Müqəddəs
borc
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun məlumatlarına əsasən, ölkəmizdə əmək pensiyaçılarının 371 013 nəfəri ahıl vətəndaş, o cümlədən onların 149 035 nəfəri kişi, 221 978 nəfəri isə qadındır. Bir faktı da qeyd edək: ahıl pensiyaçıların 284 533 nəfəri 70-80, 77 079 nəfəri isə 80-90 yaş arasında olan insanlardır. Onlardan 9401 nəfərinin isə yaşı artıq 90-nı çoxdan adlayıb. Ümumiyyətlə, respublikamızda ahıllar pensiyaçıların 28 faizini təşkil edirlər.
Dünyada isə 700 milyon yaşlı insan var. Onların böyük əksəriyyəti, 40 milyondan
çoxu Rusiyada yaşayır. Bir faktı qeyd
etməyə dəyər
ki, harada yaşamalarından asılı
olmayaraq, ahıl insanların böyük bir qismi fəal
həyat tərzinə
malikdir. Onlar hamı
kimi qayğı çəkir, çalışır,
ailəsinin, övladlarının
yanında olmağa, ömürlərini cəmiyyət
arasında, dost-qohum yanında keçirməyə
çalışırlar. Bu isə çox
təəssüf ki, həmişə mümkün
olmur. Mümkün olsa idi, yəqin onda atılmış, tək-tənha
insan, "qocalar evi" olmazdı.
Bəlkə də elə buna görə, problemin vacibliyini nəzərə alaraq BMT-nin Baş Məclisi
1992-ci ildə ahılların
müdafiəsi ilə
bağlı xüsusi
qətnamə qəbul
edib və həmin qətnamənin prinsiplərinə uyğun
olaraq hər il oktyabr
ayının 1-i bütün
dünyada Beynəlxalq
Ahıllar Günü
kimi qeyd olunur. Bir çox
Avropa ölkələrində
olduğu kimi, Azərbaycanda da həm cəmiyyətimiz, həm də dövlətimiz tərəfindən ahıllara
həmişə xüsusi
diqqət və qayğı göstərilir.
Belə ki, hələ ümummilli lider Heydər Əliyev 22 iyun 2001-ci ildə "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının
Qanununu imzalamışdır.
Qanuna əsasən, ölkədə 70 yaşına
çatmış Azərbaycan
Respublikası vətəndaşları,
habelə Azərbaycan
Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı
olmayan şəxslər
ahıl hesab olunurlar.
Onu da qeyd edək ki, digər pensiyaçılar kimi, ahılların da problemləri həmişə
diqqət mərkəzindədir. Onların pensiyalarının
təyinatı, vaxtında
və ən mütərəqqi metodlarla
ödənilməsi üçün
bütün imkanlardan
istifadə edilir.
Hər bir gəncin qocalığı
olduğu kimi, hər bir qocanın
da uşaqlığı,
gəncliyi, qurub-yaradan
vaxtı olub. Bəlkə ona
görə qocalar həmişə uşaq kimi kövrək olurlar. Ancaq unutmamalıyıq ki, hər bir
yaşda cəmiyyətin
fəal üzvü olmaq olar. Əgər yaşına baxmayaraq, insan düşünmə
və əmək qabiliyyətini itirməyibsə,
özünün cəmiyyətə
lazım olduğunu dərk edirsə, onda onun zəhmətinə
və təcrübəsinə
həmişə ehtiyac
olacaq.
Ümumiyyətlə, kimsəsiz uşaq və yaşlıların
məsələsi son iki
əsrin əsas problemlərindən birinə
çevrilib. İnkişaf etmiş ölkələrin
hər biri bu məsələni müxtəlif cür həll etməyə çalışır. Sovet dönəmində
başqa respublikalarda olduğu kimi, Azərbaycanda da həmin problem özünəməxsus
şəkildə həllini
tapıb. İmtina edilən
balacalar, uşaqlar və ahılların internat və xüsusi evlərdə yerləşdirilməsi humanizm
əlaməti kimi görünsə də, indi məsələnin həlli başqa cür qoyulur. Həmin kimsəsizlərin topluma qaytarılması üçün
müəyyən addımlar
atılır. Hələlik isə onlar tam dövlət təminatındadırlar.
