Berlində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişdir

 

Sentyabrın 29-da Almaniya Federativ Respublikasının paytaxtı Berlində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Heydər Əliyev Fondunun və ölkəmizin Almaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə təşkil olunmuş mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva iştirak etmişdir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Almaniyanın Tarix muzeyinə gəldi.

Burada Mehriban xanım Əliyevanın Almaniyanın birinci xanımı Bettina Vulf ilə görüşü oldu.

Görüşdə Bettina Vulf Mehriban Əliyevanı ölkəsində görməkdən məmnun olduğunu dedi.

Almaniyanın birinci xanımı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş mərasim üçün Berlinin seçilməsinə görə təşəkkürünü bildirdi.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu tədbirə verdiyi dəstəyə və müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş mərasimdə iştirakına görə Almaniyanın birinci xanımına minnətdarlıq etdi. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin Almaniyada təbliği baxımından bu mərasimin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.

Sonra Mehriban xanım Əliyeva İkinci Dünya müharibəsi illərində dağıdılmış və yandırılmış Berlin qəsrinin bərpası ilə bağlı başlanan ianə kampaniyasına Heydər Əliyev fondunun töhfəsi olaraq 50 min avro məbləğində pul çekini Berlin qəsrinin rəhbərliyinə təqdim etdi.

Berlin qəsrinin rəhbərliyi Heydər Əliyev Fondunun bu dəstəyinə görə Azərbaycanın birinci xanımı, Fondun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirdi və ona xatirə hədiyyəsi təqdim etdi.

 

* * *

 

Görüşdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Almaniya Prezidentinin xanımı Bettina Vulf təntənəli mərasimə xüsusi ovqat bəxş edən Azərbaycan sərgisinə gəldilər.

Burada Azərbaycan nəşrinin alman dilində dərc olunan versiyasının təqdimatı keçirildi.

Sərgidə Heydər Əliyev Fondunun Azərbaycanla bağlı müxtəlif mövzulara həsr edilən kitab, buklet və digər nəşrləri də nümayiş olunur.

Mehriban Əliyeva və Bettina Vulf Azərbaycan xalçalarının sərgisinə baxdılar.

Coğrafi mövqeyinə, naxış, kompozisiyasına, rəng həlli və texniki xüsusiyyətlərinə görə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətlərinin təmsil olunduğu bu sərgidə nümayiş etdirilən xalçalar ziyarətçilərdə böyük maraq doğurdu. Sərgidə nümayiş edilən Qarabağ xalçaçılıq məktəbinin nümunələri Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha təsdiqlədi.

Qədim milli misgərlik nümunələrinin də nümayiş olunduğu bu sərgidən göründü ki, Azərbaycanda xalçaçılığın çox qədim inkişaf tarixi vardır.

 

* * *

 

Sonra təntənəli mərasim başladı.

Mərasimi açan Almaniyanın tanınmış teleaparıcısı Yens Riva bu tədbirin əhəmiyyətini vurğuladı, Azərbaycan, onun sahib olduğu mədəni dəyərlər haqqında tamaşaçılara ətraflı məlumat verdi.

Yens Riva "Evrovision-2011" Beynəlxalq mahnı müsabiqəsində Azərbaycanın qələbəsi münasibətilə təbriklərini çatdırdı və gələn il bu müsabiqənin Bakıda keçiriləcəyini dedi. O, Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünün Almaniyada qeyd olunmasını mühüm hadisə adlandırdı.

Bettina Vulf qonaqları salamlayaraq Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Almaniyada görməkdən məmnun olduğunu bildirdi.

Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Almaniyanın birinci xanımı bildirdi ki, Almaniya ilə Azərbaycan arasında mədəni əlaqələr də uğurla inkişaf edir.  2008-ci ildə Almaniyada Azərbaycan günlərinin, keçən il isə Azərbaycanda Almaniya həftəsinin keçirilməsi bu əlaqələrin səviyyəsinin göstəricisidir.

"Ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir", - deyən Bettina Vulf sentyabrın 29-da Berlində açılan Azərbaycan sərgisini yüksək qiymətləndirdi. Bu  sərginin ölkəmizin malik olduğu mədəni sərvətlərin təbliği baxımından böyük önəm daşıdığını vurğuladı.

Azərbaycanın birinci  xanımı Mehriban Əliyeva mərasimdə çıxış etdi.

