Berlində Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpa
edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişdir
Xəbər verdiyimiz kimi, sentyabrın 29-da Almaniya Federativ Respublikasının paytaxtı Berlində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunmuş mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir.
Mərasimi açan Almaniyanın tanınmış teleaparıcısı Yens RİVA bu tədbirin əhəmiyyətini vurğuladı, Azərbaycan, onun sahib olduğu mədəni dəyərlər haqqında tamaşaçılara ətraflı məlumat verərək dedi:
- Xanımlar və cənablar! Sizi Alman Tarix Muzeyində salamlamağıma çox şadam. Bu səmimi qəbul üçün təşəkkür edirəm.
Xanım Mehriban Əliyeva, xanım Bettina Vulf, zatı-aliləri, deputatlar! Sizə səmimi qəlbdən "Xoş gəlmisiniz!" deyirəm. Cənab Hans Ditrix Genşeri və muzeyin yeni direktoru, professor Aleksandr Koxu salamlayıram.
Xanımlar və cənablar! Bu gün bütün Avropanın gözü Berlindədir. Çünki Almaniya Bundestaqında ümumi valyutamız olan avronun gələcəyi müzakirə olunur və gələn ilin mayında bütün Avropanın diqqəti buradan 3 min kilometr uzaqda - Şərqdə yerləşən Azərbaycanın paytaxtı Bakıya - "Eurovision"un keçiriləcəyi şəhərə yönələcəkdir. Ancaq elə bu axşam sizi 3 min kilometr uzaqda olan bir ölkəyə xoş səfər gözləyir. Azərbaycan bu günlərdə müstəqilliyinin bərpa edilməsinin 20 illiyini bayram edir. Bir az əvvəl Almaniya da özünün yenidən birləşməsini bayram etdi. Bu tarixi yubileylər münasibətilə Berlində belə gözəl bir axşamı Azərbaycanın və Almaniyanın birinci xanımları Mehriban Əliyeva və Bettina Vulfdan başqa kim təşkil edə bilərdi?!
İndi isə qonaqları salamlamaq üçün Almaniya Prezidentinin
xanımı Bettina Vulfu
dəvət edirəm. Xanım Bettina Vulfun şərəfinə səmimi
alqışlar gəlsin.
Tədbirdə Almaniyanın birinci
xanımı Bettina Vulf çıxış etdi.
Birinci xanım Bettina
Vulfun çıxışı
-
Çox hörmətli xanım Mehriban Əliyeva!
Zati-aliləri,
çox hörmətli cənab doktor Kox, çox hörmətli
xanımlar və cənablar!
Bu
gün burada olduğuma, Azərbaycanın müstəqilliyinin
bərpa edilməsinin 20 illiyini sizinlə birlikdə bayram
etdiyimə görə şox şadam.
Xanım
Əliyeva, bu münasibətlə Almaniyaya xoş gəlmisiniz.
Almaniya və Azərbaycan çox qədim tarixi əlaqələrə,
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra isə
tərəfdaşlıq münasibətlərinə malikdirlər.
Azərbaycanın xaricdə ilk mədəniyyət ili 2008-ci
ildə Almaniyada olmuşdur. Bundan bir az sonra - 2009-cu ildə Azərbaycanda
Almaniya mədəniyyət həftələri
keçirilmişdir. Bakıdakı "Kapellhaus" Alman-Azərbaycan
mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir.
Xanım
Əliyeva! Siz mədəniyyətə çox böyük
önəm verirsiniz. Siz bu bayramdan istifadə edərək
axşamın qonaqlarını ölkənizin mədəniyyəti
ilə daha yaxından tanış etmək istəyirsiniz.
Çoxdandır ki, Azərbaycanın tarixi irsini var
gücünüzlə qorumağa
çalışırsınız. YUNESKO-nun xoşməramlı
səfiri kimi milli musiqinizin və tarixi sənət əsərlərinin
keşiyində dayanmağa, onların qorunub saxlanmasına daha
çox səy göstərirsiniz. Siz bu sərvətlərinizi
ölkənizin sərhədlərindən kənarda
tanıtdırır və bununla həm öz mədəniyyətinizi
yayır, həm də mədəniyyətlərarası əlaqələri
inkişaf etdirirsiniz. Bu axşam həmin irsi çox gözəl
bir sərgi ilə bizə təqdim edirsiniz.
