Azərbaycanda hüquqi
və demokratik dövlət ideyası
gerçəkləşmişdir
Ötən 20 ildə həyata
keçirilən islahatlar Azərbaycanda məhkəmə
sisteminin müstəqilliyini təmin etmişdir
Ötən
əsrin sonlarına doğru soyuq müharibənin başa
çatması ilə bağlı obyektiv tarixi proseslərin,
habelə uzunmüddətli mücadilənin məntiqi yekunu
olaraq 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini
bərpa edən Azərbaycan xalqı bu möhtəşəm
tarixin 20-ci ildönümünü təntənə ilə
qeyd etməyə hazırlaşır. Son 8 ildə bu müstəqilliyi
praktik addımlarla daha da möhkəmləndirən, Azərbaycanı
bütövlükdə MDB məkanında qüdrətli
respublikalardan birinə çevirən möhtərəm
Prezident İlham Əliyevin 2011-ci il yanvarın 21-də
imzaladığı "Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının iyirminci
ildönümü haqqında" sərəncamda bu əlamətdar
yubileyin qeyd olunması, həmçinin xüsusi tədbirlər
planının hazırlanması nəzərdə
tutulmuşdur. Sərəncamın preamblua hissəsində
vurğulandığı kimi, bu illər ərzində
demokratik, hüquqi və dünyəvi dövlətin qurulması
xalqımızın tarixi nailiyyətidir.
Ötən 20 ildə bütün sahələrdə
sürətli inkişaf yolu keçmiş Azərbaycan iqtisadi
sahədə keçid dövrünü geridə qoyaraq
modernləşmə mərhələsinə qədəm
qoymuş, keyfiyyətcə yeni mərhələdə cəmiyyətin
normal inkişaf ahəngini təmin edən çoxşaxəli
islahatları inamla gerçəkləşdirmişdir. Əəsası,
bu müddətdə xalqın qanı, canı bahasına əldə
olunmuş dövlət müstəqilliyi qorunub
saxlanılmış, möhkəmləndirilmiş, Azərbaycan
xaos və anarxiyadan davamlı inkişafa doğru böyük
yol qət etmişdir. "Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının iyirminci
ildönümü haqqında" sərəncamda
respublikanın ötən illərdə hüquqi dövlət
quruculuğu sahəsində qazandığı uğurlara
xüsusi toxunulmuşdur: "1995-ci ildə müstəqil Azərbaycanın
Konstitusiyasının qəbulu ilə ölkədə
dövlət quruculuğu üçün zəruri hüquqi
baza formalaşdı. Ölkəmizin daxili və xarici siyasət
konsepsiyası beynəlxalq hüquq normalarına uyğun olaraq
quruldu. Bu illər ərzində Azərbaycanda bütün
istiqamətlərdə dövlət quruculuğu prosesi
uğurla həyata keçirilmiş, dövlətçilik ənənələri
zənginləşdirilmişdir".
Böyük strateq Heydər Əliyev həqiqətən
də Azərbaycanın həqiqi müstəqilliyinin təmini
üçün hər bir fərdin mənafeyinə cavab verən
hüquqi islahatların aparılmasını da təmin
etmişdir. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi
yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın
ilk Konstitusiyası ölkənin gələcək inkişaf
prioritetlərini müəyyənləşdirməklə
yanaşı, insan hüquq və azadlıqlarının təminatını
da dövlətin ali məqsədi kimi ön plana
çıxarmışdır. Konstitusiyanın qəbulundan
sonra Azərbaycanda hüquqi islahatların keyfiyyətcə
yeni mərhələsi başlanmış, dövrün tələblərinə
cavab verən bir sıra yeni qanunvericilik aktları
hazırlanaraq qəbul edilmişdir. Respublikamız insan
hüquq və azadlıqlarının, demokratik təsisatların
təminatı ilə bağlı mühüm beynəlxalq
konvensiyalara, sazişlərə qoşulmuşdür.
Ulu öndər Heydər Əliyev
ölkədə yeni dövrün tələblərinə
cavab verən hüquq qanunvericiliyinin
formalaşdırılması üçün 21 fevral
1996-cı il tarixdə Hüquq İslahat Komissiyasının
yaradılması barədə sərəncam
imzalamışdır. Həmin komissiya tərəfindən
hazırlanmış "Konstitusiya Məhkəməsi
haqqında", "Məhkəmələr və hakimlər
haqqında", "Vəkillər və vəkillik fəaliyyəti
haqqında", "Prokurorluq haqqında", "Polis
haqqında", "Əməliyyat-axtarış tədbirləri
haqqında", "Notariat haqqında" və digər
qanunların qəbulu məhkəmə-hüquq islahatları
sırasında xüsusi əhəmiyyətə malikdir.
