Torpaq onu
sevənləri həmişə sevindirir
Bir də
görürsən, günlərlə hava
elə quraqlıq keçir, gün elə yandırıb yaxır ki, istidən, yağmursuzluqdan
bağrı cadar-cadar olan
torpağa heyfsilənirsən. Hərdən
də az qala, aylarla davam edən
yağışlar torpağın şirəsini yuyub aparır, səpilən toxum
zay olur, gözünü məhsula dikənlərin ümidi puça
çıxır. Bu, təbiətin pozulmaz qanunlarıdır. Ruzisini
torpaqda axtarmağa başlayandan bəri kənd adamı bu qanunlarla
barışmalı olsa da, zəhmət hesabına fəslin əlverişli
vaxtlarında həmin itkilərin əvəzini
çıxmağa, yerini doldurmağa
çalışır. Şübhəsiz ki,
bu işdə dövlətin dəstəyinə
həmişə böyük ehtiyac duyulur. Kənd
adamının quraqlığın və ya
selin-suyun qarşısında çar-naçar qaldığı vaxtlarda dövlət bütün
qayğısı ilə onun yanında olur. Təbii fəlakətlərdən daha az itki
ilə çıxması üçün
mümkün olan hər
şeyi edir.
Ömrünü-gününü torpağa bağlayanlardan biri də
şəkili Xəlil Xəlilovdur. Söhbət zamanı o da xüsusi
vurğulayır ki, havanın tutqun və ya günəşli
olmasından torpaq adamının işi çox
asılıdır. Əkəndə, səpəndə də,
biçəndə, daşıyanda da bir gözün həmişə
göydə olur. Buna
görə bütün tədbirləri
vaxtında görməli, heç bir təsərrüfat işinə gecikməməlisən.
Şəkinin Çayqaraqoyunlu kəndində doğulmuş Xəlil Xəlilov Azərbaycan
Kənd Təsərrüfatı İnstitutunu
bitirib. Tələbəlik illərinə
qədər Şəkidə üzümçülük
sovxozunda fəhlə,
taxılçılıq sovxozunda poçtalyon işləyib. İnstitutu
bitirəndən sonra Çayqaraqoyunlu
kəndindəki C.Cabbarlı adına kolxozda
yemçilik briqadiri,
sədr müavini, "Qaratorpaq"
toxumçuluq sovxozunda
direktor kimi fəaliyyət
göstərib. Sonralar ayrı-ayrı sahələrdə
çalışsa da, torpaqdan
ayrılmayıb - taxılçılıq və taxıl toxumçuluğu ilə məşğul olmağa başlayıb. Onun
stolunun üstündən heç
vaxt çalışdığı sahəyə
aid ədəbiyyat əskik olmayıb. Hər
sahədə, o cümlədən kənd
təsərrüfatı işlərində peşəkarlığı,
yeniliyi, elmi
yanaşmanı çox qiymətləndirir.
X.Xəlilov xüsusi vurğulayır ki,
dövlətin göstərdiyi qayğının əvəzində
hələ ki, yetərli nəticələr
qazana bilməmişik. Obyektiv
səbəblər öz yerində, hərdən
məhsuldarlığın aşağı olmasını öz yaxasını kənara çəkərək
"əlverişsiz iqlim şəraiti"nin
ayağına yazmağa cəhd edənlər
də var. Ancaq torpaq heç bir bəhanəni, laqeydliyi
sevmir, qəlbini ona
verənlərdən xeyir-bərəkətini əsirgəmir.
Təzəcə şumlanmış
torpaqdan bir ovuc götürüb ətrini sinəsinə
çəkən Xəlil müəllim deyir ki,
ömrünü-gününü torpağa, halal zəhmətə
bağlayan hər bir fermer yaxşı bilir ki, yay şumunun
vaxtında aparılmasından, şum altına mineral gübrələrin
verilməsindən, keyfiyyətli toxumun səpilməsindən,
dərmanlanmasından tutmuş, səpinin optimal müddətdə
başa çatdırılmasına qədər keçilən
yol qaydasında, problemsiz qət edilsə, biçin zamanı
məhsuldarlıq yüksək olacaq. Bütün bunlara əməl
edən taxılçı sahələrdən bol məhsul
götürəcəyinə əmin ola bilər. Bu əminliyi
şərtləndirən amillərdən biri də səpin
vaxtı "Qılçıqsız-1", "Əzəmətli-95",
"Pərzivan-1", "Qobustan", "Azəri" kimi
yüksək keyfiyyətli buğda və "Cəlilabad-19",
"Qarabağ-21", "Qarabağ-22" arpa sortlarından
istifadə edilməsidir.
