Müstəqil ölkənin müasir prokurorluğu

 

"Prokurorlar demokratik cəmiyyətdə prokurorluğa xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayırlar". 

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikası öz müstəqilliyinin yenidən bərpa edilməsinin iyirminci ildönümünü qeyd edərkən bütün Azərbaycan xalqı, ölkənin hər bir vətəndaşı kimi prokurorluq işçiləri də ötən illərə nəzər salaraq bir daha bu ölkədə yaşayıb fəaliyyət göstərmələrindən, insan amilini, demokratik meyarları başlıca amala çevirən, sosial-iqtisadi və ictimai-siyasi həyatın bütün sahələrində yüksək nəticələr əldə edərək nəhəng uğurlar qazanmış bir dövlətin əsas qurumlarından birində qulluq etmələrindən hədsiz qürur hissi keçirirlər.

Dünya ölkələrini bürüyən maliyyə böhranının yaratdığı çətinliklərə baxmayaraq, ölkəmiz ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasəti nəticəsində tərəqqi dinamikasını saxlamaqla yanaşı, daha sürətli iqtisadi inkişaf tempinə nail olmuşdur. Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyev 12 sentyabr 2011-ci il tarixdə Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyasının açılışında söylədiyi nitqində demişdir: "Azərbaycan son illər ərzində iqtisadi sahədə çox böyük uğurlara nail ola bilmişdir. İqtisadiyyatımız son 7 il ərzində dünya miqyasında ən yüksək templərlə inkişaf etmişdir. Son 7 il ərzində Azərbaycanda ümumi daxili məhsul təxminən 3 dəfə artmışdır. Yəni, 300 faizə yaxın artmışdır. Bu, dünya praktikasında nadir bir göstəricidir. Bununla bərabər, ölkəmizin keçmişinə xas olan yoxsulluq problemi də aradan qaldırılır. Yoxsulluq şəraitində yaşayanların sayı son 7 il ərzində 49 faizdən 9 faizə düşmüşdür. Bu da hesab edirəm ki, dünya praktikasında ən sürətli inkişafdır".

Surətli sosial-iqtisadi inkişaf, böyük quruculuq işləri, vətəndaşların sosial rifahının ilbəil daha da yaxşılaşması, insan hüquq və azadlıqlarının yüksək təminatla qorunması, beynəlxalq standartlara uyğun vətəndaş cəmiyyətinin qurulması, qanunun aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi - bütün bunlar Azərbaycan dövlətinin bugünkü reallığı olmaqla hər bir prokurorluq işçisindən vəzifə borcuna daha məsuliyyətlə və vicdanla yanaşmasını tələb edir.

Artıq 14-cü ildir ki, Azərbaycan Respublikasında prokurorluq işçilərinin peşə bayramı təntənə ilə qeyd edilir. Bu peşə bayramının təsis edilməsi, bütövlükdə respublikanın prokurorluq orqanlarında baş vermiş bütün müsbət dəyişikliklər, mütərəqqi islahatlar ulu öndər Heydər Əliyevin  adı ilə bağlıdır.