20 illik müstəqillik dövründə
Azərbaycanın ən mühüm uğurlarından biri də
ölkədə müstəqil məhkəmə hakimiyyətinin
formalaşmasıdır. Böyük öndərin 1998-ci il 1
dekabr tarixdə imzaladığı "Məhkəmələr
və hakimlər haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi və məhkəmə
islahatlarının həyata keçirilməsi barədə fərmanı
respublikada yeni məhkəmə sisteminin formalaşmasına
mühüm töhfə olmuşdur. Dövrün tələbindən
irəli gələn bu dəyişikliklər məhkəmələrin
işinin təkmilləşdirilməsinə, onların fəaliyyətində
şəffaflığın geniş təminatına, hakimlərin
seçilməsi qaydalarının mütərəqqi dəyərlərə
uyğunlaşdırılmasına, işində səhlənkarlığa,
sui-istifadə hallarına yol verən və qanunçuluğu
düzgün tətbiq etməyən hakimlər barədə
intizam məsuliyyətinin gücləndirilməsi məqsədinə
xidmət etmişdir.
Azərbaycanda müstəqil dövlətçilik
ənənələrini formalaşdıran Heydər Əliyev müəllifi olduğu inkişaf
strategiyasının davamlılığını təmin
etmiş, parlaq zəkası hesabına respublikamızın gələcək
uğurlarına təminat yaratmışdır. Əsası
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş islahatları uğurla davam etdirən dövlət
başçısı İlham Əliyev sosial-iqtisadi
inkişafın yeni keyfiyyət mərhələsində
hüquq-mühafizə orqanlarında liberal islahatların dərinləşdirilməsini
son dərəcə vacib sayır. Ötən 8 ildə məhkəmə
sisteminin yeni dövrün tələblərinə uyğun
müasirləşdirilməsi, obyektiv və şəffaf
şəraitdə peşəkar hakim korpusunun
formalaşdırılması, məhkəmə
orqanlarının fəaliyyətində şəffaflığın
təmin edilməsi məqsədinə xidmət edən
mütərəqqi islahatlar ötən illər ərzində
uğurla davam etdirilmişdir.
Yalnız 2010-cu ildə regionlarda və
paytaxtda yeni məhkəmələrin yaradılması, həmçinin
məhkəmələrdə hakimlərin sayının
artırılması istiqamətində mühüm
addımlar atılmışdır. Məhkəmələrdə
iş yükünün çoxluğu nəzərə
alınaraq Məhkəmə-Hüquq Şurasının təklifi
ilə hakimlərin sayı bu il 25 faiz, məhkəmə
aparatı işçilərinin sayı 60 faizədək
artırılmış, hər bir hakim üçün əlavə
köməkçi ştatı təsis olunmuşdur.
Xatırlatmaq yerinə düşər ki, məhkəmələrdə
hakimlərin sayca azlığının ədalət
mühakiməsinin keyfiyyətlə və nəzərdə
tutulmuş vaxtda həyata keçirilməsində
başlıca çətinliklərdən biri olduğunu nəzərə
alan Prezident İlham Əliyevin 2006-cı il 17 avqust tarixli
"Azərbaycan Respublikası məhkəmələri hakimlərinin
sayının artırılması və məhkəmələrin
ərazi yurisdiksiyasının müəyyən edilməsi
haqqında" fərmanı ilə respublika məhkəmələri
hakimlərinin sayı 157 ştat vahidi
artırılmışdır. Ötən il Məhkəmə-Hüquq
Şurası tərəfindən həyata keçirilən tədbirlər
də məhz hakim vəzifəsinə seçkilərin
tamamilə azad, obyektiv və ədalətli keçirilməsinə,
bu məsul vəzifəyə layiqli insanların seçilməsinə
xidmət etmişdir. Hakimliyə namizədlərin seçilməsi
kimi mühüm vəzifəni yerinə yetirən Hakimlərin
Seçki Komitəsinin məqsədyönlü fəaliyyətinin
nəticəsi kimi 2010-cu il daha 78 nəfər hakimliyə namizəd
şəffaf və mütərəqqi üsulla seçilərək
hakim vəzifələrinə təyin olunmuşlar.
Dövlət başçısı
İlham Əliyevin 2010-cu il 22 iyun tarixli fərmanı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasının məhkəmə
sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi
tədbirlər və "Məhkəmələr və hakimlər
haqqında" və "Məhkəmə-Hüquq
Şurası haqqında" Azərbaycan Respublikasının
qanunlarına dəyişikliklər və əlavələr
edilməsi barədə" qanunu xüsusi qeyd etmək
lazımdır. Qanunla yerli iqtisad məhkəmələrinin
bazasında inzibati-iqtisadi məhkəmələr
yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 15 iyul tarixli "Azərbaycan Respublikasının məhkəmə
sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi
tədbirlər və "Məhkəmələr və hakimlər
haqqında" və "Məhkəmə-Hüquq
Şurası haqqında" Azərbaycan Respublikasının
qanunlarına dəyişikliklər və əlavələr
edilməsi barədə" Azərbaycan Respublikasının
2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununun tətbiq
edilməsi haqqında" fərmanına əsasən,
Ağır Cinayətlərə Dair İşlər üzrə
Azərbaycan Respublikasının Məhkəməsi əsasında
Bakı Ağır Cinayətlər Məhkəməsi, habelə
Lənkəran, Gəncə, Şəki ağır cinayətlər
məhkəmələri yaradılmışdır.
