Bakıda «Hilton Baku» otel kompleksinin
açılışı olmuşdur
Prezident İlham Əliyev
açılış mərasimində iştirak
etmişdir
Oktyabrın 3-də Bakının mərkəzində
yerləşən "Hilton Baku" otel kompleksinin
açılışı olmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
açılış mərasimində iştirak etmişlər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya
gül dəstəsi təqdim olundu.
Prezident İlham Əliyev otelin rəmzi
açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, son illər Azərbaycana turist
axınının sürətli artımı müşahidə
olunmaqdadır.
2011-ci ilin ölkəmizdə "Turizm ili"
elan olunması bu sahənin daha da inkişaf etdirilməsi
üçün yeni imkanlar açmışdır. Müasirləşən ölkəmizdə yüksək
səviyyəli xidməti ilə seçilən mehmanxana
komplekslərinin inşası geniş vüsət
almışdır. "Hilton" otellər
şəbəkəsi və onun sahibi "Hilton Worldwide"
şirkəti 92 ildir biznes və istirahət məqsədilə
səyahətə çıxan şəxslərə ən
gözəl mehmanxanalar, xidmətlər, istirahət
zonaları təklif edir. Özünün qlobal brendləri
vasitəsilə qonaqlara yüksək xidmət ənənəsini
davam etdirən "Hilton Worldwide" şirkətinin brendləri
84 ölkədə 3750 mehmanxanadan və 615 min otaqdan ibarətdir.
Azərbaycanın paytaxtında inşa olunan
"Hilton Baku" oteli də şirkətin xidmət sahəsində
daha bir nailiyyətidir. Heydər Əliyev
Beynəlxalq Aeroportundan 24 kilometr məsafədə yerləşən
"Hilton Baku" otel kompleksi müasir dizaynı ilə
seçilir. Otelin inşasında beynəlxalq
və milli memarlıq üslubu peşəkarlıqla
uzlaşdırılmışdır.
Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə
ərazi ilə tanış oldular.
Bildirildi ki, hər növ yüksək xidmətin
göstəriləcəyi otel kompleksi paytaxtın müasir
görkəminə
uyğunlaşdırılmışdır. "Hilton
Baku" otel kompleksi "İSR Kapital Menecment" MMC və
"Hilton Worldwide" şirkətləri arasında 2007-ci
ildə imzalanan müqavilə əsasında inşa
olunmuşdur. Türkiyənin "Koray
İnşaat" şirkəti tərəfindən inşa
edilən otelin tikintisində 700 işçi
çalışmışdır. 25 mərtəbədən
ibarət olan oteldə ümumilikdə 309 otaq vardır.
Oteldə Finlandiya istehsalı olan beş
müasir lift quraşdırılmışdır. Mehmanxananın birinci mərtəbəsində
qeydiyyat mərkəzi və qonaqların istirahəti
üçün rahatlığı ilə seçilən
gözləmə otağı vardır.
Dövlətimizin
başçısı burada "Şəkər-Lanç"
və 200 nəfərlik "Silantro" restoranları ilə tanış oldu. Qeyd edildi ki,
restoranlarda müştərilərə milli və
dünyanın tanınmış mətbəxlərinin ləziz
yeməkləri təqdim olunacaqdır.
Otelin
25-ci mərtəbəsindəki şəraitlə tanış olan Prezident İlham Əliyevə
məlumat verildi ki, burada bir saat ərzində 360 dərəcə
fırlanan dairəvi istirahət yeri yaradılmışdır.
Burada qonaqlara müxtəlif iaşə xidmətləri
göstəriləcəkdir. İlin isti
aylarında qonaqların açıq havada istirahəti
üçün lazımi şərait yaradılmış
kompleksin ən yuxarı mərtəbəsindən
Bakının mənzərəsini seyr etmək
mümkündür. Xəzər dənizinə
açılan mənzərə isə xüsusilə diqqəti
cəlb edir.