Məni
ən çox əlvan ilməli zərif xalçalar valeh
etmişdir. Onlar böyük sənətkarlıq ənənələri
olan bir keçmişdən xəbər verir. Bundan əlavə,
bu axşam dinləyəcəyimiz
muğam musiqisini də böyük maraqla gözləyirəm.
Bilirəm ki, bu musiqi vaxtilə
yazıya alınmayıb, şifahi şəkildə nəsildən-nəslə
ötürülmüşdür. Belə mənəvi mədəni
irsin qorunub saxlanılmasını və inkişaf etdirilməsini
xüsusilə vacib hesab edirəm. Yoxsa onlar həmişəlik
itib gedərdi.
Xanım
Əliyeva, bu əsrarəngiz axşam üçün Sizə
təşəkkür edirəm və böyük maraqla Sizin
çıxışınızı, sonda da konserti gözləyirəm.
Səmimi təşəkkürlər.
* * *
Teleaparıcı
Yens RİVA: Almaniyanın birinci xanımı Bettina Vulf, bu səmimi
sözlərə görə sizə təşəkkür
edirik.
Xanımlar
və cənablar, Azərbaycanın birinci xanımını
da Berlində salamlamaq mənim üçün böyük
şərəfdir! Mehriban xanım Əliyeva Heydər Əliyev
Fondunun Prezidenti kimi beynəlxalq aləmdə böyük
nüfuz və rəğbət qazanmışdır. Bu fond Azərbaycanda
və ölkənin hüdudlarından kənarda insanların
həyatını yaxşılaşdırmaq
üçün layihələr həyata keçirir. Bu layihələrdən
biri də məktəb tikintisidir. Çünki insanlar
hansı təbəqəyə mənsubluğundan
asılı olmayaraq, ancaq yaxşı təhsil almaqla cəmiyyətdə
mövqe qazana bilərlər. Son dörd ildə Heydər Əliyev
Fondunun dəstəyi ilə Azərbaycanda və dünyada
400-dən çox məktəb binası tikilmişdir. Ancaq
bu, Azərbaycanın birinci xanımının geniş fəaliyyət
sahəsindən bircə misaldır. Üç övlad
anası olan Mehriban xanım,
eyni zamanda, YUNESKO-nun xoşməramlı səfiri kimi fəaliyyət
göstərir. Növbəti "Eurovision" musiqi
yarışmasına hazırlıq komissiyasına rəhbərlik
edir, Azərbaycan mədəniyyətinin qorunması və
inkişafı üçün çalışır. Yeri gəlmişkən,
sizin indi görəcəyiniz kitab bu yaxınlarda çap olunmuşdur.
İndi köməkçim onu gətirəcəkdir. Adı
"Qadınların gücü"dür. Müəllif
Kristina Pleve dünyanın 30 ölkəsindən olan 60 məşhur
qadına yer vermişdi. Bunların arasında əlbəttə
ki, Azərbaycanın birinci xanımı da vardır. Müasir
Azərbaycan qadınına xas olan bütün nəcib keyfiyyətləri
özündə əks etdirən bir xanım! Eyni zamanda, onun şəxsi
uğurlarını şərtləndirən bir neçə
sirr!
İndi
isə təbrik sözü üçün dəvət
olunan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin xanımı
Mehriban Əliyevanı mənimlə birlikdə ürəkdən
salamlayaq!
Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva mərasimdə
çıxış etdi.
Birinci xanım Mehriban Əliyevanın
çıxışı
-
Hörmətli birinci xanım!
Hörmətli
qonaqlar, xanımlar və cənablar!
Azərbaycanın
müstəqilliyinin bərpa olunmasının 20-ci
ildönümünə həsr edilmiş axşamda sizi səmimi
qəlbdən salamlayıram, sizə "Xoş gəlmisiniz!"
deyirəm. Mən xanım Bettina Vulfa bu gün bizimlə
olduğuna görə, ölkəmiz haqqında və şəxsən
mənim haqqımda deyilən sözlərə görə dərin
minnətdarlığımı bildirirəm.
