Beynəlxalq Əmək Təşkilatı Azərbaycanda həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirmişdir

 

Sentyabrın 30-da Bakıda səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) nümayəndə heyəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) olmuşdur.

AzərTAc xəbər verir ki, AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Azərbaycanda həmkarlar hərəkatının inkişafından danışmışdır. Bildirilmişdir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində ciddi dönüş yaranmış, hazırda konfederasiya ölkəmizdəki ən iri həmkarlar ittifaqı təşkilatlarından birinə çevrilmişdir.

Azərbaycan həmkarlar ittifaqı təşkilatlarının bir milyon 600 mindən artıq üzvünün olduğunu diqqətə çatdıran S.Mehbalıyev qeyd etmişdir ki, Azərbaycanın bazar iqtisadiyyatına keçidi ilə əlaqədar komitə üzvlərinin sayında azalma meyli müşahidə olunmuşdur. Buna baxmayaraq, şirkətlərdə həmkarlar ittifaqı təşkilatlarının yaradılması ilə bu problem aradan qaldırılmışdır.

Konfederasiyanın sədri işçilərin hüquqlarının qorunması istiqamətində qəbul olunmuş qanunvericilik bazası, AHİK-in beynəlxalq əlaqələri, transmilli şirkətlərin fəaliyyəti barədə danışmışdır. Qeyd etmişdir ki, AHİK Azərbaycanda işləyən transmilli şirkətlərə həmkarlar ittifaqı təşkilatının yaradılması ilə bağlı tövsiyələrini verir.

BƏT nümayəndə heyətinin rəhbəri, təşkilatın transmilli şirkətlər və sosial siyasət şöbəsinin direktoru xanım Rikarda Makfolsu Azərbaycanda olmaqdan məmnunluğunu bildirmiş, ölkəmizdə həmkarlar ittifaqı təşkilatlarının uğurlu fəaliyyətini yüksək qiymətləndirmişdir.  Təmsil etdiyi təşkilat haqqında məlumat verən qonaq qeyd etmişdir ki, BƏT əmək münasibətlərini tənzim edən BMT-nin ixtisaslaşmış qurumlarından biridir. 1992-ci il mayın 12-də BƏT-ə üzv olan Azərbaycan təşkilatın 57 konvensiyasına qoşularaq burada təsbit olunmuş prinsip və normaları qəbul etmişdir.

R.Makfolsu vurğulamışdır ki, qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbinə uyğun həyata keçirilməli və beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Həmkarlar təşkilatlarının yaradılması ölkəyə gələn transmilli şirkətlər qarşısında şərt olaraq qoyulmalıdır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.

Sonda qonaqlara hədiyyələr təqdim edilmişdir

 

 

Azərbaycan.- 2011.-1 oktyabr.- S.  4.