Baş Prokurorluqda müsabiqə yolu
ilə prokurorluq orqanlarında qulluğa qəbul edilmiş gənc
əməkdaşların andiçmə mərasimi
keçirilmişdir
Oktyabrın
1-də - Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpa edilməsinin iyirminci
ildönümü ərəfəsində
Baş Prokurorluqda müsabiqə yolu ilə prokurorluq
orqanlarında qulluğa qəbul edilmiş gənc əməkdaşların
andiçmə mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, Baş
Prokurorluğun müsabiqə komissiyasının üzvləri
və müsabiqə yolu ilə prokurorluqda qulluğa qəbul
edilmiş gənclər əvvəlcə xalqımızın
ümummilli lideri Heydər Əliyevin məzarını və
Şəhidlər xiyabanını ziyarət etmiş, ulu
öndərimizin və xalqımızın müstəqilliyi
uğrunda canlarından keçmiş qəhrəman Vətən
oğullarının əziz və unudulmaz xatirəsini yad
etmişlər.
Mərasimdə çıxış edən
baş prokuror Zakir Qaralov demişdir ki, prokurorluğun kadr tərkibinin
formalaşdırılmasının yeganə düzgün yolu
kimi beynəlxalq standartlara uyğun şəffaf prosedur əsasında
gənc mütəxəssislərin işə qəbulu,
memarı ümummilli liderimiz Heydər Əliyev olan və
Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə
uğurla davam etdirilən hərtərəfli məhkəmə-hüquq
islahatları nəticəsində mümkün olmuşdur. Azərbaycan
Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq
edilmiş "Prokurorluğa işə qəbul olunmaq
üçün namizədlərlə müsabiqə
keçirilməsi qaydaları haqqında" Əsasnaməyə
uyğun olaraq, tam aşkarlıq şəraitində, şəffaf
prosedurlarla, ciddi ictimai nəzarət altında, beynəlxalq və
qeyri-hökumət təşkilatlarının nümayəndələrinin
müşahidəsi ilə keçirilən müsabiqədə
seçilən ən layiqli namizədlər müxtəlif vəzifələrə
təyinatlar almışlar.
Qeyd edilmişdir ki, prokurorluq
orqanlarında işləmək üçün Baş
Prokurorluğun Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası ilə əlaqəli şəkildə
keçirdiyi qəbul prosesində iştirak etmiş gənc
hüquqşünaslar arasından seçilmiş 108 namizədin
andiçmə mərasimi müstəqil Azərbaycan
Respublikasının inkişaf tarixinin ən yeni yüksəliş
dövrünə, dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümünün təntənə ilə qeyd
olunduğu ərəfəyə təsadüf edir. Bu gün
dünyada analoqu olmayan çox yüksək sürətlə
inkişaf edən Azərbaycanda dövlət
başçısı İlham Əliyevin rəhbərliyi
altında böyük quruculuq işləri həyata
keçirilir, əhalinin sosial rifah halı daha da
yaxşılaşır, regionun aparıcı dövlətinə
çevrilən ölkəmizin iqtisadi qüdrəti möhkəmlənir,
demokratik dəyərlərə əsaslanan dünyəvi və
hüquqi dövlət quruculuğunun tam yeni məzmunlu bir mərhələyə
qaldırılması istiqamətində möhtəşəm
işlər görülür.
Xüsusi vurğulanmışdır ki,
gənclərə hərtərəfli qayğı və diqqət
göstərilməsi, onların problemlərinin həlli
istiqamətində bütün dövlət təsisatları
tərəfindən zəruri tədbirlərin görülməsi,
ölkə həyatının bütün sahələrində
gənclərin əməyindən hərtərəfli istifadə
olunması Prezident İlham Əliyevin rəhbərliyi
altında ölkəmizdə həyata keçirilən
dövlətçilik siyasətinin prioritet istiqamətlərindəndir.
Diqqətə
çatdırılmışdır ki, ulu öndər Heydər
Əliyevin sədrliyi ilə
2000-ci il aprelin 26-da keçirilən müşavirədə
əsası qoyulmaqla, prokurorluqda bu gün də uğurla davam
etdirilən hərtərəfli islahatlar prosesinin ən
mühüm istiqamətlərindən biri kimi müsabiqə
yolu ilə qulluğa qəbula alternativ ola bilməz və bu
yol prokurorluğun kadr tərkibinin komplektləşdirilməsinin
ən demokratik və mütərəqqi vasitəsidir. 2002-ci
ildən başlayaraq keçirilən müsabiqələr nəticəsində
işə qəbul edilmiş 499 gənc mütəxəssis
hazırda prokurorluq işçilərinin ümumi
sayının 50 faizini təşkil edir. Müsabiqə yolu ilə
ilkin qəbulların nəticələrinə görə
prokurorluqda qulluğa qəbul edilməklə fəaliyyətləri
dövründə xidməti vəzifələrinə
vicdanlı münasibətləri və peşə
hazırlığı səviyyəsinə görə
seçilən gənc mütəxəssislər vəzifədə
irəli çəkilmiş, o cümlədən Baş
Prokurorluğun mühüm qurumlarına təyinatlar
almışlar.
Prokurorluq işçiləri
üçün çox əlamətdar hadisə olan bu tədbirin
əhəmiyyətini xüsusi vurğulayan müsabiqə
komissiyasının sədri, baş prokurorun müavini Namiq Əsgərov
komissiyanın fəaliyyəti və müsabiqənin
keçirilməsi ilə bağlı mərasim
iştirakçılarına ətraflı məlumat
vermişdir.
Daha sonra prokurorluqda qulluğa qəbul
olunmuş gənclərin vəzifələrə təyin
edilməsi barədə əmr elan edilmiş, işə qəbul
olunanlar Azərbaycanın dövlət bayrağı
önündə təntənəli surətdə and
içmişlər. Baş prokuror onlara xidməti vəsiqələr
təqdim etmişdir.
Mərasimdə çıxış edən
gənclər prokurorluğa işə qəbulun obyektiv, ədalətli
və beynəlxalq tələblərə uyğun
keçirilməsinə yaradılmış şəraitə
görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını
çatdırmış və onlara göstərilən
yüksək etimadı doğruldacaqlarına söz vermişlər.
Yekunda baş prokuror Zakir Qaralov prokurorluğa
qulluğa qəbul olunan gənc mütəxəssisləri
stajçı-prokurorluq işçisi kimi müxtəlif
qurumlara təyinat almaları münasibətilə təbrik
etmiş, onların fəaliyyətləri dövründə
prokurorluq işçisinin şərəfini həmişə
uca tutacaqlarına əmin olduğunu bildirmişdir.
Diqqətə
çatdırılmışdır ki, stajkeçmə
müddətində gənclər öz biliklərini daha da təkmilləşdirməli,
"Prokurorluq haqqında" qanunda nəzərdə
tutulmuş fəaliyyət istiqamətləri üzrə
işi hərtərəfli öyrənməli, müasir
texniki vasitələrdən, ilk növbədə, kompyuter texnikasından
istifadə vərdişlərini daha da təkmilləşdirməli,
xarici dilləri mükəmməl mənimsəmək
üçün səylə
çalışmalıdırlar.
Mərasim iştirakçıları
adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
müraciət qəbul edilmişdir.
Azərbaycan.-2011.-2
oktyabr.-S.5.