Məlumdur ki, milli prokurorluq orqanlarının əsası 1918-ci ildə qoyulmuşdur. Lakin bu təsisatın dünya standartlarına uyğun, demokratik cəmiyyətdə özünəməxsus yeri olan və müasir tələblərə cavab verən orqan kimi formalaşması, dövlət idarəetməsində mühüm rola malik olması ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə başlanılmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni müstəvidə davam etdirilən məhkəmə-hüquq islahatları və hərtərəfli dövlət qayğısı ilə davam etdirilmişdir. Məhz ulu öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən hər il oktyabr ayının 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı kimi qeyd olunur. Peşə bayramı gününün təsis edilməsi prokurorluq orqanlarına dövlət qayğısının ifadəsi olmaqla yanaşı, prokurorluq işçilərinin fəaliyyətinə yüksək dəyər verilməsinin təzahürüdür. Ümummilli lider prokurorluq işçilərinin peşə bayramı gününü təsis etməklə yanaşı, bu əlamətdar günün yüksək təntənə ilə keçirilməsinə göstəriş vermişdir. Onun öz şəxsi təşəbbüsü və rəhbərliyi ilə 1998-ci ildə respublikamızda ilk dəfə olaraq prokurorluq orqanlarının yaradılmasına həsr olunmuş geniş yubiley tədbiri təntənəli şəkildə qeyd edilmişdir. Prokurorluq orqanlarının yaradılmasının 80 illik  yubileyinə həsr olunmuş 28 noyabr 1998-ci il tarixli tədbirdə ümummilli lider dərinməzmunlu nitq söyləyərək prokurorluq işçilərinə dəyərli tövsiyələrini vermişdir. Ulu öndərin prokurorluq peşəsi ilə bağlı dediyi: "Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız" sözləri prokurorluq işçilərində böyük ruh yüksəkliyi və iftixar hissi yaratmaqla yanaşı, onları öz fəaliyyətlərinə daha tələbkarlıqla və məsuliyyətlə yanaşmağa səfərbər etmişdir. Ümummilli liderin bu sözləri prokurorluq işçilərinin gündəlik fəaliyyət şüarına çevrilmişdir.

2008-ci ildə prokurorluq orqanlarının yaradılmasının 90 illik yubileyi də böyük təntənə ilə qeyd edilmişdir. Respublikamızda hüquqi dövlət quruculuğu prosesinin yekunlaşması, inkişaf etmiş demokratik dövlətlərə xas olan xüsusiyyətləri özündə birləşdirən hüquqi sistemin formalaşması, dövlət qurumlarının, o cümlədən hüquq-mühafizə orqanlarının fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması, dövlət idarəetmə sisteminin daha da təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər və ardıcıl məhkəmə-hüquq islahatları həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev prokurorluğun fəaliyyətinə böyük qayğı göstərərək prokurorluq əməkdaşları və veteranlarını yubiley münasibətilə təbrik etməklə bu dövlət qurumunda həyata keçirilən işləri yüksək qiymətləndirmiş, son illər prokurorluqda sağlam mühitin yaradılması üçün ciddi işlər görüldüyünü, dövlətçilik, qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi prinsiplərinin ön plana çəkildiyini, cəmiyyətdə prokurorluğa ictimai etimadın artdığını və onun nüfuzunun yüksəldiyini, prokurorların cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirmələrini, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynadıqlarını qeyd etmişdir.

Prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 27 sentyabr 2008-ci il tarixli sərəncam imzalanmışdır.

Azərbaycan Prokurorluğunun daha da təkmilləşərək müasirləşdirilməsi dövrünün əsasını qoymuş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaratmışdır.

Dövlət Proqramının icrası ilə əlaqədar görülmüş çoxsaylı işlər, həyata keçirilmiş tədbirlər vətəndaş cəmiyyətində prokurorluğun rolunun artırılmasına, prokurorluq orqanlarının müasir dövrün tələblərinə və yüksək beynəlxalq standartlara uyğun fəaliyyətinin yeni keyfiyyət müstəvisinə yüksəlməsinə şərait yaratmışdır. Bu mühüm dövlət sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər və görülmüş işlər barədə ictimaiyyətə mütəmadi olaraq mətbuat səhifələrində və digər kütləvi informasiya vasitələrində, həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi saytında  ətraflı məlumat verilmişdir.

Yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, kadr potensialının müasirləşdirilməsi, onların peşəkarlığının artırılması, kadrların rotasiyası siyasətinin təkmilləşdirilməsi məqsədilə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirin icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 509 nömrəli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"yə uyğun olaraq 19 may 2009-cu il və 5 yanvar 2011-ci il tarixlərdə növbəti 9-cu və 10-cu müsabiqə elan edilmişdir. Müsabiqədə iştirak etmək üçün müraciət etmiş namizədlər müvafiq olaraq 27 oktyabr 2009-cu il və 18 may 2011-ci il tarixlərdə dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının, beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında müsabiqənin birinci mərhələsi olan test imtahanı vermişlər. Müsabiqədən keçmiş namizədlər yazılı imtahan və müsahibə mərhələsində iştirak etmişlər. Hər üç mərhələni müvəffəqiyyətlə keçmiş 2009-cu ildə 98, 2011-ci ildə isə 108 namizəd Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təhsilə cəlb edilərək peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə aldıqdan sonra vakant vəzifələrə təyin edilmişlər.