Dövlətimizin başçısının diqqətinə
çatdırıldı ki, otelin 24-cü mərtəbəsində
"Skay-Qrill" restoranı fəaliyyət göstərəcəkdir.
Bildirildi
ki, otel kompleksində 2,5 min kvadratmetr sahəsi olan SPA və
Fitnes Mərkəzində örtülü hovuz, masaj hovuzu,
türk hamamı, 8 müalicə otağı, VİP SPA
otağı yaradılmışdır. İdman
mərkəzindəki bütün avadanlıqlar ABŞ-dan gətirilmişdir.
Müasirliyi ilə diqqəti cəlb edən mərkəzdə
ən yüksək şərait yaradılmışdır.
"Hilton Baku" otel kompleksinin SPA və Fitnes
Mərkəzi buraya müraciət edəcək hər bir kəsdə
zəngin təəssürat doğuracaq, onlara mənalı
istirahət bəxş edəcəkdir.
Prezident İlham Əliyevin diqqətinə
çatdırıldı ki, otelin binasının 17 mərtəbəsi
otaqlardan ibarətdir. Otaqların 231-i standart, digərləri isə
xidmət çeşidlərinə görə fərqlənən
otaqlardır. Ən yüksək standartlara
cavab verən otaqlardan həm şəhərimizə, həm də
Xəzər dənizinə gözəl mənzərə
açılır. Bildirildi ki, burada
dünya otel biznesində mövcud ən yüksək xidmət
göstəriləcəkdir. Bütün
otaqlarda istirahət üçün maksimum şərait
yaradılmışdır. Otel simsiz
internet şəbəkəsi ilə təmin edilmiş, fərdi
kondisioner sistemi, fərdi seyflər və birbaşa
çıxışlı telefon şəbəkəsi
qurulmuşdur.
Məlumat verildi ki, ikinci və üçüncü mərtəbələrdə
müxtəlif səviyyəli tədbir və
görüşlərin keçirilməsi üçün ən
son informasiya-kommunikasiya texnologiyaları ilə təchiz
edilmiş 18 zal fəaliyyət göstərir. İkinci mərtəbədəki
750 nəfərlik böyük konfrans zalında beynəlxalq və
respublika əhəmiyyətli tədbirlərin keçirilməsi
üçün lazımi şərait
yaradılmışdır. Zalda, həmçinin
müxtəlif ziyafətlərin, təqdimat mərasimlərinin
keçirilməsi də mümkündür. Birinci mərtəbədən
buraya avtomobillərin qaldırılması üçün
xüsusi lift sistemi quraşdırılmışdır ki, bu,
toy mərasimləri zamanı
avtomaşının birbaşa maneəsiz hərəkətini
təmin edir. Eyni zamanda, bu, müxtəlif
avtomobillərin təqdimatının keçirilməsinə
də imkan yaradır. Rəsmi
görüş və qəbulların yüksək səviyyədə
təşkili üçün ayrıca otaq da vardır.
Burada həm işıq, həm də səsləndirmə
sistemi yüksək səviyyədə qurulmuşdur.
Prezident İlham ƏLİYEV otelin
kollektivi ilə görüşdü, onları salamlayaraq dedi:
- Sizi "Hilton" otelinin açılışı
münasibətilə ürəkdən təbrik edirəm. Çox
şadam ki, şəhərin mərkəzində çox
gözəl, müasir otel tikilib istifadəyə verilib. "Hilton" otellər şəbəkəsinin Azərbaycanda
fəaliyyətə başlaması da çox əlamətdar
bir hadisədir və onu göstərir ki, ölkəmiz
sürətlə inkişaf edir, ölkəmizin xidmət
sektoru da inkişaf edir. Belə məşhur
otellər şəbəkəsinin Azərbaycanda fəaliyyətə
başlaması özlüyündə bir göstəricidir.