Bugünkü
axşam Heydər Əliyev Fondu tərəfindən
hazırlanıb. Məqsədimiz Azərbaycanın
keçmişini və bu gününü, tarixini və mədəniyyətini,
20 il ərzində əldə edilən uğurlarını
dünya ictimaiyyətinə tanıtmaqdır.
1991-ci
ildən Azərbaycan dünya birliyinə - azadlıq,
demokratiya və aşkarlıq məkanına inteqrasiya etməyə
başlayıb. Biz müstəqil
ölkə kimi çox gəncik. Lakin Azərbaycanın tarixi
kökləri qədimlərə gedib çatır. Cənubi
Qafqazda - Xəzər dənizinin sahillərində ilk dövlətlər
hələ eramızdan əvvəl II-I minilliklərdə
yaradılmışdır. Şərqin ən qədim
sivilizasiyalarından biri məhz Azərbaycanın ərazisində
formalaşmışdır. Tarixi İpək Yolu üzərində,
mədəniyyətlərin və sivilizasiyaların
qovuşduğu məkanda yerləşən Azərbaycan əsrlər
boyu Qərb və Şərq mədəniyyətinin təsiri
altında formalaşmışdır. Baxmayaraq ki, müxtəlif
dövrlərdə Azərbaycan müxtəlif imperiyaların
tərkib hissəsi olmuşdur, xalqımız tarixini, mədəniyyətini,
dilini qoruyub saxlayaraq milli mənliyini itirməmişdir.
Bu
gün də müstəqil ölkə kimi biz gələcəyimizi
köklərimizə və ənənələrimizə əsasən
qururuq. Hələ 1918-ci ildə yaranan Azərbaycan Xalq
Cümhuriyyəti müsəlman Şərqinin ilk demokratik
parlament respublikası olmuşdur.
O
dövrdə Azərbaycan müsəlman dünyası
üçün, müsəlman Şərqi üçün
əsl mayaka çevrilmişdi. Müsəlman qızları
üçün ilk dünyəvi məktəb
açılmışdır, Azərbaycan qadınları səsvermə
hüququnu qazanmışlar, ölkədə
çoxpartiyalı parlament fəaliyyət göstərirdi,
Şərqin ilk opera və baleti yazılmışdı.
Əfsuslar
olsun ki, Xalq Cümhuriyyətinin ömrü çox qısa
oldu. Gənc respublika ciddi geosiyasi problemlərlə üzləşdi
və bu amillərin, bu problemlərin arasında Bakı neftinə
olan marağın artması da mühüm rol oynadı. Nəticədə
hərbi intervensiya yolu ilə ölkəmizdə sovet hakimiyyəti
quruldu, Azərbaycan müstəqilliyini itirdi. Yetmiş ildən
çox xalqımız sovet rejiminin sərt qanunları ilə
üzləşmişdir. Lakin eyni zamanda, bu dövrdə Azərbaycanın
iqtisadi potensialı formalaşdı, təhsil şəbəkəsi
yarandı, orta və ali məktəblər
açıldı, Milli Elmlər Akademiyası fəaliyyətə
başladı.
Nəhayət,
1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdi və
Azərbaycan xalqı öz torpağına, öz ölkəsinə,
öz taleyinə sahib oldu. Bu 20 il ərzində biz
böyük nailiyyətlər əldə etmişik. Biz tamamilə
yeni siyasi və iqtisadi sistem qurub sürətlə inkişaf
edirik. Azərbaycan bu gün bölgənin aparıcı
dövlətidir. Cənubi Qafqaz dövlətlərinin
ümumi iqtisadiyyatının 75 faizi Azərbaycanın
payına düşür. Bölgədə həyata
keçirilən bütün irimiqyaslı layihələr Azərbaycanın
iştirakı və təşəbbüsü ilə
reallaşır.
Son
illər iqtisadi templərin artımına görə Azərbaycan
dünyanın lider ölkələri sırasındadır.
