta Şərq Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) sədri Həsən Kanbolatın aşağıdakı şərhi yer almışdır: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş yerli özünüidarəetmə orqanlarına seçkilər qanunsuzdur. Bu "seçkilər" Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına da əngəl törədir. ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa isə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulması üçün lazımi səy göstərmirlər. Ermənistan bu məsələdə qeyri-konstruktiv mövqeyini davam etdirir və 1994-cü ildə imzalanmış atəşkəs sazişini davamlı şəkildə pozur.         

Ankaradakı Qazi Universitetinin Beynəlxalq əlaqələr kafedrasının professoru Məhmət Seyfəddin Erol da vurğulayır ki, Azərbaycanın 20 faiz torpaqlarının işğal olunduğu və 1 milyondan çox qaçqın və məcburi köçkün olduğu bir vəziyyətdə "seçkilər" avtomatik olaraq qeyri-qanuni hesab olunur. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Ona görə də heç bir dövlət, heç bir beynəlxalq təşkilat sentyabrın 18-də keçirilmiş qondarma seçkiləri tanımamışdır.

Müəllif xatırladır ki, bu məsələ ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu da mətbuat üçün açıqlama yaymışdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə tam dəstəyini bir daha bəyan edən baş katib vurğulamışdır ki, Dağlıq Qarabağda keçirilmiş son "seçkilər" beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğu üçün qanuni sayıla bilməz. Ekmələddin İhsanoğlu onu da bildirmişdir ki, İƏT münaqişənin müvafiq beynəlxalq normalar əsasında həlli istiqamətində Azərbaycanın mövqeyini dəstəkləyir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.-2011.-2 oktyabr.-S.4.