Mən çox şadam ki, Bakının mərkəzində
yerləşən bu oteldə bütün şərait
yaradılıbdır. Buna heç şübhəm də yox
idi, çünki "Hilton" dünya şöhrətli
bir brenddir və təbii ki, bu hoteldə ən yüksək səviyyə
tətbiq olunur. Otel çox böyük
zövqlə tikilibdir. Həm istirahət
etmək, qalmaq, eyni zamanda, müxtəlif tədbirlər
keçirmək üçün bütün şərait
vardır.
Bu otelin yaradılması əlbəttə ki, Azərbaycanın
inkişafına investorların inamının təzahürüdür. İndi Azərbaycanda
müxtəlif sahələrə böyük investisiyalar
qoyulur, sənayenin inkişafı sürətlə gedir.
Mən çox şadam ki, xidmət sektoruna da
böyük həcmdə investisiyalar qoyulur. Otellərin
yaradılması, eyni zamanda, onu göstərir ki, Azərbaycana
xaricdən gələn turistlərin marağı, ölkəmizin
tarixi, mədəniyyəti ilə tanış
olmaq üçün gələnlərin sayı artır və
qonaqları yaxşı qəbul etmək üçün indi
bütün imkanlarımız vardır.
Son dövrlərdə bütövlükdə Azərbaycanda
- Bakıda və bölgələrdə yeni gözəl otellərin
tikintisi baş verir. Təkcə Bakı şəhərində bu il və gələn il beşulduzlu 6 otel fəaliyyətə
başlayır və onların içində ikinci otel
"Hilton"dur. Bundan sonra hələ 4 otel də
açılacaq və əlbəttə bu, Prezident kimi məni
çox sevindirir. Ancaq bu, otellər
arasında rəqabətin güclənməsinə və nəticə
etibarilə burada qalan turistlər, qonaqlar üçün daha
da yaxşı şəraitin yaradılmasına gətirib
çıxaracaqdır. Çünki hər
bir ölkənin inkişafı üçün bütün
sahələrdə sağlam rəqabət çox vacib rol
oynayır.
Azərbaycana investisiyaların cəlb edilməsi
işində dövlətimiz son illər ərzində
çox böyük işlər görübdür. Təkcə keçən il ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə
qoyulmuşdur. Son 15 il ərzində isə
Azərbaycana 100 milyard dollar investisiya qoyulmuşdur və son
illər ərzində daxili investisiyalar xarici investisiyaları
üstələyir. Xüsusi əhəmiyyət
kəsb edən odur ki, təkcə neft-qaz sektoruna deyil,
qeyri-neft-qaz sektoruna - xidmət sektoruna investisiyalar qoyulur və
"Hilton" otelinin fəaliyyətə başlaması
dediyim sözlərin təsdiqidir.
Mən ümid edirəm ki, gələcəkdə Azərbaycanda
- həm Bakıda, həm bölgələrdə inkişafla
bağlı konkret layihələr icra ediləcək, öz həllini
tapacaqdır.
Həm Bakının, həm bölgələrin
abadlaşması, gözəlləşməsi
üçün Azərbaycan dövləti bundan sonra da əlindən
gələni əsirgəməyəcəkdir. Bakı
doğrudan da, dünyanın ən gözəl şəhərlərindən
biridir. Bakının inkişafı sürətlə
gedir. Bakının özəlliyi ondan ibarətdir
ki, şəhərimizin çox gözəl, böyük, təkrarolunmaz
tarixi, mədəniyyəti, tarixi abidələri vardır.
Biz haqlı olaraq fəxr edirik ki, Bakıda həm
qədim tarix qorunub saxlanılır, həm müasirliyə,
inkişafa doğru ciddi addımlar atılır.
