Səhra gülüstana çevrilir

 

 Zaman öz axarındadır. Fəsillər, illər yaranışdan üzü bəri dəyişməz ahəngi ilə bir-birini əvəzləyir. Tarixdə ikinci dəfə müstəqilliyinə qovuşan doğma Azərbaycan sürətli yüksəliş dövrünü yaşayır. Paytaxt Bakıyla yanaşı, regionlar da öz simasını dəyişir, gözoxşayan, könülaçan görkəm alır. Qarabağın dilbər güşəsinə çevrilmiş Ağcabədi rayonunun Taxta körpü adlanan ərazisi bir neçə il əvvəllərə kimi boz səhranı xatırladırdı. Əsrlərlə su görməyən, göz işlədikcə uzanan boş çöllərdə yovşandan başqa bir şey yetişmirdi.

Hər bir ölkə  vətəndaşının Prezidenti olacağını bəyan edən, bu məsuliyyətli vədini şərəflə reallaşdıran cənab İlham Əliyevin qayğı və diqqəti sayəsində Taxta körpü ərazisi indi, sözün həqiqi mənasında, gülüstana çevrilməkdədir. Təbii ki, "Taxta körpü" adlanan böyük bir ərazinin dövlət başçısının əsas qayğı hədəfinə çevrilməsi təsadüfi xarakter daşımır. Bu, Prezident İlham Əliyevin böyük humanizminin tərkib hissəsidir.

Ermənistan silahlı qüvvələri böyük hamiləri olan fövqəldövlətlərin köməyi və düşmən dəyirmanına su tökən daxili siyasət dəllallarının xəyanəti ilə Laçın işğala məruz qalandan sonra rayon əhalisinin böyük əksəriyyəti məhz Taxta körpü ərazisində məskunlaşdı. Bu ərazinin dövlət qayğısının ünvanına çevrilməsinin əsas səbəbi də məhz budur. Ömrü boyu suyu saf, havası təmiz dağlarda yaşamağa uyğunlaşmış laçınlılar birdən-birə aranın susuzluqdan bağrı cadar-cadar olmuş, ilan mələyən, səhraya bənzəyən bir ərazisində məskən saldılar. Bu yerlərin ən böyük problemi susuzluq idi. Mal-qaranın içməsi, otlaq sahələrinin suvarılması üçün su yoxuydu. Heç içməli su da tapılmırdı. Ümid təkcə göydən düşən damcıya, yağışa qalmışdı. Belə olan təqdirdə əsas məşğuliyyəti heyvandarlıq olan rayon əhalisinin mal-qara saxlamağa marağı azalır, dolanışıq isə ildən-ilə çətinləşirdi. Həmişə qürurlu olmuş, halal zəhməti ilə firavan yaşamış Laçın camaatı adi dolanışıq üçün dövlət yardımlarından usanır, ələbaxımlıq vərdişinə son qoymaq üçün yollar arayırdı. Məhz belə bir ağır məqamda dövlət başçısının qayğısı ümidləri azalan laçınlılara yeni ruh verdi, işıqlı sabahlara olan inamlarını artırdı.

Prezident İlham Əliyevin təşəbbüsü ilə bu əraziyə suyunu Qarqar çayından götürən kanal çəkildi. Böyük bir sahəni əhatə edən kanalın suyu susuzluqdan qovrulan torpaqlara çatanda buradakı obaların sakinləri əsl bayram sevincini yaşadılar. Qədirbilən Laçın camaatı dövlət başçısının qayğısını yüksək  qiymətləndirib kanala məntiqdən doğan bir ad verdilər - Qayğı kanalı. Artıq həyat çeşməsinə çevrilən bu kanalın sayəsində min hektarlarla sahə yaşıl libasa bürünüb. İndi bu yerlərdə bağ-baxça salınıb. Öz halal zəhməti ilə dolanmağa üstünlük verən laçınlılar taxıl, yonca, bostan-tərəvəz məhsulları əkib-becərir, ölkənin ərzaq bolluğuna sanballı töhfələr verirlər.