Ölkəmizin dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş mərasimdə qonaqları salamlayan Mehriban xanım Əliyeva bu gecədə iştirak etdiyinə görə Almaniyanın birinci xanımı Bettina Vulfa minnətdarlığını bildirdi. Mehriban xanım Əliyeva vurğuladı ki, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan bu mərasimin əsas məqsədi Azərbaycanın keçmişinibu gününü, 20 il ərzində əldə etdiyi uğurları dünya ictimaiyyətinə çatdırmaqdır.

Birinci xanım Mehriban Əliyeva dedi: "Bu 20 il ərzində biz böyük nailiyyətlər əldə etmişik. Biz tamamilə yeni siyasiiqtisadi sistem quraraq sürətlə inkişaf edirik. Azərbaycan bu gün bölgənin aparıcı dövlətidir. Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür. Bölgədə həyata keçirilən bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı və təşəbbüsü ilə reallaşır.

Son illər iqtisadi templərin artımına görə Azərbaycan dünyanın lider ölkələri sırasındadır. Avropa İttifaqı bu gün Azərbaycanı enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaş kimi tanıyır. Azərbaycan Avropanın neftqaz ilə təminatında öz rolunu oynamağa hazırdır.

Sürətli inkişaf bu gün ölkəmizin bütün sahələrini əhatə edir. Bizim ən böyük sərvətimiz mədəni irsimizdir, Azərbaycanın xalçaçılıq məktəbi, təsviri sənəti, ədəbiyyatı, musiqisi, tarixi və memarlıq abidələridir. Bu gün ölkədə xüsusi Dövlət Proqramına əsasən teatrlar və muzeylər bərpa olunur, yeni mədəniyyət mərkəzləri açılır. Abidələr dövlət tərəfindən qorunur".

Bu gün Azərbaycanda sosialyönümlü siyasətin aparıldığını, son illər ərzində 2 mindən çox yeni məktəb binasının inşa olunduğunu, 900 mindən çox yeni yerinin açıldığını, yoxsulluğun səviyyəsinin kəskin azaldığını deyən Azərbaycanın birinci xanımı ölkəmizin bütün bu nailiyyətləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi şəraitində əldə etdiyini xüsusi vurğuladı.

Heydər Əliyev Fondunun prezidenti yaxın gələcəkdə bu münaqişənin ədalətli, sülh yolu ilə həllini tapacağına ümidvar olduğunu bildirdi.

Azərbaycan ilə  Avropa İttifaqı və bu quruma üzv ölkələr arasında əməkdaşlıqdan danışan Mehriban xanım Əliyeva dedi ki, burada Almaniya ilə əlaqələr xüsusi yer tutur.

Azərbaycanın birinci xanımı bugünkü axşamın da dostluq əlaqələrimizin gücləndirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.

 

* * *

 

Sonra Almaniyanın Tarix muzeyində Azərbaycan incəsənət ustalarının xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə möhtəşəm konsert proqramı oldu.

Bu dəfə Azərbaycan mədəniyyəti artıq Almaniya paytaxtını fəth edirdi. İyirmi ildir dünyada öz sürətli inkişafı ilə öyünən ölkəmizin uğurlarını mədəniyyətin, musiqinin, bir sözlə, hamının başa düşdüyü dildə təqdim etməsi heç də təsadüfi deyildir. Çünki bu təcrübə Azərbaycanın timsalında dəfələrlə uğurla sınaqdan çıxarılmış və mədəniyyətlərarası dialoq platformasının yaradılmasında strateji məkan funksiyasını həyata keçirən ölkəmiz artıq mədəni dəyərləri, zəngin musiqisi ilə dünyanın diqqətini çəkir. Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə xaricdə keçirilən mərasimlər ölkəmizin malik olduğu zəngin mədəniyyətin təbliği baxımından çox əhəmiyyətlidir. Odur ki, dünya mədəniyyətinin paytaxtı Parisdən sonra Moskvanın, daha sonra isə Berlinin seçilməsi bu ölkələrdə yaşayan insanları Azərbaycan haqqında daha çox məlumatlandırmaq və ictimai dairələrdə ölkəmiz barədə informasiya bolluğu yaratmaq istiqamətində mühüm addımdır.

* * *

 

Konsertdən sonra qonaqlara zəngin Azərbaycan mətbəxinin nümunələri təqdim olundu.

Beləliklə, Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünün Berlində qeyd olunması unudulmaz bayrama döndü. Burada nümayiş etdirilən mədəniyyət nümunələri isə mərasimə gələn hər bir kəsi Odlar diyarı Azərbaycan ilə daha yaxından tanış etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-1 oktyabr.- S.  3.