«Müstəqil Azərbaycanda sosial təminat» mövzusunda elmi-praktiki konfrans keçirilmişdir

 

Sentyabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı "Müstəqil Azərbaycanda sosial təminat" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, nazir Füzuli Ələkbərov dövlət müstəqilliyinin bərpasından ötən 20 ilin Azərbaycan tarixinin mürəkkəb, çətin, eyni zamanda, ən şərəfli dövrü olduğunu bildirmişdir. Nazir dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsində, əbədiliyinin və dönməzliyinin təmin edilməsində müasir Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərini bir daha xatırlatmış, ulu öndərin ideya və arzularının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.

Pensiya-müavinətlərin artırılması, əlillərin və şəhid ailələri üçün mənzil tikintisi, əlillərin minik avtomobilləri, müxtəlif reabilitasiya vasitələri ilə təminatı, onların tibbi-sosial reabilitasiyası və digər mühüm istiqamətlərdə tədbirlər məhz ulu öndərin təşəbbüsü ilə başlanmış və artıq ənənəvi xarakter almışdır. Əhalinin sosial müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər silsiləsi Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilmişdir.

Konfransda müstəqil ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində 20 ildə görülən işlərdən bəhs edən məruzələr dinlənilmiş, sosial müdafiə sahəsində əldə olunan təcrübə geniş təhlil edilmişdir.

 

 

Azərbaycan.- 2011.- 1 oktyabr.- S.  4.