Ümumilikdə, prokurorluq orqanlarının vakant vəzifələrinin obyektiv meyarlarla, demokratik və şəffaf prosedurlar əsasında dərin biliyə malik yüksək ixtisaslı gənc hüquqşünaslarla komplektləşdirilməsinin təmin edilməsi məqsədilə 2002-ci ildən başlayaraq indiyədək 10 müsabiqə (o cümlədən 4 müsabiqə Naxçıvan Muxtar Respublikası Prokurorluğu üzrə) keçirilməklə 499 namizəd prokurorluğa qulluğa qəbul edilmişdir ki, nəticədə  30 yaşınadək olan prokurorluq işçilərinin nisbəti 16 dəfədən çox artaraq prokurorluq orqanlarında qulluq edənlərin 50 faizini təşkil etmişdir. Aparılmış islahatlar nəticəsində Baş Prokurorluğun kadr tərkibi əksər hissədə, o cümlədən bütün struktur qurumların rəhbərliyi dəyişdirilmiş, rayon (şəhər) və ərazi hərbi prokuroru vəzifələrinə ilk dəfə olaraq təyin edilənlərin sayı əsaslı surətdə artmışdır.

Xidməti vəzifələrinin icrasına vicdanla yanaşaraq fəaliyyətində uğurlar qazanmış və peşə hazırlığı səviyyəsi ilə fərqlənən prokurorluq işçilərinin vəzifədə irəli çəkilməsi üçün bütün imkanlar yaradılmışdır. 2000-ci ildən başlayaraq cari ilin birinci yarımilliyi də daxil olan müddət ərzində xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş 968 nəfər prokurorluq işçisi vəzifədə irəli çəkilmiş, onlardan 227 nəfəri müstəqil rayon, şəhər və ərazi hərbi prokuroru vəzifəsinə təyin edilmiş, o cümlədən 153 nəfəri müstəqil prokuror vəzifəsinə ilk dəfə təyin edilən şəxslər olmuşlar. Həmçinin 2413 prokurorluq işçisi bu müddətdə xidmətdə fərqləndiyinə görə Baş prokurorun əmrləri ilə həvəsləndirilmişdir.

Son illər ərzində prokurorluq orqanlarında kadrlarla iş sahəsində həyata keçirilmiş islahatlar nəticəsində əməkdaşlara qarşı tələbkarlıq artırılmış, əmək və icra intizamına nəzarət gücləndirilmiş, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə və fəaliyyətlərində qanunsuzluq hallarına yol vermiş prokurorluq işçilərinə münasibətdə prinsipiallıq mövqeyindən yanaşılmışdır. 2000-ci ildən başlayaraq cari ilin birinci yarımilliyi də daxil olmaqla, 828 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunmuş, onlardan135-i tutduğu vəzifədən azad edilmiş, 132 nəfər isə prokurorluq orqanlarından xaric olunmuşdur. 2010-cu ildə icra və əmək intizamının pozuntusuna, xidməti işində və xidmətdənkənar fəaliyyətində kobud qanunsuzluqlara yol verdiklərinə görə 2009-cu ildə olduğundan iki dəfə çox - 83 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilmişdir.

Prokurorluq orqanlarına ilk dəfə müsabiqə yolu ilə qulluğa qəbul edilən şəxslərin stajorluq və sınaq keçməsinin düzgün təşkili məqsədilə Baş Prokurorluq üzrə 5 oktyabr 2010-cu il tarixli əmrlə "Prokurorluq orqanlarında stajorluq və sınaq keçmə Qaydaları" təsdiq edilmişdir.