Otelin yuxarı mərtəbələrindən
açılan mənzərə göz oxşayır. Biz
Bakının inkişafı ilə çox ciddi şəkildə
məşğul oluruq. Bakının tarixi
simasının qorunması ilə bərabər, müasir
infrastrukturun yaradılması da vacib rol oynayır. Yeniləşən bulvar, onun uzadılması, Bayraq
Meydanı ilə birləşməsi, Bayraq Meydanında indi
gedən quruculuq-abadlıq işləri deyə bilərəm
ki, dünya miqyasında nadir xarakter daşıyır. Əminəm
ki, bir neçə aydan - Bayraq Meydanı istifadəyə veriləndən
sonra Bakı sakinləri və gələn qonaqlar şəhərimizdən
daha böyük
zövq alacaqlar və inkişafımızla tanış
olacaqlar.
Mən otelin yaradılmasında əməyi olan
bütün insanlara minnətdarlığımı bildirmək
istəyirəm. İlk növbədə investorlara minnətdaram
ki, onlar ölkəmizin gələcəyinə inanıb
Bakıya çox böyük həcmdə investisiyalar
qoymuşlar. "Hilton" otellər şəbəkəsinin
rəhbərliyinə minnətdaram ki, onlar qərar qəbul
ediblər ki, Bakıda otel açsınlar. Bu binanın tikintisində iştirak etmiş
bütün inşaatçılara minnətdaram. Burada işləyən əməkdaşlara
sözüm ondan ibarətdir ki, siz yaxşı bilirsiniz, ən
gözəl otel odur ki, orada gözəl xidmət göstərilir.
Xarici gözəllik, daxili dizayn, tərtibat -
bütün lazımi məsələlər təbii ki,
vacibdir. Ancaq xidmətdən çox
şey asılıdır. Mən
şübhə etmirəm ki, burada çox gözəl xidmət
göstəriləcəkdir.
Bir daha sizi bu gözəl hadisə münasibətilə
ürəkdən təbrik edirəm.
* * *
"İSR Holdinq" şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi inkişafın mühüm nəticələr verdiyini vurğuladı. Son illərdə ölkəmizdə beşulduzlu mehmanxanaların istifadəyə verilməsinin Azərbaycanda qeyri-neft sektorunun inkişafını göstərən mühüm amil olduğunu bildirən İsgəndər XƏLİLOV dedi:
- Bu gün açılışında iştirak etdiyimiz "Hilton Baku" oteli möhtərəm Prezidentimiz cənab İlham Əliyevin irəli sürdüyü iqtisadi siyasətin, islahatların həyata keçirilməsi nəticəsində ərsəyə gəlib. Müşahidələr göstərir ki, nəzərdə tutulan hər bir iqtisadi layihə Azərbaycanda sürətlə və keyfiyyətlə həyata keçirilir. Bunu şirkətimizə davamlı olaraq tez-tez gələn xarici qonaqlar da təsdiqləyirlər. Məsələn, bu otelin tikintisi 2010-cu ilin əvvəlində başlamış, 2011-ci ilin oktyabr ayında isə möhtəşəm bina artıq istifadəyə verilmişdir. Bu otel barədə çox danışmaq istəməzdim. Ona görə ki, yaxın zamanlarda Bakıda "Hilton"dan başqa, dünyanın ən tanınmış dörd brendi altında yeni otellər fəaliyyətə başlayacaqdır.
"Hilton Worldwide" şirkətinin vitse-prezidenti Maykl KOLLİNİ dövlətimizin başçısına təşəkkür edərək "Hilton Baku" otelinin açılışında iştirak etməkdən məmnun olduğunu bildirdi. Qeyd etdi ki, dünyanın 80 ölkəsində olan "Hilton" otellərinin sayı artıq 500-ə çatır. "Əslində, olduqca dinamik və sürətlə inkişaf edən Bakıda bu otelin açılmasından çox şadıq",- deyən Maykl Kollini bu "Hilton Baku"nun uğurla fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirdi.
Sonda xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi, bir daha kollektivə uğurlar arzuladı.
AzərTAc
Azərbaycan.- 2011.-4 oktyabr.- S. 1.