Milli Məclisin Aqrar siyasət komitəsinin üzvləri Sabirabadda olmuşdular
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, komitənin üzvləri və ekspert qrupu Sabirabad rayonunun Çölbeşdəli və Axısxa kəndlərində təşkil edilmiş istehsal kooperativlərinin üzvləri ilə görüşmüşlər.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Milli Məcilisin deputatlarını və qonaqları salamlamış, görüşün əhəmiyyətindən danışmışdır. 1996-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilmiş aqrar islahatlardan geniş söhbət açan N.İsmayılov hazırlanan "Kooperativlər haqqında" qanunun mükəmməl olması üçün belə görüşlərin çox faydalı olduğunu bildirmişdir.
Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov səfərlərinin əsas məqsədinin Milli Məclisdə ilk oxunuşdan keçmiş "Kooperativlər haqqında" qanunun daha işlək və faydalı olması üçün yenicə yaranmış kooperativ üzvlərinin fikir və mülahizələrini öyrənmək olduğunu demişdir. Bu qanun layihəsi barədə geniş məlumat verən komitə sədri gələcəkdə kənd təsərrüfatının inkişafında kooperativlərin böyük əhəmiyyət kəsb edəcəyini xüsusi vurğulamışdır.
Sonra geniş fikir mübadiləsi aparılmışdır. "Axısxa" istehsal kooperativinin sədri Hətəmşah Məcidov mövcud çətinliklərdən danışmışdır. Rəhbərlik etdiyi ictimai təsərrüfatda 71 ailənin birləşdiyini və 307 hektar əkin sahəsinin olduğunu deyən H.Məcidov torpağın meliorativ cəhətdən yaxşılaşdırılması, keyfiyyətli toxumun əldə olunması, istehsal edilmiş məhsulların bazara çıxarılması, emal müəssisələrinin yaradılması sahəsində qarşılaşdıqları problemlərdən danışmışdır.
Çölbeşdəli kənd istehsal kooperativinin sədri İlyas Nağdəliyev öhdələrində 450 hektar torpaq sahəsinin olduğunu və yüksək məhsuldarlığa nail olmaq üçün kooperativə maliyyə dəstəyinin vacibliyini qeyd etmişdir.
Kənd sakinləri Teymurbəy Seyidov, Murad Coşqunov uzun illər rahat yol üzünə həsrət qaldıqlarından, dövlət başçısının tapşırığı ilə iki ay öncə onların kəndlərinə də asfalt yol çəkildiyindən iftixarla söz açmış, bütün bunlara və həmçinin Sabirabadı böyük abadlıq və quruculuq meydanına çevirdiyinə görə yerli əhali adından Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.
Lazım QULİYEV
Azərbaycan.- 2011.-1 oktyabr.- S. 2.