Bununla yanaşı, yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması və prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi işinin daha da təkmilləşdirilməsi, prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin obyektiv meyarlar əsasında müəyyən edilməsi, prokurorluq orqanlarında davamlı olaraq həyata keçirilən tədris prosesinin səmərəliliyinin və bu istiqamətdə həyata keçirilən tədbirlərin stimullaşdırıcı əhəmiyyətinin artırılması məqsədilə Baş prokurorun 7 oktyabr 2010-cu il tarixli əmri ilə "Prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yoxlanılması Qaydaları" təsdiq edilmişdir. Həmin Qaydalara uyğun olaraq prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı 2010-cu ilin dekabr ayından 2011-ci ilin mart ayının sonunadək Baş Prokurorluğun Elm-Tədris Mərkəzində müvafiq komissiya tərəfindən test imtahanı vasitəsilə yoxlanılmaqla onun nəticələri prokurorluq işçilərinin attestasiyası, fəaliyyətinin qiymətləndirilməsi, rotasiyası və vəzifədə irəli çəkilməsi zamanı nəzərə alınır. İlk dəfə olaraq prokurorluq orqanlarında tətbiq olunan bu prosedura işçilərin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin artırılması üçün möhkəm stimul yaradır.

Dövlət Proqramının icrası ilə əlaqədar olaraq prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinin təmin edilməsi məqsədilə həyata keçirilmiş struktur islahatları nəticəsində Baş Prokurorluqda bir sıra yeni qurumlar yaradılmışdır. Onların sırasında prokurorluqda tədris işinin beynəlxalq standartlara uyğun təşkilini, habelə elmi tədqiqatlar aparılmasını təmin etmək üçün yaradılmış və hərtərəfli potensiala malik olan Elm-Tədris Mərkəzini; prokurorluğun fəaliyyətinin yüksək tələblərə uyğun təkmilləşdirilməsində töhfələrini verən Hüquqi təminat və informasiya idarəsini, həmin idarənin tərkibində olan İnformasiya texnologiyalarının tətbiqi xidmətini; ağır və xüsusilə ağır cinayətlərin açılması və istintaq edilməsində prokuror-kriminalistlərin rolunun əhəmiyyətli dərəcədə artırılması, onların statusları yüksəldilməklə fəaliyyətlərinin müstəqil şəkildə daha səmərəli həyata keçirilməsinin təmin edilməsi məqsədilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi və Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin tərkibində yaradılmış Kriminalistika şöbələrini göstərmək olar. Eyni zamanda, ədalət mühakiməsinin həyata keçirilməsində prokurorların iştirakının səmərəliliyinin artırılması məqsədilə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin; prokurorluq orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin müasir tələblər səviyyəsində təşkili üçün Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin Vətəndaşların qəbulu şöbəsinin; prokurorluq orqanlarının beynəlxalq əlaqələrinin yeni keyfiyyət müstəvisində qurulması məqsədilə Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin Ekstradisiya və hüquqi yardım şöbəsinin və şöbə səlahiyyətli Beynəlxalq-hüquqi əməkdaşlıq və protokol xidmətinin yaradılmasını qeyd etmək yerinə düşər.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsində prokurorluq orqanlarında istintaq edilən şəxsiyyət əleyhinə ağır və xüsusilə ağır cinayətlər, o cümlədən qəsdən adamöldürmə və qəsdən adamöldürməyə cəhd cinayətləri üzrə vahid məlumat bazası yaradılmaqla Baş prokurorun 21 fevral 2011-ci il tarixli əmri ilə ondan istifadəyə dair təlimat və digər sənədlər təsdiq olunmuşdur.

