Bakıda keçirilən ikinci Beynəlxalq kitab sərgi-yarmarkası başa çatmışdır

 

Yarmarkanın işində fəal iştirakına görə AzərTAc da diplomla təltif olunmuşdur

 

Bakı İdman Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr edilmiş ikinci Beynəlxalq kitab sərgi-yarmarkasına sentyabrın 30-da yekun vurulmuşdur.

AzərTAc xəbər verir ki, 25 ölkəni təmsil edən çappoliqrafiya müəssisəsinin, çap işi ilə məşğul olan qurumların təmsilçilərinin iştirak etdiyi sərginin son günündə Təşkilat Komitəsi tərəfindən ən yaxşı nəşriyyatlar və yarmarkanın işində fəal iştirak edən təşkilatlar mükafatlandırılmışlar.

Mükafatlandırma mərasimində çıxış edən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli və başqaları bildirmişlər ki, iştirakçılar yarmarkada sərgilənən kitablar vasitəsilə Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı və bugünkü inkişaf səviyyəsi haqqında dolğun məlumat əldə edə bilmişlər.

Son illər latın qrafikalı yeni nəşrlər hesabına kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli görülmüşdür. Bu işlər Prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli sərəncamından sonra həyata keçirilmişdir.

Bildirilmişdir ki, üç gün ərzində Bakı sakinləri və paytaxtımızın qonaqları ölkə nəşriyyatlarında, eləcə də ABŞ, Rusiya, İran, Türkiyə, Macarıstan, Makedoniya, Slovakiya, Belarus, Latviya, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər xarici ölkələrdə nəşr edilmiş kitablarla, çap məhsulları ilə tanış olmuşlar. Burada kitab təqdimatları, imza mərasimləri, naşirlər arasında "dəyirmi masa"lar, müəlliflərlə görüşlər təşkil edilmişdir.

Sonra mükafatlandırma mərasimi keçirilmişdir. Yarmarkanın işində fəal iştirakına görə Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) də diplomla təltif olunmuşdur.

Bu sərgi-yarmarkada AzərTAc da ayrıca stendlə təmsil olunmuşdur. Agentliyin sərgiyə təqdim etdiyi nəşrlər ziyarətçilərdə böyük maraq doğurmuşdur.

 

 

Azərbaycan.- 2011.-1 oktyabr.- S.  4.