Qobustan sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyur
Ölkəmizin iqtisadi
uğurları və bu nailiyyətlərin
zaman-zaman daha da artması beynəlxalq müstəvidə Azərbaycanın
mövqeyinin möhkəmlənməsinə
təsir edir. Bütün
bunlar isə bir daha təsdiq edir ki, Azərbaycanın gələcək
perspektivləri çox ümidvericidir.
Son bir neçə ildə respublikamız dünya miqyasında iqtisadi
artım tempinə görə ən sürətlə inkişaf edən ölkə statusunu
uğurla daşımaqdadır. Ölkəmizdə
iqtisadi imkanların daha
da genişləndirilməsi üçün bütün
gərəkli tədbirlər həyata keçirilir.
Dövlət proqramları, layihələr uğurla
icra olunur. Təqdirəlayiq haldır ki, Azərbaycanın
güclənməsində regional inkişaf proqramının icrasının, o cümlədən respublikanın bütün bölgələrini əhatə
edən abadlıq-quruculuq işlərinin əhəmiyyəti böyükdür. Hər ötən ildə
qazanılan uğurlar növbəti ilin nailiyyətləri üçün
zəmin yaradır.
Bu gün Azərbaycanın
regionlarının yüksək inkişaf
tempini Qobustan rayonunun timsalında da
görmək mümkündür. Rayon abadlaşır, inkişaf
edir, yeni yüksəliş
dövrünü yaşayır.
Qobustanın mərkəzində və kəndlərində
görülən quruculuq işləri əhalinin
həyat səviyyəsinin yüksəlməsinə təsir edir.
Sentyabrın
13-də Azərbaycan Prezidenti İlham Əliyevin Qobustana
səfəri zamanı rayonda görülən
işlərlə bağlı razılığını
bildirməsi əhalinin ruh yüksəkliyini,
işgüzarlığını daha da artırıb. Ölkə rəhbəri rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşündə demişdir: "Qobustanda indi işlər yaxşı gedir.
Burada kənd təsərrüfatının
inkişafı üçün vəsait
ayrılır. Sahibkarlığa Kömək Milli
Fondunun xətti ilə kreditlər verilir. Bu gün
yeni taxıl anbarının
açılışında iştirak
etmişəm. Tingçilik inkişaf edir. Burada kənd təsərrüfatının
inkişafı üçün
yaxşı imkanlar vardır. O ki qaldı infrastruktur layihələrinə,
bu layihələr də icra
edilir. Yollar çəkilir
və çəkilməlidir. Qazlaşdırma gedir. Yeni qaz
xətləri çəkilir, məktəblər tikilir. Burada insanların rahat yaşaması üçün
lazım olan bütün
işlər görülür".
Rayon ictimaiyyətinin hələ də ölkə rəhbərinin
səfərinin müsbət ovqatı ilə yaşadığını
bildirən Qobustan RİH
başçısı Adil Məmmədov
xüsusi vurğuladı ki,
dövlət başçısının hər xoş sözü bizim üzərimizə daha
böyük məsuliyyət qoyur.
Çalışırıq ki, cənab Prezidentin bütün
tapşırıq və tövsiyələrini vaxtında, məsuliyyətlə
yerinə yetirək.
Qobustanda söhbət etdiyimiz
insanlar da dövlət
başçısının rayona səfərindən
böyük minnətdarlıq hissi ilə danışırdılar. Rayon sakinləri ölkə rəhbərinin
bölgələrə, o cümlədən
Qobustana diqqət və
qayğısını yüksək qiymətləndirirlər.
Zümrüd Şərifova, rayon
qadınlar cəmiyyətinin sədri: - Ölkə rəhbərinin
rayona gəlişi xeyir-bərəkət
gətirir. Cənab Prezidenti
qarşılamaq, onu üzbəüz salamlamaq, dəyərli
sözünü-söhbətini eşitmək, təkliflərini,
tövsiyələrini dinləmək insanlar
üçün çox
xoşdur. Prezident İlham Əliyevin Qobustana
səfəri bizim üçün,
sözün əsl mənasında, bayrama çevrildi. Bilirdik ki, cənab Prezidentin səfərindən sonra
rayonumuza dövlət qayğısı daha da artacaq.
Belə də oldu. Ölkə
rəhbəri buraya səfərindən iki gün sonra
- 15 sentyabr 2011-ci il
tarixdə Qobustan rayonunun
sosial-iqtisadi inkişafının sürətləndirilməsi
məqsədilə Qobustan Rayon
İcra Hakimiyyətinə Azərbaycan
Respublikasının 2011-ci il dövlət
büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin
Ehtiyat Fondundan 2.0 (iki) milyon manat
vəsait ayrılması barədə sərəncam
imzaladı. Bu diqqətə və
qayğıya görə rayon sakinləri
adından cənab Prezidentə dərin minnətdarlığımızı
bildirirəm.
Qoşqar Qarayev, fermer: - Qobustan rayon ictimaiyyəti adından dövlət
başçısını salamlamaq
şərəfi mənə nəsib olduğuna
görə özümü çox xoşbəxt hiss
edirəm. Həmin məqamı ömrüm
boyu unutmayacağam. Bu gün danılmaz
faktdır ki, paytaxtımızla bərabər,
regionlarımız da sürətlə inkişaf edir, kəndlərimiz,
qəsəbələrimiz abadlaşır, gözəlləşir.