Müasir informasiya texnologiyalarının tətbiqinin prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsində əhəmiyyəti və bu sahədə aparılan işlərin intensivliyinin artırılması məqsədilə 2010-cu il prokurorluq orqanlarında yeni informasiya texnologiyalarının tətbiqi ili elan edilməklə bu sahədə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi təmin olunmuşdur. Yeni yaradılmış İnformasiya texnologiyalarının tətbiqi xidməti yüksək bilik və təcrübəyə malik mütəxəssislərlə komplektləşdirilmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun veb-saytının müasir tələblərə cavab verən yeni versiyası işlənib hazırlanaraq təqdimat mərasimi keçirilməklə istifadəyə verilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prokurorluğunun yaranması, inkişaf tarixi, müasir dövrü, sistemi və strukturu, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri barədə, habelə müstəqil Azərbaycan Respublikasının tarixi, əhalisi, dövlət rəmzləri, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatları özündə əks etdirən informasiya xarakterli və müasir dizayna malik Azərbaycan, rus və ingilis dillərində olan elektron diskin hazırlanması təmin olunmuşdur.

Azərbaycan Respublikası Prokurorluğu sistemində informasiya-kommunikasiya sisteminin, "Elektron hökumət" layihəsi çərçivəsində prokurorluq orqanlarında elektron sənəd dövriyyəsini təmin edəcək şəbəkənin yaradılması istiqamətində həyata keçirilən tədbirlər xüsusi əhəmiyyətli olmuşdur. Baş Prokurorluğun inzibati binasından ayrılıqda yerləşən Korrupsiyaya qarşı mübarizə və Ağır cinayətlərə dair işlər üzrə istintaq idarələri və Elm-Tədris Mərkəzi də daxil olmaqla, mərkəzi aparatın bütün struktur qurumlarının qoşulduğu proqramın gələcəkdə prokurorluğun digər struktur qurumlarının da qoşulması nəzərdə tutulur. Mərkəzi aparatda 9 avqust 2011-ci il tarixdə təqdimat mərasimi keçirilməklə istifadəyə verilmiş elektron sənəd dövriyyəsi proqramının real fəaliyyət göstərməsi, prokurorluq orqanlarının fəaliyyətinin bütün sahələrində yeni texnologiyaların tətbiqi struktur qurumların fəaliyyəti və əsas iş göstəriciləri, cinayət işlərinin dövriyyəsi barədə xüsusi elektron proqramların hazırlanması üzrə işlərin sürətləndirilməsinə, istintaq edilən cinayət işlərinin elektron variantlarının hazırlanması istiqamətində zəruri tədbirlərin görülməsinə zəmin yaratmışdır.

Prokurorluq orqanlarının fəaliyyətinin əsas sahələrindən biri olan müraciətlərə baxılması işinin və onun tərkib hissəsi kimi vətəndaşların qəbulunun müasir tələblər səviyyəsində təşkil edilməsi, bu sahədə fəaliyyətin yeni informasiya texnologiyalarından istifadə etməklə daha da təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində Baş Prokurorluq üzrə imzalanmış "Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında" 1 noyabr 2010-cu il tarixli 10100 nömrəli əmrin tələblərinə müvafiq olaraq Baş Prokurorluqda və bütün tabe prokurorluqlarda elektron müraciətlərin qəbulu və baxılması üçün lazımi imkanlar yaradılmış, vətəndaşların qəbulunun qeydiyyatı və uçotunun  xüsusi qaydaları həyata keçirilməklə xüsusi elektron məlumat bazalarının və yeni nəzarət mexanizminin təşkili, ilkin və təkrar müraciətlərə baxılması ilə bağlı müfəssəl prosedurlara əməl edilməsi təmin edilmişdir. Baş Prokurorluğun veb-saytında prokurorluğun müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə bağlı fəaliyyətinə dair zəruri məlumatların yerləşdirilməsi təmin edilməklə vətəndaşların internet şəbəkəsi vasitəsilə bu sahədə olan yeniliklərlə tanış olmalarına daha geniş şərait yaradılmışdır. Vətəndaşlara müraciət etmək imkanlarının genişləndirilməsi, bunun üçün əvvəlkindən az vaxt tələb olunması, daxil olan şikayətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi nəticəsində prokurorluğa ictimaiyyətin inamı xeyli dərəcədə artmışdır. Belə ki, 2010-cu ildə prokurorluq orqanlarına 2009-cu illə müqayisədə 10,2 faiz çox, yəni 42,5 mindən yuxarı, 2011-ci ilin birinci yarımilində isə ötən ilin müvafiq dövrünə nisbətən 37 faiz çox, yəni 28708 müraciət daxil olmaqla baxılmışdır.

Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı səmərəli mübarizənin aparılması istiqamətində mühüm islahatlar həyata keçirilmiş, zəruri tədbirlər görülmüşdür.

Dövlət başçısının "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2004-cü il 3 mart tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında korrupsiya cinayətləri üzrə ixtisaslaşmış dövlət antikorrupsiya orqanının - Korrupsiyaya qarşı mübarizə idarəsinin yaradılması korrupsiyaya qarşı mübarizənin aparılmasını Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin ən önəmli istiqaməti kimi müəyyən edilməsini şərtləndirməklə bu qəbildən olan cinayətlərə qarşı səmərəli mübarizənin aparılmasına şərait yaratmışdır.

"Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti tərəfindən 22 iyun 2009-cu il tarixdə imzalanmış fərmanda dövlətin büdcə və digər maliyyə vəsaitlərinin, bələdiyyələrin vəsaitlərinin istifadə olunması, dövlət və bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi, dövlət müəssisələrinin idarə olunması sahələrində istifadə, tənzimləmə və nəzarət funksiyalarının yerinə yetirilməsinə cavabdeh olan vəzifəli şəxslərin fəaliyyətində şəffaflığın təmin edilməsi, qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsi, qeyd olunan sahələrdə hüquqpozmalar barədə müraciətlərdə göstərilən halların obyektiv yoxlanılmasının təmin edilməsi ilə əlaqədar konkret tədbirlər nəzərdə tutulmaqla mərkəzi dövlət və icra strukturları ilə yanaşı, prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr qoyulmuşdur.

Həmin fərmanın icrası qaydasında həyata keçirilmiş tədbirlər nəticəsində 2010-cu ildə prokurorluq orqanlarına daxil olmuş müraciətlər üzrə kifayət qədər əsasların müəyyən edildiyi 23 halda aparılmış araşdırmanın nəticəsi olaraq 21 cinayət işi başlanılmış, görülmüş işlər barədə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına məlumat verilmişdir.

2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş Nazirlər Kabinetinin cari ilin yanvar ayının 14-də keçirilmiş iclasında dövlət başçısı tərəfindən verilmiş göstərişlərə müvafiq olaraq Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın yanvar ayının 27-də keçirilmiş yığıncağında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirən neqativ halların aradan qaldırılması, bu istiqamətdə işin təşkilinə görə cavabdeh olan dövlət təsisatlarının məsuliyyətinin artırılması, əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəllər yaradan, müxtəlif xidmət sahələrində mövcüd olan korrupsiya halları barədə vətəndaşların müraciətlərinə təxirəsalınmadan baxılması ilə əlaqədar qarşıya konkret vəzifələr qoyulması, habelə rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılmasının tələb edilməsi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizənin yeni, daha yüksək mərhələsi başlanmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun əlaqədar struktur qurumları və bütün tabe prokurorluqlar, ilk növbədə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən yuxarıda qeyd olunan vəzifələrin icrası üzrə zəruri tədbirlər görülməklə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və belə halları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" üzrə Fəaliyyət Planının yerinə yetirilməsi üçün müvafiq tədbirlər görülmüşdür.

Son dövrdə korrupsiyaya qarşı mübarizənin daha ciddi aparılması məqsədilə müvafiq qanunvericilikdə bir sıra dəyişikliklər edilməklə bu sahədə görülən işin səmərəliliyi yüksəlmiş, xüsusilə profilaktiki fəaliyyətin, preventiv təsirin gücləndirilməsi üçün kompleks tədbirlər həyata keçirilməyə başlanmış və hazırda uğurla davam etdirilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 11 mart 2011-ci il tarixli fərmanına əsasən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin prokurorluq işçilərinin ümumi say tərkibi 60 ştat vahidi artırılaraq 100 nəfərə çatdırılmış, eyni zamanda, texniki işçilərin də sayı artırılmışdır. "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 18 mart 2011-ci il tarixli qanunlara əsasən korrupsiya ilə bağlı cinayətlər üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyəti verilmişdir.