Doğma yurd-yuvalarından, isti ocaqlarından perik salınmış laçınlılar dövlət qayğısını həmişə öz üzərlərində hiss ediblər. Məcburi köçkünlərin sosial vəziyyətinin ağırlığını nəzərə alan Prezident İlham Əliyev 1 iyul 2004-cü il tarixli 298 nömrəli sərəncamla "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nı təsdiq etmişdir. Sonradan 2007-ci  və 2011-ci illərdə bu Dövlət Proqramına əlavələr edilmişdir. Dövlət Proqramında və ona edilən əlavələrdə Laçın rayonu üzrə 44 bəndin nəzərdə tutulması bu camaata dövlət qayğısının bariz nümunəsidir. Proqrama uyğun olaraq rayon əhalisinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi insanlarda hədsiz razılıq və minnətdarlıq doğurur. Bərdə, Ağcabədi, Saatlı və Sabirabad rayonlarında çadır düşərgələrində, yük vaqonlarında məskunlaşmış 58 ailə üçün 2006 və 2007-ci illərdə iki qəsəbə tikilib istifadəyə verilmişdir. Bununla da rayon üzrə çadır düşərgələrində və yük vaqonlarında məskunlaşan məcburi köçkün ailəsi qalmamışdır.

Laçınlı məcburi köçkünlər demək olar ki, respublikanın bütün bölgələrinə səpələnmişdilər. Bakı, Sumqayıt, digər şəhər və rayonlarda 268 yataqxanaictimai binalarda 2792 ailədən ibarət 10.375 nəfərə qədər laçınlı məcburi köçkün məskunlaşmışdır. Dövlət Proqramına uyğun olaraq indiyədək 1920 laçınlı ailəsinin məskunlaşdığı 60 yataqxana və digər ictimai binalarda təmir işləri aparılmış, sakinlərin yaşayış şəraiti xeyli yaxşılaşdırılmışdır.

Dövlət Proqramına 31 oktyabr 2007-ci il tarixdə edilmiş əlavələrə uyğun olaraq Ağcabədi rayonu ərazisindəki Taxta körpü, Yastıyol və fin tipli qəsəbələrdə yaşayan 34 laçınlı ailə üçün bütün infrastruktura malik qəsəbənin tikintisində hazırda son tamamlama işləri görülür. Ağcabədi rayonunda məktəb binasında məskunlaşmış 18 laçınlı ailə də məhz Taxta körpü ərazisindəki bu yeni qəsəbədə rahat mənzillərlə təmin olunacaqdır.

Laçınlı məcburi köçkünlərə dövlət qayğısının əhatə dairəsi çox böyükdür. Dövlət Proqramına 2007-ci ildə edilmiş əlavələrə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti 627 hektar torpaq sahəsi ayırmışdır. Məqsəd Taxta körpü ərazisində qamış daxmalarda məskunlaşan 3400 laçınlı ailəsinin həyat şəraitini yaxşılaşdırmaqdır. Bunun üçün aidiyyəti dövlət qurumlarına edilən müraciətlərə həssaslıqla yanaşılmışdır. Dövlət Proqramına edilmiş əlavələrə əsasən 1500 evdən ibarət yeni qəsəbənin tikintisi 2011-2014-cü illərdə aparılacaqdır.

Dövlət qayğısı sayəsində bütünlüklə "Taxta körpü" ərazisi abad bir diyara çevrilməkdədir. Tarixin bütün məqamlarında Heydər Əliyev siyasi kursuna sədaqətli olan Laçın  camaatı məcburi köçkünlük həyatının ağır məşəqqətlərini yaşasalar da, həmişə fəal vətəndaş mövqeyində olublar. Xalqımızın ümummilli lideri Heydər Əliyevə könüllərində həmişə sonsuz hörmət və ehtiram bəsləyiblər. Səhrada salınmış bütün il boyu bahar təravətli Heydər parkı bu hörmət və ehtiramın ən gözəl ifadəsidir. Bu gözəl məkan bir zaman başdan-başa şoranlıq idi. Adamlar minbir həvəslə  Kürqırağı meşələrdən münbit torpaq daşıdılar, su xətti çəkdilər, əlvan qızıl güllər, nadir bəzək ağacları əkdilər. Yüksək zövqlə  ulu öndərin adını daşıyan müasir görkəmli park yaratdılar. İndi bura qəsəbə sakinlərinin əsl istirahət yerinə çevrilib.

