Berlində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişdir  

 

Xəbər verdiyimiz kimi, sentyabrın 29-da Almaniya Federativ Respublikasının paytaxtı Berlində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunmuş mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir.

Mərasimi açan Almaniyanın tanınmış teleaparıcısı Yens RİVA bu tədbirin əhəmiyyətini vurğuladı, Azərbaycan, onun sahib olduğu mədəni dəyərlər haqqında tamaşaçılara ətraflı məlumat verərək dedi:

- Xanımlar və cənablar! Sizi Alman Tarix Muzeyində salamlamağıma çox şadam. Bu səmimi qəbul üçün təşəkkür edirəm.

Xanım Mehriban Əliyeva, xanım Bettina Vulf, zatı-aliləri, deputatlar! Sizə səmimi qəlbdən "Xoş gəlmisiniz!" deyirəm. Cənab Hans Ditrix Genşerimuzeyin yeni direktoru, professor Aleksandr Koxu salamlayıram.

Xanımlar və cənablar! Bu gün bütün Avropanın gözü Berlindədir. Çünki Almaniya Bundestaqında ümumi valyutamız olan avronun gələcəyi müzakirə olunur və gələn ilin mayında bütün Avropanın diqqəti buradan 3 min kilometr uzaqda - Şərqdə yerləşən Azərbaycanın paytaxtı Bakıya - "Eurovision"un keçiriləcəyi şəhərə yönələcəkdir. Ancaq elə bu axşam sizi 3 min kilometr uzaqda olan bir ölkəyə xoş səfər gözləyir. Azərbaycan bu günlərdə müstəqilliyinin bərpa edilməsinin 20 illiyini bayram edir. Bir az əvvəl Almaniya da özünün yenidən birləşməsini bayram etdi. Bu tarixi yubileylər münasibətilə Berlində belə gözəl bir axşamı Azərbaycanın və Almaniyanın birinci xanımları Mehriban Əliyeva və Bettina Vulfdan başqa kim təşkil edə bilərdi?!

İndi isə qonaqları salamlamaq üçün Almaniya Prezidentinin xanımı Bettina Vulfu dəvət edirəm. Xanım Bettina Vulfun şərəfinə səmimi alqışlar gəlsin.

 

Tədbirdə Almaniyanın birinci xanımı Bettina Vulf çıxış etdi.

 

Birinci xanım Bettina Vulfun çıxışı

 

- Çox hörmətli xanım Mehriban Əliyeva!

Zati-aliləri, çox hörmətli cənab doktor Kox, çox hörmətli xanımlar və cənablar!

Bu gün burada olduğuma, Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20 illiyini sizinlə birlikdə bayram etdiyimə görə şox şadam.

Xanım Əliyeva, bu münasibətlə Almaniyaya xoş gəlmisiniz. Almaniya və Azərbaycan çox qədim tarixi əlaqələrə, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra isə tərəfdaşlıq münasibətlərinə malikdirlər. Azərbaycanın xaricdə ilk mədəniyyət ili 2008-ci ildə Almaniyada olmuşdur. Bundan bir az sonra - 2009-cu ildə Azərbaycanda Almaniya mədəniyyət həftələri keçirilmişdir. Bakıdakı "Kapellhaus" Alman-Azərbaycan mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir.

Xanım Əliyeva! Siz mədəniyyətə çox böyük önəm verirsiniz. Siz bu bayramdan istifadə edərək axşamın qonaqlarını ölkənizin mədəniyyəti ilə daha yaxından tanış etmək istəyirsiniz. Çoxdandır ki, Azərbaycanın tarixi irsini var gücünüzlə qorumağa çalışırsınız. YUNESKO-nun xoşməramlı səfiri kimi milli musiqinizin və tarixi sənət əsərlərinin keşiyində dayanmağa, onların qorunub saxlanmasına daha çox səy göstərirsiniz. Siz bu sərvətlərinizi ölkənizin sərhədlərindən kənarda tanıtdırır və bununla həm öz mədəniyyətinizi yayır, həm də mədəniyyətlərarası əlaqələri inkişaf etdirirsiniz. Bu axşam həmin irsi çox gözəl bir sərgi ilə bizə təqdim edirsiniz.

Məni ən çox əlvan ilməli zərif xalçalar valeh etmişdir. Onlar böyük sənətkarlıq ənənələri olan bir keçmişdən xəbər verir. Bundan əlavə, bu axşam dinləyəcəyimiz  muğam musiqisini də böyük maraqla gözləyirəm. Bilirəm ki, bu musiqi  vaxtilə yazıya alınmayıb, şifahi şəkildə nəsildən-nəslə ötürülmüşdür. Belə mənəvi mədəni irsin qorunub saxlanılmasını və inkişaf etdirilməsini xüsusilə vacib hesab edirəm. Yoxsa onlar həmişəlik itib gedərdi.