Qeyd etməyi
özümə borc bilirəm ki, məhz dövlətimizin, şəxsən
Prezident İlham Əliyevin
yüksək qayğısının nəticəsidir ki, sahibkarlıqla məşğul olmaq üçün rayonlarda, o cümlədən
Qobustanda hər cür
şərait yaradılıb. Mən özüm
taxılçılıq və maldarlıqla məşğulam.
35 nəfərlik işçi qüvvəmiz,
lazımi texnikamız, 700 tonluq
taxılsaxlama anbarımız var.
İstifadə etdiyimiz 300 hektara
yaxın əkin sahəsinin 100 hektarı öz
pay torpağımdır. Taxıl toxumçuluğuna diqqəti getdikcə daha da artırırıq.
Bu sahədən məhsuldarlığımız
hər hektara görə 35 sentner olub ki,
bu da əvvəlki ildəkindən
iki dəfə çoxdur.
Uğurlarımızı daha da artırmaq əzmindəyik. Niyə də
olmasın! Dövlətimizin yüksək qayğısı
sayəsində ölkəmizə daha böyük fayda vermək
vəzifə borcumuz olmaqla
yanaşı, həm də şərəf işimizdir.
Vəlican Bələdov,
Qobustan tinglik mərkəzinin
aqronom-mütəxəssisi: - Dövlətimizin
başçısının Qobustana səfəri
çərçivəsində rayondakı tinglik
mərkəzində olması, işin daha səmərəli təşkili üçün tapşırıq və
tövsiyələrini verməsi
işgüzarlığımızı daha
da artırıb. Ölkə rəhbərinin
gəlişindən sonra kollektivimizin
toplantısı oldu. Cənab Prezidentin tapşırıqlarına uyğun qarşıda duran
vəzifələri müzakirə etdik. Qərara
aldıq ki, Qobustanı
yaşıllıqlar diyarına çevirmək üçün
işgüzarlığımızı, səy və
bacarığımızı daha da artıraq.
Qurban Kərimov, həkim: - Dövlət
başçısının bölgəyə səfəri təkcə
baş çəkdiyi müəssisə
və obyektlərdə deyil, bütün strukturlarda böyük canlanma, ruh yüksəkliyi yaradır. Bəlli həqiqətdir
ki, dövlətin yetərli
qayğısı bütün parametrlər
üzrə inkişafı stimullaşdırır. Qobustan balaca rayon olsa da,
artıq burada da böyük işlərə
başlanılıb. Çalışdığım tibb sahəsində indiyədək müəyyən
kadr çatışmazlığı hiss olunurdu. Bu amil həm də ötənlərdə
qismən də olsa sosial-infrastruktur
çətinlikləri ilə bağlı idi.
Ancaq son vaxtlar rayonda aparılan yenidənqurma,
tikinti-quruculuq işləri, yaradılan infrastruktur, o cümlədən
xəstəxana-poliklinika sisteminin müasir avadanlıqla təchizatı ilə
bağlı atılan addımlar deməyə əsas verir ki, tibbi
kadrlar Qobustana da rahatlıqla üz tutacaqlar. Lazımi şərait olandan sonra kifayət qədər
yetərli xidmət göstərmək də mümkündür.
Bu baxımdan, biz tibb işçiləri də ölkə rəhbərinin
Qobustana səfərini, göstərdiyi
diqqət və qayğını yüksək qiymətləndiririk.
Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqı Qobustan Rayon Komitəsinin sədri
Xuraman Ağayeva, rayon təhsil şöbəsinin metodisti Kənan Rəhimli və digər
söhbət etdiyimiz rayon
sakinləri də Prezident İlham
Əliyevin Qobustana səfərindən, rayon sakinləri ilə görüşündən
səmimiyyətlə danışdılar.
Prezident İlham Əliyev
rayonda olarkən Qobustan
Eksperimental Poliqonu və
Tədris Mərkəzinin açılışında da iştirak etmişdir. Azərbaycanda, dünyada
ilk dəfə olaraq hibrid tipli müasir
Günəş və külək elektrik
stansiyasının açılışını xüsusi vurğulayan
ölkə rəhbəri demişdir:
"Bu gün
açılışında iştirak etdiyimiz stansiya Azərbaycan
tarixində artıq yerini tutan
bir məsələdir, bir
layihədir. Burada bu gün
yaradılan imkanlar, bir
daha demək istəyirəm ki, bir neçə ildən
sonra bütün
ölkəmizdə özünü
büruzə verəcəkdir. İnanıram ki,
Azərbaycanın təcrübəsi başqa
ölkələrdə də tətbiq olunacaqdır".
Bu gün qobustanlılar yüksək
ovqatla yaşayırlar və yaxşı bilirlər ki,
dövlət qayğısı sayəsində sıralanmaqda
olan uğurları artırmaq üçün üzərlərinə
düşən vəzifənin öhdəsindən layiqincə
gəlməli, fədakarlıqlarını daha da artırmalıdırlar.
Telman NƏZƏRLİ
Azərbaycan.-2011.-2
oktyabr.-S.6.