Azərbaycan Prokurorluğu
dövlətçiliyin maraqlarına xidmət edən təsisat kimi ulu öndər
Heydər Əliyev siyasəti və qayğısı nəticəsində
təkmilləşmişdir
Müasir
və müstəqil Azərbaycanın ən yeni tarixinin
yaradıcısı ulu öndər Heydər Əliyevin 1998-ci
il 17 iyul tarixli sərəncamına müvafiq olaraq hər il
oktyabr ayının 1-i Prokurorluq işçilərinin peşə
bayramı günü kimi qeyd edilir.
Oktyabrın 1-də Baş Prokurorluqda
"1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu
işçilərinin peşə bayramı günü" və
milli prokurorluğun yaradılmasının 93-cü
ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Tədbirdə Baş Prokurorluğun,
Respublika Hərbi və Bakı şəhər prokurorluğu
orqanlarının nümayəndələri iştirak
etmişlər.
Mərasimdə məruzə ilə
çıxış edən baş prokuror Zakir Qaralov, ilk
növbədə, Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin iyirminci ildönümü ərəfəsinə
təsadüf edən peşə bayramı günü
münasibətilə prokurorluq orqanlarının bütün əməkdaşlarını
və təqaüddə olan veteranları təbrik
etmişdir. Z.Qaralov xüsusi vurğulamışdır ki, Azərbaycan
Prokurorluğunun sivil və demokratik məzmunda yenidən
formalaşması, müstəqil dövlətçiliyin
maraqlarına xidmət edən dövlət təsisatı
kimi təkmilləşməsi
ümummilli lider Heydər Əliyevin dövlətçilik
siyasəti nəticəsində mümkün olmuşdur.
Hər bir prokurorluq əməkdaşında
qürur hissi doğuran haldır ki, Xalq Cümhuriyyətinin
qısa müddətli fəaliyyəti zamanı tam
formalaşa bilməyən, Sovetlər İttifaqının tərkibində
ideoloji mənafelərə xidmət göstərən,
müstəqilliyimizin bərpasının ilk illərində
işini qanun çərçivəsində qura bilməyən
Azərbaycan Respublikası Prokurorluğu yalnız
xalqımızın ümummilli lideri Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra və onun hakimiyyətdə olduğu
1993-2003-cü illər ərzində cəmiyyətdə
öz layiqli yerini tutmağa nail olmuş, dövlətçiliyimizin
sütunlarından hesab edilən mühüm dövlət təsisatlarından
birinə çevrilmişdir. Müasir Azərbaycan
Prokurorluğu iyirmi illik tarixi olan müstəqillik illərində
Heydər Əliyevin dövlət quruculuğu siyasətinin
uğurla reallaşdırılmasının nəticəsi
olaraq bugünkü səviyyəyə
çatmışdır.
Azərbaycan Prokurorluğunun demokratik məzmunda
yeniləşməsi və fəaliyyətinin təkmilləşməsi
işində ümummilli lider Heydər Əliyevin prokurorluq
orqanlarının rəhbər işçiləri ilə
2000-ci il aprelin 26-da
keçirdiyi görüşün müstəsna əhəmiyyəti
xüsusi qeyd edilmişdir.
Heydər Əliyev ideyalarını
öz dövlətçilik siyasətinin təməl
daşı kimi qəbul edən və möhtəşəm
praktiki fəaliyyətini həmin ideyaların
reallaşdırılmasına istiqamətləndirən
Prezident İlham Əliyev tərəfindən 2003-cü ildən
başlayaraq, cinayətkarlığa və kriminal xarakterli
bütün mənfi təzahürlərə qarşı
mübarizənin yeni müstəviyə
qaldırılması, bu sahədə işin təşkilinə
məsul olan hüquq-mühafizə, xüsusi xidmət, ədliyyə
və məhkəmə orqanları, o cümlədən
prokurorluğun fəaliyyətinin sivil məzmunda müasirləşdirilməsi
və yeniləşdirilməsi, onların maddi-texniki
bazasının möhkəmləndirilməsi və əməkdaşlarının
hərtərəfli dövlət qayğısı ilə əhatə
olunması üçün məqsədyönlü
addımlar atılır. Bu gün dövlət
başçısının dəstəyi ilə prokurorluqda
yeni müstəvidə davam etdirilən müasir məzmunlu
islahat tədbirlərinin nəticəsidir ki, zamanın ruhuna və
yeni reallıqlara uyğun olaraq prokurorluq orqanlarının
statusu, səlahiyyətləri və fəaliyyətində
köklü dəyişikliklər baş vermişdir. Kadr
siyasətində ciddi dönüş yaradılmaqla şəffaflığın
təmin edilməsi, elmi-texniki nailiyyətlərin tətbiqi,
maddi-texniki bazanın və əməkdaşların sosial
müdafiəsinin gücləndirilməsi, işin səmərəliliyini
artırmağa və mövcud
çatışmazlıqları təxirə salınmadan
aradan qaldırmağa təminat verən icra və nəzarət
mexanizminin yaradılması istiqamətində kompleks tədbirlər
həyata keçirilmişdir.