Xəlil Xəlilov onu da qeyd edir ki,
ötən əsrin 90-cı illərinin əvvəlində
bir çox sahələr kimi, aqrar sahə də bərbad vəziyyətə
düşmüş, yalnız ulu öndər Heydər Əliyev
1993-cü ildə Azərbaycan rəhbərliyinə
qayıtdıqdan sonra kənd təsərrüfatına, o
cümlədən taxılçılığa diqqət
artırılmışdır. Məhz ulu öndərin
tövsiyəsindən sonra Şəki-Zaqatala bölgəsində
əkilən taxıl sahələri genişləndirilmişdir.
Bir çox kənd
təsərrüfatı mütəxəssisləri kimi, X.Xəlilov da hesab edir ki,
aqrar sahənin inkişafını şərtləndirən
amillərdən biri də peşəkar, müasir texnologiyanın sirlərini mənimsəyə
bilən yüksək ixtisaslı kadrların yetişdirilməsidir.
Bu baxımdan bu sahəyə
arzusu, istəyi olan gəncləri
Kənd Təsərrüfatı Akademiyasında təhsil almağa hazırlamaq məqsədəuyğun
olardı.
Artıq payız
havası hər yerdə hiss olunur. Hər iş, o cümlədən torpaq da, kənd təsərrüfatı
işləri də payıza hesablanır. Payızın gəlişi
kənd adamları üçün ötən
ayların hesabatı kimi də xarakterizə
olunur - əkin-səpini
nədən başlamalıyam?
Əlbəttə, sualın
cavabı üzü qışa doğru kənd təsərrüfatı
ilə məşğul
olan, səhərdən-axşama
sahələrdə çalışan
hər kəs üçün çox vacibdir. Başqa sözlə, onun dolanışığı, gün-güzəranı,
həmçinin qarlı-şaxtalı
qışdan yaza necə çıxmağı
da bu cavabla
çox bağlıdır.
Bu cavab həm də artıq Şəki Şəhər
İcra Hakimiyyəti başçısının aqrar
məsələlər üzrə
müavini kimi də Xəlil Xəlilovu çox düşündürür. Şəki
kimi böyük kənd təsərrüfatı
rayonunda aqrar sahənin müəyyən
uğurlarına baxmayaraq,
görülməli işlər
də çoxdur.
Şəkidə 243275 hektar ümumi torpaq fondunun 146027 hektarı kənd təsərrüfatına yararlıdır.
Bu torpaqlardan səmərəli
istifadə olunması
üçün rayonda
mühüm tədbirlər
həyata keçirilir.
Elə cari təsərrüfat ilini də Şəkinin məhsul istehsalçıları
bir çox nailiyyətlərlə yola
salırlar.
Respublikada istehsal
olunan taxılın
10-15 faizi Şəkinin
payına düşür.
2011-ci təsərrüfat ilində
rayonda 237 min ton taxıl
istehsal olunub. Bu isə Şəkinin tarixində ən yüksək göstərici
sayılır. İstehsal
olunan taxılın
160 min tonu buğdadır.
2010-cu ilin sosial-iqtisadi inkişafının
yekunlarına dair Nazirlər Kabinetində keçirilmiş müşavirədə
Prezident İlham Əliyev yekun nitqində ölkədə
taxılçılığın inkişafına nail olunmasının
və 2011-ci ildə taxıl istehsalının
2009-cu il həddinə
çatdırılmasının vacibliyini prioritet istiqamət kimi qeyd etmişdir. Şəkililər dövlət
başçısının çağırışına böyük ruh yüksəkliyi ilə qoşularaq qarşıya qoyulan vəzifəni uğurla yerinə yetirmişlər. Bu il Şəkidə istehsal olunan taxıl 2009-cu ildəkindən 18 min ton, 2010-cu ildəkindən isə 101
min ton çox olub. Əlbəttə ki, bu nailiyyətlərin əldə olunmasında ölkə rəhbərinin
kənd təsərrüfatı
məhsulları istehsalçılarına
göstərdiyi diqqət
və qayğının
böyük əhəmiyyəti
vardır.