Fərmanla 1 və 2 saylı Bakı, Gəncə,
Sumqayıt, Şəki, habelə Naxçıvan iqtisad məhkəmələrinin
bazasında inzibati-iqtisadi məhkəmələr
yaradılmış, onların sədrləri və hakimləri
təyin olunmuşdur. 2011-ci il yanvarın 1-dən
iqtisadi-inzibati işlərə məhz yeni
yaradılmış inzibati-iqtisadi məhkəmələrdə
baxılır. Bu isə iqtisadi xarakterli mübahisələrin
ixtisaslaşmış birinci məhkəmə
instansiyasında tam, ədalətli, obyektiv
araşdırılmasına, qanunamüvafiq şəkildə
baxılmasına, ədalət mühakiməsinin səmərəliliyinin
artırılmasına xidmət edir.
Prezident İlham Əliyevin 2010-cu il 9
avqust tarixli "Məhkəmə quruluşunda bəzi dəyişikliklər,
hakimlərin ümumi sayı və məhkəmələrin ərazi
yurisdiksiyası haqqında" fərmanı da Azərbaycan
Respublikasında məhkəmə quruluşunu təkmilləşdirmək
məqsədi daşıyır. Fərmanla respublikanın məhkəmə
sisteminə daxil olan məhkəmələrin hakimlərınin
ümumi sayı 600 nəfər müəyyən
olunmuşdur. Şübhəsiz, hakim korpusunun sayının
artırılması respublikamızda ədalət mühakiməsinin
demokratikliyinin, şəffaflığının, obyektivliyinin
təmini istiqamətində mühüm addımdır. Fərmanla
Ağır Cinayətlərə Dair İşlər üzrə
Azərbaycan Respublikasının Hərbi Məhkəməsi,
Ağdam Hərbi Məhkəməsi, Qazax Hərbi Məhkəməsi,
Lənkəran Hərbi Məhkəməsi və Sumqayıt Hərbi
Məhkəməsi ləğv edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 26
oktyabr 2010-cu il tarixli "Azərbaycan Respublikasının bir
sıra birinci instansiya məhkəmələri hakimlərinin
təyin edilməsi haqqında" sərəncamı ilə
yeni yaradılmış Bakı, Gəncə, Lənkəran və
Şəki ağır cinayətlər məhkəmələrinə,
inzibati-iqtisadi məhkəmələrə, o cümlədən
bir sıra birinci instansiya məhkəmələrinə yeni
hakimlər təyin olunmuşdur. Möhtərəm Prezidentin
2010-cu il 13 dekabr tarixli "Ağır cinayətlər məhkəmələrinin,
inzibati-iqtisadi məhkəmələrin və bir sıra digər
birinci instansiya məhkəmələrinin sədrlərinin təyin
edilməsi haqqında", habelə "Bir sıra birinci
instansiya məhkəmələri hakimlərinin vəzifələrinin
dəyişdirilməsi haqqında" sərəncamları
da bu baxımdan böyük razılıq və minnətdarlıq
hissi ilə qarşılanmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin
29 dekabr 2010-cu il tarixli "Azərbaycan Respublikası Ali Məhkəməsinin
məhkəmə kollegiyaları sədrlərinin təyin
edilməsi haqqında" sərəncamı ilə Ali Məhkəmənin
kollegiya sədrləri vəzifələrinə təyin
olunmuşlar. Şübhəsiz, kollegiya sədrləri təyin
edilmiş şəxslər dövlət
başçısının bu yüksək etimadını
doğrultmaq, insan və vətəndaş hüquq və
azadlıqlarının məhkəmələrdə
etibarlı şəkildə qorunmasını təmin etmək
üçün səylə çalışırlar.
Müstəqillik illərində həyata
keçirilən demokratik ruhlu islahatlar göstərir ki, Azərbaycanda
məhkəmə orqanlarının nüfuzlu və müstəqil
hakimiyyət qolu kimi təşəkkül tapması, ədalət
mühakiməsinin reallaşdırılması zamanı insan
hüquq və azadlıqlarının müdafiəsinin
yüksək səviyyədə təşkili, peşəkar
hakim korpusunun formalaşdırılması, məhkəmələrin
fəaliyyətində şəffaflığın,
obyektivliyin təmini və digər mühüm məsələlərin
həlli ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
Əminliklə söyləmək olar ki, inamla həyata
keçirilən məhkəmə və ədliyyə
islahatları respublikada qanunçuluğun, hüquq
qaydalarının daha da möhkəmlənməsinə, habelə
Azərbaycanın beynəlxalq arenadakı demokratik imicinin
yüksəlməsinə xidmət edir.
Hikmət
MİRZƏYEV,
Azərbaycan
Respublikası
Ali Məhkəməsinin
inzibati-iqtisadi
kollegiyasının
sədri
Azərbaycan.-2011.-2
oktyabr.-S.4.