Azərbaycan gənclərinin VI Forumu çərçivəsində keçirilən toplantıda Bakı şəhər gənclərinin gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışılmışdır
Sentyabrın 30-da Azərbaycan gənclərinin VI Forumu çərçivəsində Bakı şəhər gənclərinin zona toplantısı keçirilmişdir. Tədbirdə 500-dən çox nümayəndə iştirak etmişdir.
AzərTAc xəbər verir ki, əvvəlcə forumun fəaliyyətinə dair foto-video hesabat təqdim edilmişdir.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycan gənclərinin V Forumundan ötən dövrdə şəhər və rayonlarda keçirilmiş tədbirlərdən və respublikamızın sosial-iqtisadi həyatına gənclərin cəlb olunmasından, Azərbaycan gəncliyinə göstərilən dövlət qayğısından danışmışdır. R.Abbasov bu sahədə problemlərin həlli istiqamətində görülmüş işlər haqqında da məlumat vermişdir.
Ölkəmizdə dövlət gənclər siyasətinin uğurla icra olunduğunu vurğulayan R.Abbasov gənclərin respublikamızın ictimai həyatındakı rolunu və fəaliyyətini yüksək qiymətləndirmişdir. O, keçən üç il ərzində gənclərin iştirakı ilə keçirilmiş tədbirlərin təşkili, beynəlxalq əlaqələrin inkişafı, gənclər arasında hərbi vətənpərvərlik ruhunun artırılması və bu istiqamətdə görülmüş işlərdən danışmışdır. R.Abbasov Azərbaycan gənclərinin öz potensiallarını dövlətçiliyimizin qorunması, ölkəmizin beynəlxalq arenada tanıdılması istiqamətində daha da inkişaf etdirəcəklərindən əmin olduğunu bildirmişdir.
Toplantı iştirakçılarını təbrik edən gənclər və idman naziri Azad Rəhimov forumun tarixi barədə ətraflı məlumat vermişdir. Nazir Azərbaycan gənclərinin forumunun ilk dəfə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirildiyini vurğulamış, əsası ulu öndər tərəfindən qoyulan gənclər siyasətini Azərbaycan Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyini diqqətə çatdırmışdır. Ölkədə gənclərin iştirakı ilə keçirilən tədbirlərdən, beynəlxalq konfranslarda Azərbaycan gəncliyinin fəaliyyətindən danışan A.Rəhimov bildirmişdir ki, respublikada mövcud olan münbit şərait gənclərin məhz vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik və dünyəvilik prinsipləri əsasında, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasına əsaslı zəmin yaratmışdır. Nazir qeyd etmişdir ki, gənclər siyasətinin bütün sahələri üzrə respublikanın şəhər və rayonlarında çoxsaylı tədbirlər keçirilmiş, maraqlı layihələr reallaşdırılmışdır.
Nazir vurğulamışdır ki, son üç ildə ölkədə davam etdirilən sosial-iqtisadi islahatlar nəticəsində gənclərin bir çox sosial, o cümlədən iş və mənzil problemləri öz həllini tapmışdır. Gənclərin məşğulluğunun təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, sosial ipotekanın tətbiqi istiqamətində mühüm işlər görülmüşdür. Gənclərimiz elm, təhsil, mədəniyyət, incəsənət, idman və digər sahələrdə diqqətəlayiq uğurlar qazanmışlar.
A.Rəhimov dövlətimizin başçısının sərəncamı ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının təsdiq edilməsinin ölkə gəncliyinə olan yüksək diqqətin və qayğının bariz nümunəsi olduğunu vurğulamışdır. Nazir ümidvar olduğunu bildirmişdir ki, Azərbaycan gəncliyi bundan sonra da respublikamızın dinamik inkişaf proseslərində fəal iştirak edəcəkdir. Gənclərimiz bundan sonra da ümummilli lider Heydər Əliyevin vətənpərvərlik, dövlətçilik və azərbaycançılıq ideyalarını yaşadacaq, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq və inkişaf siyasətinin həyata keçirilməsində aparıcı qüvvə kimi ön sıralarda olacaqlar.
A.Rəhimov Bakı şəhəri üzrə VI Foruma seçiləcək bütün nümayəndələri təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır.
Digər çıxış edənlər də Azərbaycan gənclərinin VI Forumu çərçivəsində keçirilən Bakı şəhər gənclərinin zona toplantısının əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, V Forumdan ötən dövr ərzində respublikamızın hər yerində dövlət gənclər siyasətinin həyata keçirilməsi sahəsində görülmüş işlər bundan sonra da uğurla davam etdiriləcəkdir.
Toplantıda Azərbaycan gəncliyinin VI Forumuna nümayəndələr seçilmiş və qətnamə qəbul
olunmuşdur.
Qətnamədə
vurğulanmışdır ki, gənclər
respublikamızın ictimai-siyasi həyatında daim fəal
mövqe tutaraq öz bilik və bacarıqlarını dövlət
müstəqilliyimizin möhkəmləndirilməsinə, Azərbaycanın
inkişaf etdirilməsinə yönəldəcəklər.
Sonda
toplantı iştirakçılarının Azərbaycan gəncliyinə
müraciəti oxunmuşdur. Müraciətdə Azərbaycan
gəncliyi böyük çətinliklərlə
qurulmuş azad,
müstəqil dövlətimizin inkişafı naminə daha da sıx fəaliyyət
göstərməyə
çağırılmışdır.
Azərbaycan.- 2011.-1 oktyabr.- S. 4.