Qədirbilən Laçın camaatı Qarabağ savaşında şəhid olmuş övladlarının xatirəsini həmişə əziz tuturlar. Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi öz orijinallığı ilə diqqəti cəlb edir. Abidədəki əbədi məşəlin önündə tər qızılgüllər əskik olmur. Qara mərmərdən inşa edilmiş bu möhtəşəm və müqəddəs ziyarətgah həm də düşmənə nifrəti azalmağa qoymayan bir haray, çağırış simvoluna bənzəyir.

Rayon mərkəzinə çevrilmiş Taxta körpü qəsəbəsi indi abad şəhərə bənzəyir. Respublikanın paytaxtı Bakıda, həmçinin başqa şəhər və rayonlarda fəaliyyət göstərən Laçın rayonunun idarə və müəssisələri artıq burada cəmləşmişdir. Uzun illər "Kapitalbank"ın Ağcabədi filialının xidmətindən istifadə etmək məcburiyyətində qalan Laçın rayonu artıq xeyli vaxtdır ki, sözügedən bankın "Taxta körpü" qəsəbəsində fəaliyyətə başlamış yeni filialının xidmətindən yararlanır. Dövlət Proqramına əsasən yeni salınmış qəsəbələrdə 1 ümumtəhsil məktəbi, 2 səhiyyə müəssisəsi, 1 uşaq musiqi məktəbi, 1 baytarlıq məntəqəsinin fəaliyyəti təşkil olunmuşdur. Hazırda həmin obyektlərdə 124 nəfər çalışır. Məcburi köçkünlərin dolanışıq səviyyəsini yaxşılaşdırmağın dövlət qayğısının daha bir göstəricisidir ki, büdcə təşkilatlarında çalışan işçilərə istifadə etmədikləri əmək məzuniyyəti günlərinə görə 1 milyon 86 min manat kompensasiya ödənilmişdir.

Ağcabədi şəhərində və digər ərazilərdə keçirilən əmək yarmarkalarında son illər 50 nəfərdən çox laçınlı işə qəbul edilmiş, yeni salınan qəsəbələrdə fəaliyyət göstərən sosial obyektlərdə 60 nəfər işlə təmin olunmuşdur. Bütövlükdə Dövlət Proqramına və ona edilən əlavələrə uyğun olaraq 194 nəfər daimi yeri açılmışdır. Yeni yerlərinin açılması məqsədilə "Dünyaya baxış", Danimarka Qaçqınlar Şurası və digər beynəlxalq humanitar təşkilatların Azərbaycan üzrə nümayəndəlikləri ilə əlaqələr genişləndirilmişdir. Yeni qəsəbələrin inşa edilməsi yerli əhali üçün həm də yeri deməkdir. Qəsəbələrin tikintisində 500 nəfərə qədər laçınlı məcburi köçkün işçi qüvvəsi kimi müxtəlif işlərə cəlb olunmuşdur. Eyni zamanda, abadlıq işlərinin görülməsi ilə bağlı çox sayda məcburi köçkünə haqqı ödənilən işlər həvalə edilmişdir. Rayon məşğulluq mərkəzi tərəfindən kompyuter və digər peşə kursları təşkil edilmişdir.

Laçınlı məcburi köçkünlərin həyat şəraitini hər vasitə ilə yaxşılaşdırmaq üçün dövlət səviyyəsində məqsədyönlü zəruri tədbirlər görülür. Mövcud torpaq sahələrindən səmərəli istifadə etmək üçün birinci mərhələdə dövlət başçısının təşəbbüsü ilə böyük bir ərazinin su təminatı həll edildi. Suvarılan torpaqları əkib-becərmək üçün isə təbii ki, texnika lazımdır. Dövlət bu ehtiyacı da yüksək səviyyədə ödədi. Dövlət Proqramına uyğun olaraq, 2006-cı ildən "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Taxta körpüdə rayon filialı fəaliyyətə başlamışdır. Burada kifayət qədər müxtəlif markalı kənd təsərrüfatı texnikası əkin-biçinlə məşğul olan məcburi köçkünlərin sifarişlərini yerinə yetirir. Filial kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə mineral gübrələr verilməsini də təmin edir.