Şəkidə daha yüksək nailiyyətlərin qazanılması
üçün potensial
imkanların olduğunu
qeyd edən fermerlər mövcud torpaq ehtiyatlarından daha səmərəli istifadə etməklə məhsul istehsalını
artırmağın mümkünlüyünü
bildirirlər. Bu ilin taxıl biçinindən
dərhal sonra rayonda taxıl sahələri küləşdən
və bitki qabığından təmizlənmiş,
yay şumuna başlanmışdır. Yay
şumunun taxıl istehsalındakı əhəmiyyətini
yaxşı bilən şəkililər artıq
30 min hektaradək sahədə
şum aparmışlar.
Şumun qısa müddət ərzində
başa çatdırılmasına
169 şum traktoru cəlb edilmişdir. Payızlıq taxıl səpini kampaniyasına rayonda hazırlıq işləri
aparılır. Səpin
aqreqatları saz vəziyyətə gətirilir,
toxum hazırlığı
sürətləndirilir. Hazırda
rayonda fəaliyyət
göstərən 25 toxumçuluq
təsərrüfatlarında toxum materialı təmizlənib, laboratoriya
analizindən keçirilir.
Payızda rayonda 75 min
hektaradək sahədə
payızlıq taxıl
əkini proqnozlaşdırılır.
Fermerlərin taxıl
toxumuna olan tələbatının daxili
istehsal hesabına ödənilməsi üçün
rayonda yetərincə
imkan var.
X.Xəlilov bildirir
ki, rayonun mütəxəssisləri və
fermerləri yerli taxıl sortlarının əkilməsini daha vacib hesab edirlər.
Çünki xaricdən,
xüsusilə də,
Rusiyadan gətirilən
taxıl materiallarında
Azərbaycana xas olmayan xəstəliyə və zərərvericilərə
yoluxma daha çox müşahidə
edilir. Odur ki, respublikamızda taxıl toxumçuluğunun
inkişaf etdirilməsi
məqsədilə elmi-tədqiqat
institutlarının fəaliyyətinin
gücləndirilməsinə, maddi-texniki bazanın yaxşılaşdırılmasına, seleksiya işlərinin daha da genişləndirilməsinə,
nəticədə rayonlaşdırılmış,
yüksək reproduksiyalı
və məhsuldar yeni sortların əldə edilməsinə
ehtiyac var. Alimlərimizin
və sort yaradıcılarının
tövsiyələrinin əkinçilikdə
geniş tətbiqi taxılçılığın inkişafına töhfələrini
verə bilər.
Sentyabr ayında
Şəki Şəhər
İcra Hakimiyyətinin
və Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutunun
birgə təşkilatçılığı
ilə "Bitki mühafizəsinin kənd
təsərrüfatı məhsullarının
saxlanılmasında rolu
və zəhərli kimyəvi maddələrin
tətbiqi zamanı yaranmış təhlükəli
halların aradan qaldırılması" mövzusunda
geniş elmi-praktik
seminar keçirilmişdir. Seminarda Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutunun
bir qrup alimi Şəkinin çoxsaylı fermerləri
qarşısında bitki
mühafizəsi tədbirləri
üzrə bir sıra vacib məsələlər və
yeniliklər barədə
məruzə etmiş
və fermerləri maraqlandıran suallara cavab vermişlər. Yüksək işgüzarlıq
şəraitində keçən
seminarda fermerlər bitki mühafizəsi üzrə vacib tədbirlər və müasir elmi yeniliklər barədə geniş məlumatlar əldə etmiş, bitki xəstəlikləri,
zərərvericiləri və
alaq otlarına qarşı mübarizədə
kimyəvi üsulla yanaşı, aqrotexniki, mexaniki işlər və bioloji mübarizə üsullarının
da üstünlüyü
haqqında geniş bilgi öyrənmişlər.
