Xəzərin sahilində ekoloji tədbir keçirilmişdir

 

Sumqayıt Rəsm Qalereyasına toplaşan "Azərikimya" İstehsalat Birliyinin kollektivi ARDNŞ-in Ekologiya İdarəsinin, "Qızıl Aypara" Cəmiyyətinin, Sumqayıt Şəhər Təşkilatının, Təhsil İdarəsinin, məktəblərin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə "Planetimizi tullantılardan təmizləyək! Sumqayıtı ekoloji təmiz şəhərə çevirək!" devizi altında ekoloji aksiya keçirmişdir.

Əvvəl tədbir iştirakçıları qalereyada məktəblilərin dəniz və ekologiya mövzusunda rəsm əsərlərindən və əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar. Sonra mərasim iştirakçılarına Beynəlxalq Dəniz Gününün tarixi əhəmiyyəti, mövcud ekoloji problemlər, onların aradan qaldırılması yolları, dənizin ekoloji mühitinin qorunması, Xəzərin hazırkı problemləri, dənizin müxtəlif tullantılarla çirklənməsi və onların qarşısının alınması yolları haqqında geniş məlumat verildi. Qeyd olundu ki, son zamanlar "Azərikimya" İB-nin təşkilatçılığı ilə Sumqayıtda atmosferin və dənizin təmizliyinin qorunması məqsədilə bir sıra mühüm ekoloji tədbirlər və layihələr həyata keçirilmiş, şəhərin tullantılarla və zərərli qazlarla çirklənməsinin qarşısı əhəmiyyətli dərəcədə alınmışdır.

Tədbir şagirdlərin ekoloji problemlərə aid məruzələri ilə davam etdi. "Azərikimya" İstehsalat Birliyinin və "Təfəkkür" liseyinin Sumqayıt məktəblilərinə birgə müraciəti səsləndirildi.

 Tədbirdə kimyaçıların təşəbbüsü ilə azyaşlı uşaqlardan ibarət yaradılmış,  bir yaşı tamam olan "Balaca ekoloqlar" qrupunun fəal üzvlərinə hədiyyələr təqdim edildi.

Ekoloji maarifləndirmə məqsədi daşıyan tədbirin rəsmi hissəsindən sonra gənc ekoloqlar qruplara bölünərək Xəzərin Sumqayıt şəhəri sahili boyu zolağını tullantılardan təmizlədilər.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2011.- 1 oktyabr.- S.  8.