Avropa İttifaqı bu gün Azərbaycanı enerji təhlükəsizliyi
sahəsində strateji tərəfdaş kimi tanıyır. Azərbaycan
Avropanın neft və qaz ilə təminatında öz rolunu
oynamağa hazırdır.
Bu
gün inkişaf ölkəmizin bütün sahələrini əhatə
edir. Qeyri-neft sektoru yüksəlir, böyük, irimiqyaslı
infrastruktur layihələri həyata keçirilir,
paytaxtımızın və başqa şəhərlərimizin
siması dəyişir. Təkcə bu il ərzində
paytaxtımızda - Bakıda beşulduzlu beş yeni otelin
açılışı gözlənilir. Bu da ölkəmizə
ildən-ilə artan marağın sübutudur.
Bizim
ən böyük sərvətimiz mədəni irsimizdir, Azərbaycanın
xalçaçılıq məktəbi, təsviri sənəti,
ədəbiyyatı, musiqisi, tarixi və memarlıq abidələridir.
Bu gün ölkədə xüsusi Dövlət Proqramına əsasən
teatrlar və muzeylər bərpa olunur, yeni mədəniyyət
mərkəzləri açılır, abidələr dövlət
tərəfindən qorunur.
Azərbaycanda bu gün sosialyönümlü siyasət aparılır. 2003-cü ildən bugünədək ölkəmizdə 900 mindən çox yeni iş yeri açılıb, 2 mindən çox yeni məktəb binası inşa olunub, yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə enibdir.
Əziz qonaqlar, mən xüsusi vurğulamaq istərdim ki, bütün bu nailiyyətləri ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi uzun sürən və hələ də həllini tapmayan ağır problemin mövcudluğu şəraitində əldə edibdir. Bu gün ölkəmizdə 1 milyon məcburi köçkün və qaçqın var və torpaqlarımızın 20 faizi işğal altındadır. Ümidvarıq ki, yaxın gələcəkdə bu münaqişə ədalətli, sülh yolu ilə həllini tapacaq və hər bir qaçqın, hər bir məcburi köçkün doğma yurduna qayıdacaqdır.
Bu gün Azərbaycan Avropa İttifaqı ilə, onun üzvü olan ölkələrlə əməkdaşlığını genişləndirir və möhkəmləndirir. Bu ölkələrin arasında əsas tərəfdaşlarımızdan biri olan Almaniya ilə də münasibətlər çox mühüm yer tutur. Bu münasibətlərin uzun tarixi vardır. Almanlar ölkəmizə hələ əvvəlki əsrlərdə gəlmiş və məskunlaşmışlar. Hələ o zamanlar Almaniyanın məşhur iş adamları Azərbaycanda fəaliyyət göstərirdilər. Bu gün də ölkələrimiz arasında iqtisadi, siyasi, humanitar, mədəniyyət sahələrində əlaqələr uğurla inkişaf edir. Müxtəlif sahələrdə ikitərəfli proqramlar həyata keçirilir, yüzlərlə azərbaycanlı tələbə Almaniyanın aparıcı universitetlərində təhsil alır, Almaniyanın iri şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Ümidvaram ki, bugünkü axşam da dostluq əlaqələrimizə, bu əlaqələrin güclənməsinə öz töhfəsini verəcəkdir.
Əziz qonaqlar, bu gün biz sizin diqqətinizə Azərbaycanın qədim və zəngin mədəniyyətinin kiçik bir hissəsini təqdim edəcəyik. Mədəniyyət insanları onların dini və milli mənsubiyyətindən asılı olmayaraq birləşdirir, dialoq və anlaşmaya xidmət edir. Bu isə, fikrimcə, bugünkü mürəkkəb dünyada ən vacib amillərdən biridir.
Sonda əziz dostlar, mən bir daha "Eurovision" musiqi müsabiqəsində bizim iki istedadlı gəncimizə dəstək verdiyinizə görə sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu qələbəni biz Azərbaycanda gözləyirdik və əlbəttə, bununla çox fəxr edirik. Siz keçən "Eurovision" müsabiqəsinin qalib ölkəsi kimi yəqin ki, bizim hisslərimizi yaxşı anlayırsınız.
