Bakıda türkdilli ölkələrin I Tibb Konqresi işə başlamışdır

 

Sentyabrın 30-da Azərbaycan Tibb Universitetində (ATU) türkdilli ölkələrin "Tibbdə yeni nailiyyətlər" adlı I Tibb Konqresi işə başlamışdır.

AzərTAc xəbər verir ki, konqres iştirakçıları əvvəlcə universitetin foyesindəki ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoymuş və gül dəstələri düzmüşlər.

ATU-nun böyük salonunda Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət himnləri səsləndirilmişdir.

Konqresin açılışında səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxış edərək Azərbaycan və Türkiyənin bütün sahələrdə, eləcə də tibb sahəsində gündən-günə inkişaf edən əlaqələrindən danışmışdır. Bildirmişdir ki, bizimlə ortaq mədəniyyətə və adət-ənənələrə malik olan qardaş Türkiyə həmişə Azərbaycana çətin günlərində kömək etmişdir. Hələ 1992-ci ildə Türkiyə ilə tibb sahəsində müqavilə imzalanmışdır. Məhz bunun sayəsində ölkəmizin vətəndaşları Türkiyənin tibb ocaqlarında müalicə alırlar. Eyni zamanda, Azərbaycan gəncləri bu ölkənin nüfuzlu tibb universitetlərində mütəxəssis kimi yetişib Vətənimizə dönmüşlər.

Nazir müavini iki ölkənin həkimləri arasında elm körpüsünün qurulmasına töhfələr verəcək konqresin işinə uğurlar arzulamışdır.

Türkiyənin Azərbaycandakı səfiri Hulisi Kılıç çıxışında  Azərbaycan-Türkiyə əlaqələrinin yaranma tarixindən və bu əlaqələrin möhkəmlənməsində görülən işlərdən, ortaq mənəvi dəyərlərdən söhbət açmış, türkdilli ölkələrin tibb sahəsində əməkdaşlığı baxımından konqresin əhəmiyyətini vurğulamışdır.

Səfir H.Kılıç son illərdə Azərbaycan səhiyyəsində qazanılan nailiyyətləri də diqqətə çatdırmışdır.

Tədbirdə ATU-nun rektoru, Milli Məclisin deputatı Əhliman Əmiraslanov rəhbərlik etdiyi ali məktəb barədə məlumat vermişdir. Bildirmişdir ki, ümummilli lider Heydər Əliyev iki dəfə universitetdə olmuş, gələcək həkimlərə dəyərli məsləhətlər vermişdir. Onun səyi nəticəsində 1998-ci ildə ATU-nun 11 mərtəbəli tədris binası tikilib istifadəyə verilmişdir.

 Azərbaycan və Türkiyə arasında tələbə mübadiləsindən danışan rektor qeyd etmişdir ki, ATU-nu bitirmiş  200-dən çox gənc Türkiyənin tibb müəssisələrində təhsillərini davam etdirirlər.

İstanbul Universitetinin rektoru Yunus Söylet, bu universitetin tibb fakültəsinin dekanı Mehmet Bilgin Saydam tədbirdə bildirmişlər ki, türkdilli ölkələr arasında tibb sahəsində elmi və sosial əməkdaşlığını genişləndirməyi qarşısına məqsəd qoyan konqres Azərbaycan və Türkiyənin də  səhiyyə sahəsində əməkdaşlığına təkan verəcəkdir.

Sonra akademik Ə.Əmiraslanovun "Sümüyün bədxassəli şişlərinin müasir müalicə üsulları", İstanbul Universitetinin rektoru Yunus Söyletin "Yüksək təhsildə beynəlxalqlaşdırma" mövzularında məruzələri dinlənilmişdir.

Məruzələrdən sonra müzakirələr başlanmışdır.

Azərbaycan və Türkiyənin tanınmış səhiyyə mütəxəssislərinin iştirak etdikləri konqres tibbin müxtəlif sahələri ilə bağlı iclaslarla oktyabrın 1-dək işini davam etdirəcəkdir.

 

 

Azərbaycan.- 2011.- 1 oktyabr.- S.  4.