Rayonda digər
əkin sahələri
üzrə də bol məhsul yetişdirilir. 5956 ton dən
üçün qarğıdalı,
1212 ton tütün, 3531 ton kartof, 16717 ton tərəvəz,
7980 ton bostan, 1083 ton meyvə,
235 ton üzüm yığılmışdır
ki, bunlar da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Hazırda sahələrdən məhsul
toplanışı davam
edir.
Şəkidə heyvandarlığın inkişaf
etdirilməsinə, heyvanların
cins tərkibinin yaxşılaşdırılmasına, xüsusi çəkiyə
malik damazlıq təsərrüfatlarının yaradılmasına daim diqqət yetirilir. Hazırda rayonda camışçılıq və
atçılıq istiqamətində
ixtisaslaşmış 1 dövlət,
2 südçülük-maldarlıq, 1 camışçılıq, 2 arıçılıq üzrə
özəl damazlıq
təsərrüfatları fəaliyyət göstərir.
Bu gün Şəkinin kənd təsərrüfatında əldə
olunan nailiyyətlər
son hədd deyil. Burada mövcud olan iqlim, torpaq,
su ehtiyatları, insanların zəhmətsevərliyi
və digər amillər kənd təsərrüfatının daha
məhsuldar inkişafına
zəmin yaradır. Məhsul istehsalının
həcminin və keyfiyyətinin artırılmasında
suvarma işlərinin
mütəşəkkil həyata
keçirilməsi, vegetasiya
dövründə əkinlərin
tələb olunan norma daxilində suvarma suyu ilə
təmin edilməsi xüsusi əhəmiyyət
kəsb edir. Bu məsələ ilə bağlı X.Xəlilov qeyd etdi ki,
istər əkin, istərsə də otlaq sahələrinin suvarılmasının genişləndirilməsinə
ehtiyac var. Rayonda 146027
hektar kənd təsərrüfatına yararlı
torpaq sahələrinin
cəmi 36980 hektarı
suvarılan sahələrdir.
Həm əkin, həm də otlaq sahələrinin əksər hissəsi dəmyə şəraitindədir.
Bu torpaqların müəyyən
hissəsinin suvarılmasının
təmin edilməsi rayonda məhsul istehsalının artırılmasında
başlıca rol oynaya bilər. Dövlət tərəfindən
irihəcmli hidrotexniki
layihələrin həyata
keçirilməsi nəticəsində
Mingəçevir su anbarı vasitəsilə Sarıca, Qaraqul, Səbətli və Dəhnələr ərazilərində,
Şirvan kanalı vasitəsilə Çayqaraqoyunlu,
Turan qəsəbəsi,
Şəki kənd ərazilərində, Əlican
çayı vasitəsilə
Qayabaşı, Sarıca,
Bolludərə ərazilərində
on min hektarlarla dəmyə
ərazilərin suvarılmasının
təmin edilməsi mümkündür. Belə
layihələrin həyata
keçirilməsi nəticəsində
həmin torpaqlarda məhsuldarlıq 2-3 dəfə
arta bilər.
Rayonda mövcud olan 28398 hektar qış
otlaqlarının bir hissəsi hələ kolxoz-sovxoz
dövründən əkin altına verilmişdir. Hətta
aqrar islahatlar dövründə bunun qarşısını
almaq mümkün olmamış və nəticədə bu
gün də orada payızlıq taxıl əkinləri
aparılır. Qış otlaqlarının əkilən hissələrinin
dürüstləşdirilərək təyinatının dəyişdirilməsi
üçün hökumət tərəfindən rəsmi
icazə verilməklə əkin dövriyyəsinə cəlb
edilməsinə ciddi ehtiyac duyulur. Bütün bunlar isə
torpaqlardan səmərəli istifadə edilməsində vacib
rol oynaya bilər.
Telman NƏZƏRLİ
Azərbaycan.-2011.-2
oktyabr.-S.7.