Dövlət başçısının həmin qanunların tətbiqi ilə əlaqədar imzaladığı fərmanlara, "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə" və "Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsi"ndə dəyişikliklər edilməsi haqqında" 8 aprel tarixli 403 və 404 nömrəli fərmanlarına uyğun olaraq müvafiq qanunvericilik aktlarının layihələri hazırlanmaqla yanaşı, Baş Prokurorluq üzrə "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin strukturunun təkmilləşdirilməsi, idarənin tərkibində olan struktur qurumların Əsasnamələrinin təsdiq edilməsi haqqında" əmrlə idarənin Analitik-informasiya və Daxili təhqiqatlar şöbələri ləğv edilməklə idarənin tərkibində Təşkilati və informasiya təminatı, Preventiv tədbirlər və təhqiqat, Əməliyyat təminatı və Əməliyyat şöbələri, Daxili Təhlükəsizlik Xidməti və Mütəxəssislər qrupu (şöbə səlahiyyətli) yaradılmaqla onların strukturu və ştat tərkibi müəyyən edilmişdir. İdarənin yeni yaradılmış qurumlarının və yeni təsis edilmiş ştat vahidlərinin ixtisaslı kadrlarla komplektləşdirilməsi istiqamətində tədbirlər görülür, o cümlədən 26 may 2011-ci il tarixdə idarənin vakant olan əməliyyatçı və mütəxəssis vəzifələrinə qəbulun həyata keçirilməsi ilə əlaqədar olaraq müsabiqə elan edilmişdir. Eyni zamanda, korrupsiyaya qarşı mübarizə vəzifəsini həyata keçirən prokurorluq əməkdaşlarının maddi təminatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2011-ci il tarixli qərarına əsasən  Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin işçilərinə xüsusi iş şəraitinə görə vəzifə maaşının 50 faizi məbləğində aylıq vəzifə maaşlarına əlavə müəyyən edilmişdir.

Korrupsiya ilə mübarizədə ictimaiyyətin köməyindən istifadə edilməsi, belə neqativ hallarla üzləşmiş şəxslərin ixtisaslaşmış orqana - Korrupsiyaya qarşı mübarizə idarəsinə birbaşa və maneəsiz  məlumat vermək imkanlarının yaradılması, bu müraciətlərə təxirəsalınmadan baxılmasının və dərhal müvafiq tədbirlər görülməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun 2 mart 2011-ci il tarixli əmri ilə idarənin nəzdində "161" nömrəli "qaynar xətt" əlaqə mərkəzi təşkil edilərək 3 mart 2011-ci il tarixdən fəaliyyətə başlamış, istirahət və bayram günləri də daxil olmaqla, sutkanın 24 saatı ərzində mərkəzə ödənişsiz zəng edilməsi üçün müvafiq texniki avadanlıq qurulmuşdur.

Əlaqə mərkəzinin fəaliyyət göstərdiyi müddət ərzində daxil olmuş 3 minə yaxın müraciətin təhlili göstərmişdir ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində dövlət başçısının siyasi iradəsinə uyğun olaraq həyata keçirilən qətiyyətli və sistemli tədbirlər müsbət nəticə verməklə əhali tərəfindən rəğbətlə qarşılanr. Müraciətlərə təxirəsalınmadan baxılması, zəruri qabaqlayıcı tədbirlərin vaxtında həyata keçirilməsi, əlaqədar dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində daxil olmuş müraciətlərin 25 faizinin müsbət həll edilməsi, 8 müraciət üzrə cinayət işi başlanaraq istintaq aparılması, 9 şəxs barəsində istintaq orqanının vəsatəti əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi korrupsiya təzahürlərinə preventiv təsir göstərməklə belə halların müəyyən qədər azalmasına səbəb olmuşdur. Korrupsiyaya qarşı mübarizə idarəsinin "qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciətlərlə bağlı aparılmış araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə təqdimatlar verilməklə müvafiq şəxslərin cəzalandırılması və qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilmişdir. Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon Əhalinin Sosial Müdafiə mərkəzlərinin fəaliyyətində aşkar edilmiş korrupsiya hüquqpozmalarına və cinayət faktlarına şərait yaradan hallar barədə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına müvafiq məlumat göndərilmişdir.