Hər il oktyabrın
1-nin Beynəlxalq Ahıllar
Günü kimi qeyd olunmasında məqsəd ahıl insanların sosial-məişət
problemlərini, tibbi ehtiyaclarını öyrənmək
və ictimaiyyətin diqqətini onların həllinə yönəltməkdən
ibarətdir. Həmin gün belə
insanlar üçün
bayram süfrələri
açılır, onlara
maddi kömək, digər sosial xidmət göstərilir.
Əslində, ahıllara diqqət
və qayğı göstərmək təkcə
təqvimin bir günü deyil, hər zaman olmalıdır. Unutmamalıyıq ki, bugünkü ağsaqqallar, ahıllar bizim dünənimiz, keçmişimizdir. Bu mənada, dövlət və ictimai təşkilatlarla yanaşı,
Azərbaycan Ağsaqqalar
Şurasının fəaliyyəti
də rəngarəngdir,
yaşlı, ahıl insanların həyati tələblərindən irəli
gələn aktual məsələlərlə zəngindir.
Məhz onların təşəbbüsü və
məsləhəti ilə
çox yerdə toy və yas mərasimlərində
milli adət-ənənələrimizin
qorunmasına xüsusi
diqqət yetirilir.
Bir qayda olaraq, rayon, şəhər
əhalinin sosial müdafiə mərkəzlərində
ahıl vətəndaşlara
12 növ sosial xidmət göstərilir. Hazırda respublikada
14 mindən çox ahıl vardır. Onlara xidmət göstərən
sosial işçilərin
sayı 1300 nəfərdir.
Tək
və ahıl vətəndaşlara sosial xidmətin bir
növü də onların internat evlərində dövlət
hesabına yaşamalarıdır. Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan bu müəssisələrdə
500 nəfərə yaxın tək ahıl vətəndaş
tam dövlət təminatında yaşayır. Onlara burada hər
cür şərait yaradılıb. Yaşayışları
Nazirlər Kabinetinin müəyyən etdiyi normalara tam
uyğundur.
Qayğıya,
köməyə ehtiyac duyan tək ahıl vətəndaşların
problemlərinin həlli məsələsində müəssisə
və təşkilatlar da fəal mövqedə dayanırlar. Hər
bir kəs, o cümlədən hər bir təşkilat
qocaları, kimsəsizləri yad etməyin savab iş olduğunu çox
gözəl dərk edir, buraya pənah gətirib özünə
yeni isti ocaq tapan, dünyanın hər üzünü
görmüş insanlara maddi və mənəvi dəstək
göstərməyi həm də müqəddəs borc bilirlər.
Hazırda
dünya əhalisi arasında ahıllaşma prosesi sürətlə
getməkdədir. Xüsusilə inkişaf etmiş ölkələrdə
yaşlı əhalinin sayı durmadan artır. Bu isə yeni
doğulanların azlıq təşkil etməsi ilə
bağlıdır. Avropa ölkələrində təqaüd
vaxtı uzadılır. Məsələn, Almaniya vətəndaşları
67 yaşda təqaüdə
getmək hüququna malikdirlər. Həmin ölkələrdə
həmçinin qocalar evlərinə ehtiyacı olanların da
sayında artım var. Azərbaycan vətəndaşları
60-63 yaşında təqaüdə çıxır və
ayrı-ayrı inkişaf etmiş ölkələrdən fərqli
olaraq, böyük ailə məfhumu, ahıla, valideynə,
ağsaqqala, ağbirçəyə hörmət qorunub
saxlanılmaqdadır. Lakin buna baxmayaraq, internatlarda yaşayan,
doğmaları tərəfindən unudulan insanlarımız
da var. Onlara nə qədər qayğı, nəvaziş
göstərilsə də, cəmiyyət arasında olmaq, doğmalarının əhatəsində
yaşamaq istəkləri hər şeyi üstələyir.
Gənclər,
orta nəslin nümayəndələri, hətta ahıllar da
cəmiyyətdə gedən inkişaf proseslərində
mütləq iştirak etməlidirlər. Yaşlıların
həyat təcrübəsindən, bilik və
bacarıqlarından bəhrələnmək isə nəsillər
arasında körpü rolunu oynayır. Bu, cəmiyyətin
tamlığı və bütövlüyü
baxımından da olduqca vacibdir.
Bəxtiyar QARACA
Azərbaycan.- 2011.-1 oktyabr.- S. 6.