Xanım Əliyeva, bu əsrarəngiz axşam üçün Sizə təşəkkür edirəm və böyük maraqla Sizin çıxışınızı, sonda da konserti gözləyirəm. Səmimi təşəkkürlər.

 

* * *

 

Teleaparıcı Yens RİVA: Almaniyanın birinci xanımı Bettina Vulf, bu səmimi sözlərə görə sizə təşəkkür edirik.

Xanımlar və cənablar, Azərbaycanın birinci xanımını da Berlində salamlamaq mənim üçün böyük şərəfdir! Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun Prezidenti kimi beynəlxalq aləmdə böyük nüfuz və rəğbət qazanmışdır. Bu fond Azərbaycanda və ölkənin hüdudlarından kənarda insanların həyatını yaxşılaşdırmaq üçün layihələr həyata keçirir. Bu layihələrdən biri də məktəb tikintisidir. Çünki insanlar hansı təbəqəyə mənsubluğundan asılı olmayaraq, ancaq yaxşı təhsil almaqla cəmiyyətdə mövqe qazana bilərlər. Son dörd ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda və dünyada 400-dən çox məktəb binası tikilmişdir. Ancaq bu, Azərbaycanın birinci xanımının geniş fəaliyyət sahəsindən bircə misaldır. Üç övlad anası olan Mehriban  xanım, eyni zamanda, YUNESKO-nun xoşməramlı səfiri kimi fəaliyyət göstərir. Növbəti "Eurovision" musiqi yarışmasına hazırlıq komissiyasına rəhbərlik edir, Azərbaycan mədəniyyətinin qorunması və inkişafı üçün çalışır. Yeri gəlmişkən, sizin indi görəcəyiniz kitab bu yaxınlarda çap olunmuşdur. İndi köməkçim onu gətirəcəkdir. Adı "Qadınların gücü"dür. Müəllif Kristina Pleve dünyanın 30 ölkəsindən olan 60 məşhur qadına yer vermişdi. Bunların arasında əlbəttə ki, Azərbaycanın birinci xanımı da vardır. Müasir Azərbaycan qadınına xas olan bütün nəcib keyfiyyətləri özündə əks etdirən bir xanım!  Eyni zamanda, onun şəxsi uğurlarını şərtləndirən bir neçə sirr!

İndi isə təbrik sözü üçün dəvət olunan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyevanı mənimlə birlikdə ürəkdən salamlayaq!

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış etdi.

 

 

Birinci xanım Mehriban Əliyevanın çıxışı

 

- Hörmətli birinci xanım!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünə həsr edilmiş axşamda sizi səmimi qəlbdən salamlayıram, sizə "Xoş gəlmisiniz!" deyirəm. Mən xanım Bettina Vulfa bu gün bizimlə olduğuna görə, ölkəmiz haqqında və şəxsən mənim haqqımda deyilən sözlərə görə dərin minnətdarlığımı bildirirəm.

Bugünkü axşam Heydər Əliyev Fondu tərəfindən hazırlanıb. Məqsədimiz Azərbaycanın keçmişini və bu gününü, tarixini və mədəniyyətini, 20 il ərzində əldə edilən uğurlarını dünya ictimaiyyətinə tanıtmaqdır.

1991-ci ildən Azərbaycan dünya birliyinə - azadlıq, demokratiya və aşkarlıq məkanına inteqrasiya etməyə başlayıb. Biz  müstəqil ölkə kimi çox gəncik. Lakin Azərbaycanın tarixi kökləri qədimlərə gedib çatır. Cənubi Qafqazda - Xəzər dənizinin sahillərində ilk dövlətlər hələ eramızdan əvvəl II-I minilliklərdə yaradılmışdır. Şərqin ən qədim sivilizasiyalarından biri məhz Azərbaycanın ərazisində formalaşmışdır. Tarixi İpək Yolu üzərində, mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkanda yerləşən Azərbaycan əsrlər boyu Qərb və Şərq mədəniyyətinin təsiri altında formalaşmışdır. Baxmayaraq ki, müxtəlif dövrlərdə Azərbaycan müxtəlif imperiyaların tərkib hissəsi olmuşdur, xalqımız tarixini, mədəniyyətini, dilini qoruyub saxlayaraq milli mənliyini itirməmişdir.