2010-cu il və 2011-ci ilin 8 ayı ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 335 şəxs barəsində 192 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. 2011-ci ilin yanvar-sentyabr ayları ərzində idarə tərəfindən korrupsiya hüquqpozmaları ilə əlaqədar  133 cinayət işi başlanılmış və  147 şəxs barəsində 88 cinayət işi tamamlanaraq baxılması  üçün məhkəməyə göndərilmişdir. Bu cinayətlər əsasən  rüşvətalma (passiv rüşvətxorluq), vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri), vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, talama, dələduzluq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma və sair faktlarla əlaqədar olmuşdur.

1 oktyabr 2011-ci ildə peşə bayramını qeyd edərkən prokurorluğun kollektivinin gərgin əməyi nəticəsində uğurlu nəticələr əldə olunmuş, ulu öndər Heydər Əliyevin prokurorluğun rəhbər heyəti ilə keçirdiyi 26 aprel 2000-ci il tarixli müşavirə ilə başlanmaqla prokurorluqda islahatlar prosesinin 2010-cu ilədək olan dövrdə davam edən ilkin mərhələsi yekunlaşmış, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli təkmilləşdirilməsi və müasirləşdirilməsi məqsədlərinə xidmət edən yeni bir mərhələnin həyata keçirilməsinə başlanmış, prokurorluğun hüquq sisteminin inkişafında, hüquqi dövlət quruculuğu prosesində iştirakında əhəmiyyətli irəliləyişlərə nail olunmuş, vətəndaş cəmiyyətində prokurorluğun rolunun artırılmasına, prokurorluq orqanlarının müasir dövrün tələblərinə və yüksək beynəlxalq standartlara uyğun fəaliyyətinin yeni keyfiyyət müstəvisinə yüksəldilməsinə zəmin yaradılmışdır.

Azərbaycan Respublikası Prokurorluğunun kollektivi dövlət başçısının rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsində, prokurorluğun fəaliyyətinin müasir dövrün standartlarına uyğun yeni keyfiyyət səviyyəsində qurulması istiqamətində səylərini daha da artıraraq qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsində, xalqına xidmətdə, insan hüquq və azadlıqlarının müdafiəsində, ictimai-siyasi sabitliyin, əmin-amanlığın və  dövlətçiliyimizin qorunmasında yeni-yeni nailiyyətlər əldə etməyə çalışacaqdır.

Dövlət başçısı 10 may 2011-ci ildə  ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə təşkil olunmuş təntənəli mərasimdəki  nitqində demişdir: "Ölkəmizdə elə bir sahə yoxdur ki, o sahə üzrə konkret proqram olmasın və həmin proqram icra edilməsin. Bir sözlə, bugünkü Azərbaycan güclü, müasir, öz gücünə arxalanan dövlətdir. Biz elə etməliyik ki, ölkəmizi bundan sonra da gücləndirək, inkişaf etdirək, qarşıda duran bütün vəzifələri icra edək, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq üçün əlavə tədbirlər görək, iqtisadi və sosial məsələlərin həllinə nail olaq". Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bütün dövlət orqanları üçün proqram xarakterli bu tövsiyələri hər bir prokurorluq işçisinin xidməti fəaliyyətinin başlıca məramı və məqsədi olmaqla  gündəlik işimizdə əsas tutulur.

 

 

Zakir QARALOV,

Azərbaycan Respublikasının

Baş prokuroru, I dərəcəli dövlət

ədliyyə müşaviri

 

Azərbaycan.- 2011.-1 oktyabr.- S.  5.