Dövlət Proqramına uyğun olaraq Laçın Rayon İcra Hakimiyyəti yeni salınan qəsəbələrin inkişafı proqramlarında beynəlxalq və yerli humanitar təşkilatların fəal iştirakına nail olmaq üçün səmərəli axtarışlar edir. Bu istiqamətdə aparılan  uğurlu işin nəticəsidir ki, beynəlxalq və  yerli humanitar təşkilatlar tərəfindən "Taxta körpü" ərazisində 1 xəstəxana binası, 1 ümumtəhsil məktəbi, 2 uşaq bağçası, çörək, dülgər sexləri inşa olunmuş, 8,7 kilometr uzunluğunda içməli su xətti yenisi ilə əvəz edilmiş, yol, körpü, təsərrüfat, içməli su, kənd təsərrüfatı və digər məsələlər üzrə 200-dən çox mikrolayihə həyata keçirilmişdir.

Artıq bir müddətdən sonra "Taxta körpü"dəki yeni qəsəbə öz sakinlərini qəbul edəcəkdir. Dövlət Neft Fondunun vəsaiti, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə inşa edilən bu yeni qəsəbə 522 yaşayış evindən, 360 şagird yerlik orta məktəbdən, 50 yerlik uşaq bağçasından, inzibati binadan, klub-icma mərkəzindən, həkim ambulatoriyadan, 2 çıxışlı yanğınsöndürmə deposundan, müasir tipli sutəmizləyici qurğulardan ibarətdir. Qəsəbədə hər birinin tutumu 50 kubmetr olan iki su  anbarı tikilmiş, Ağcabədi rayonundan 14 kilometr uzunluğunda içməli su xətti, 20,3 kilometr uzunluğunda elektrik verilişi və təbii qaz xətləri çəkilmişdir. Bütün zəruri infrastruktura malik olan qəsəbə yeni sakinlərini qəbul etməyə demək olar ki, hazırdır.

Dövlətin öz vətəndaşına, onun həyat səviyyəsini yaxşılaşdırmağa yönələn qayğı və diqqəti Taxta körpü ərazisində böyük coşqu, ruh yüksəkliyi doğurub. Respublika Prezidentinin ətrafında daha sıx birliyə can atan laçınlı məcburi köçkünlər Heydər Əliyev siyasi kursunun onları tezliklə böyük qələbəyə qovuşduracağına birmənalı şəkildə inanır və bu mübarizənin fəal iştirakçıları olmağa səy göstərirlər. Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov bu barədə deyir:

- Laçın camaatı Laçını müvəqqəti itirsələr , dövlətə, bu dövlətə rəhbərlik edən Prezident İlham Əliyevin yeritdiyi müdrik siyasətə inamlarını itirməyiblər. Hər kəs inanır ki, bu düşünülmüş siyasət sayəsində Laçın da, işğal altında olan digər ərazilərimiz mənfur düşmənlərdən təmizlənəcəkdir. Dövlət başçısının son bəyanatları bu fikri bir daha təsdiqləyir. Bu dövlətin qayğısı hesabına səhradan seçilməyən boz çöllərdə indi gülüstan yaradılıb. Belə dövləti necə sevməyəsən, uğrunda necə fədakarlıq etməyəsən ki, öz vətəndaşının firavan həyatı üçün lazım olandan da artıq qayğı diqqət göstərir. Bu sadə həqiqəti hər kəs dərk edir yüksək qiymətləndirir. Yeni qəsəbələr, müasir tipli məktəblər, xəstəxanalar, rahat yollar, yeni çəkilən su, elektrik təbii qaz xətləri minnətdarlığa alqışa  layiqdir. Qeyrətli Laçın camaatı üçün respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin döyüş əmri çox önəmlidir. Uşaqdan tutmuş ağsaqqallara kimi hər kəs silaha sarılıb müqəddəs savaşa atılmağa, yağı düşməndən intiqam almağa hazırdır.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.-2011.-2 oktyabr.-S.6.