Əziz dostlar, fürsətdən
istifadə edərək, sizi ölkəmizə
dəvət edirəm. Bu axşam
bizimlə olduğunuza görə sizə
bir daha öz dərin təşəkkürümü
bildirirəm, xoşbəxtlik və əmin-amanlıq
arzulayıram.
* * *
Teleaparıcı
Yens RİVA: Heydər Əliyev Fondu təkcə Azərbaycanın
incəsənət və mədəniyyətinin
inkişafına deyil, həmçinin bütün Avropa mədəniyyət
və incəsənətinin inkişafına da öz töhfəsini
vermişdir. Belə ki, Heydər Əliyev Fondu tərəfindən
Parisdə kilsələr bərpa olunmuş, Berlinin rəmzi
olan qəsrin yenidən qurulmasına 50 min avro
ayrılmışdır. Bu da alqışa layiqdir.
Yəqin
ki, siz bu binaya daxil olarkən heyranedici işləri
gördünüz. Toxuculuq digər incəsənət
növlərindən həmişə seçilir. Bu da Azərbaycanın
keçmişdən gələn və rəssamlar tərəfindən
bizə çatdırılan irsidir. Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın dəstəyi ilə
keçirilən tədbirdə təqdim edilən bu
xalçalar Azərbaycan incəsənətinin əsas hissəsini
təşkil edir. Bizim bu proqramda təqdim edilən növbəti
incəsənət nümunəsi milli musiqi alətləridir.
İndi isə izləyəcəyimiz
konsertin əhəmiyyətindən
danışmaq istəyirəm. Azərbaycan musiqi
məktəbi və indi burada
iştirak edən orkestr
bu gün artıq dünya mədəniyyətinin bir hissəsinə çevrilmişdir.
Azərbaycan musiqisində muğam və caz əsas rol oynayır. Ənənəvi
musiqi cazla birlikdə
XX əsrdən başlayaraq Azərbaycan
cazını inkişaf etdirmişdir.
Bunun nəticəsində Dövlət Kamera Orkestri
yaradılmışdır. Hər bir kamera orkestrində Avropa
ab-havası hiss olunur.
Amma indi görəcəyiniz
orkestr özünəməxsusluğu ilə
seçilir. Bu orkestr bugünkü Avropada gördüyümüz
siyasi və ictimai əhval-ruhiyyəni
çox gözəl çatdırır.
Bu da Azərbaycan mədəniyyəti
və incəsənətinin Avropa
tamaşaçıları arasında uğurla
təbliğ olunmasına imkan yaradır. Bugünədək bu orkestr Paris, London, Roma, Yaponiya və Çində çıxış
etmişdir. Bu gün
də şübhəsiz
ki, bu orkestr
sizin aranızdan da 100 fanat yığa
biləcəkdir. Bu orkestrin repertuarında həm Qərbi Avropa, həm də Azərbaycan bəstəkarlarının əsərləri
vardır. Bu orkestrin xüsusiyyəti ondan ibarətdir ki, burada milli
musiqi alətlərindən
geniş istifadə olunur. Bu amil
onların ifa etdiyi musiqiyə xüsusi ahəng verir. Tədbirin birinci hissəsindən
sonra siz foyedə gözləyin.
İkinci hissə başlayacaqdır.
İkinci hissədə Heydər
Əliyev Fondu tərəfindən bizə
Azərbaycan mətbəxinin
ən gözəl, seçilmiş təamları
və Azərbaycan incəsənətini tərənnüm
edən fotolar təqdim ediləcəkdir.
Xanımlar və cənablar, 1950-ci ildən başlayaraq bugünədək fəaliyyət
göstərən orkestr
insanları valeh edir.
Qarşılayın, dirijor Teymur Göyçayev! Ürəkdən alqışlayın!
* * *
Azərbaycan incəsənət ustalarının
konserti böyük maraqla qarşılanmışdır.
AzərTAc
Azərbaycan.- 2011.- 4 oktyabr.- S. 2, 3.