Xüsusi vurğulanmışdır ki,
dövlətimizin başçısı İlham Əliyevin
2008-ci il 27 sentyabr tarixli sərəncamı ilə "Azərbaycan
Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə
dair 2009-2011-ci illər üçün Dövlət
Proqramı"nın təsdiq edilməsi milli prokurorluq
orqanlarının hərtərəfli müasirləşməsi
və işinin tam yeni müstəvidə qurulması
baxımından müstəsna əhəmiyyətə malik
bir addım olmuşdur. Üç illik müddət ərzində
yeni təkmilləşmə və inkişafın, hərtərəfli
müasirləşdirmə dövrünün əsasını
qoyan bu proqram ölkənin hüquq sistemində
prokurorluğun rolunun artırılması, digər
hüquq-mühafizə orqanları ilə
qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi,
müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə
olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya
sisteminin yaradılması, bütün istiqamətlər
üzrə işin səmərəliliyinin və əməkdaşların
peşəkarlığının yüksəldilməsi, yeni
nəsil prokurorluq işçilərinin formalaşdırılması,
onların sosial müdafiəsinin gücləndirilməsi və
prokurorluğun maddi-texniki təminatının
yaxşılaşdırılması istiqamətində konkret
tədbirlərin həyata keçirilməsi ilə nəticələnmişdir.
Prokurorluq orqanları tərəfindən
korrupsiyaya qarşı mübarizənin yeni müstəvidə
daha səmərəli təşkilinin təmin edilməsinin
Prokurorluğun qarşısında duran əsas vəzifələrdən
biri kimi müəyyənləşdirilməsi ilə əlaqədar
Prezident İlham Əliyevin siyasi iradəsinə müvafiq surətdə,
MDB məkanında, habelə Azərbaycan Prokurorluğunun tarixində
ilk dəfə olaraq prokurorluğa əməliyyat-axtarış
fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin
verilməsi, işçilərinin say tərkibi və vəzifə
maaşlarının əhəmiyyətli dərəcədə
artırılması, ixtisaslaşmış antikorrupsiya qurumu
kimi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə
idarəsinin fəaliyyətinin daha səmərəli və
çevik təşkili, korrupsiya cinayətlərinin
qarşısının alınması, aşkar edilməsi və
istintaqı ilə əlaqədar zəruri tədbirlərin
görülməsi üçün hərtərəfli zəmin
yaratmışdır.
Bildirilmişdir ki, prokurorluğun
kollektivi və hər bir əməkdaş prokurorluğa
dövlət səviyyəsində, Azərbaycan Prezidenti tərəfindən
göstərilən etimadın məsuliyyətini dərindən
dərk etməklə, işlərini həmin etimada layiq səviyyədə
qurmaq, prokurorluqda formalaşmış sağlam iş
mühitini daha da möhkəmləndirmək, cəmiyyətdə
prokurorluğa artan ictimai etimadı qoruyub saxlamaq
üçün bütün qüvvələrini səfərbərliyə
almışdır.
Müstəqillik illərində
icrası üçün əsrlər tələb olunan
möhtəşəm işlər görülmüş,
bütövlükdə Azərbaycanın və
ayrı-ayrılıqda hər bir regionun hərtərəfli
sosial-iqtisadi tərəqqisinə nail olunmuş, ölkəmizdə
sivil, demokratik, hüquqi dövlət və vətəndaş
cəmiyyəti formalaşdırılmış, vətəndaşların
hüquqları real təmin edilmiş, dönməz və
dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlıq
şəraiti yaradılmışdır. Dünyanı
bürüyən böhran şəraitində iqtisadi
inkişaf göstəricilərinə görə beynəlxalq
aləmdə aparıcı mövqelərini qoruyub saxlayan Azərbaycanın
qazandığı uğurların əsasında Heydər Əliyev
ideyalarından qaynaqlanan, dövlətimizin
başçısı İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən yeni məzmunlu müstəqil,
praqmatik, insanpərvər və ən əsası
proqnozlaşdırılan müdrik daxili və xarici siyasət
durur.
Diqqətə
çatdırılmışdır ki, hər bir Azərbaycan
vətəndaşı, habelə prokurorluq orqanlarının əməkdaşı
tərəfindən dövlət müstəqilliyimizin qorunub
saxlanılması, bu müstəqilliyin əsas təminatlarından
olan ictimai-siyasi sabitliyin möhkəmlənməsi, ölkəmizin
daha da qüdrətlənməsi üçün səlahiyyət
hədləri daxilində zəruri tədbirlərin
görülməsi təmin olunmalıdır. Əminlik ifadə
olunmuşdur ki, öz peşə bayramını qeyd edən
prokurorluq orqanları həmişə ölkəmizdə həyata
keçirilən yeni məzmunlu mütərəqqi
islahatların reallaşdırılması istiqamətində
xidmət göstərəcək, digər dövlət təsisatları
ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin,
dövlətçiliyimizin maraqlarının cinayətkar qəsdlərdən
qorunması, cinayətkarlığa qarşı mübarizə
və vətəndaşların hüquq və
azadlıqlarının müdafiəsi işində
yaxından iştirak edəcəkdir.
Sonda baş prokuror Zakir Qaralov xidmətdə fərqlənən bir qrup əməkdaşa
"Prokurorluğun fəxri işçisi" döş
nişanı, Fəxri fərmanlar, qiymətli hədiyyələr
və rütbə dərəcələri təqdim
etmişdir.
Mərasimin sonunda Azərbaycan
Respublikası Prokurorluğunun kollektivi adından dövlət
başçısı İlham Əliyevə müraciət qəbul
edilmişdir.
AzərTAc
Azərbaycan.-2011.-2
oktyabr.-S.5.