Bu gün də müstəqil ölkə kimi biz gələcəyimizi köklərimizə və ənənələrimizə əsasən qururuq. Hələ 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqinin ilk demokratik parlament respublikası olmuşdur.

O dövrdə Azərbaycan müsəlman dünyası üçün, müsəlman Şərqi üçün əsl mayaka çevrilmişdi. Müsəlman qızları üçün ilk dünyəvi məktəb açılmışdır, Azərbaycan qadınları səsvermə hüququnu qazanmışlar, ölkədə çoxpartiyalı parlament fəaliyyət göstərirdi, Şərqin ilk opera və baleti yazılmışdı.

Əfsuslar olsun ki, Xalq Cümhuriyyətinin ömrü çox qısa oldu. Gənc respublika ciddi geosiyasi problemlərlə üzləşdi və bu amillərin, bu problemlərin arasında Bakı neftinə olan marağın artması da mühüm rol oynadı. Nəticədə hərbi intervensiya yolu ilə ölkəmizdə sovet hakimiyyəti quruldu, Azərbaycan müstəqilliyini itirdi. Yetmiş ildən çox xalqımız sovet rejiminin sərt qanunları ilə üzləşmişdir. Lakin eyni zamanda, bu dövrdə Azərbaycanın iqtisadi potensialı formalaşdı, təhsil şəbəkəsi yarandı, orta və ali məktəblər açıldı, Milli Elmlər Akademiyası fəaliyyətə başladı.

Nəhayət, 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdi və Azərbaycan xalqı öz torpağına, öz ölkəsinə, öz taleyinə sahib oldu. Bu 20 il ərzində biz böyük nailiyyətlər əldə etmişik. Biz tamamilə yeni siyasi və iqtisadi sistem qurub sürətlə inkişaf edirik. Azərbaycan bu gün bölgənin aparıcı dövlətidir. Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür. Bölgədə həyata keçirilən bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı və təşəbbüsü ilə reallaşır.

Son illər iqtisadi templərin artımına görə Azərbaycan dünyanın lider ölkələri sırasındadır. Avropa İttifaqı bu gün Azərbaycanı enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaş kimi tanıyır. Azərbaycan Avropanın neft və qaz ilə təminatında öz rolunu oynamağa hazırdır.

Bu gün inkişaf ölkəmizin bütün sahələrini əhatə edir. Qeyri-neft sektoru yüksəlir, böyük, irimiqyaslı infrastruktur layihələri həyata keçirilir, paytaxtımızın və başqa şəhərlərimizin siması dəyişir. Təkcə bu il ərzində paytaxtımızda - Bakıda beşulduzlu beş yeni otelin açılışı gözlənilir. Bu da ölkəmizə ildən-ilə artan marağın sübutudur.

Bizim ən böyük sərvətimiz mədəni irsimizdir, Azərbaycanın xalçaçılıq məktəbi, təsviri sənəti, ədəbiyyatı, musiqisi, tarixi və memarlıq abidələridir. Bu gün ölkədə xüsusi Dövlət Proqramına əsasən teatrlar və muzeylər bərpa olunur, yeni mədəniyyət mərkəzləri açılır, abidələr dövlət tərəfindən qorunur.

Azərbaycanda bu gün sosialyönümlü siyasət aparılır. 2003-cü ildən bugünədək ölkəmizdə 900 mindən çox yeni iş yeri açılıb, 2 mindən çox yeni məktəb binası inşa olunub, yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə enibdir.

Əziz qonaqlar, mən xüsusi vurğulamaq istərdim ki, bütün bu nailiyyətləri ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi uzun sürən və hələ də həllini tapmayan ağır problemin mövcudluğu şəraitində əldə edibdir. Bu gün ölkəmizdə 1 milyon məcburi köçkün və qaçqın var və torpaqlarımızın 20 faizi işğal altındadır. Ümidvarıq ki, yaxın gələcəkdə bu münaqişə ədalətli, sülh yolu ilə həllini tapacaq və hər bir qaçqın, hər bir məcburi köçkün doğma yurduna qayıdacaqdır.

Bu gün Azərbaycan Avropa İttifaqı ilə, onun üzvü olan ölkələrlə əməkdaşlığını genişləndirir və möhkəmləndirir. Bu ölkələrin  arasında əsas tərəfdaşlarımızdan biri olan Almaniya ilə də münasibətlər çox mühüm yer tutur. Bu münasibətlərin uzun tarixi vardır. Almanlar ölkəmizə hələ əvvəlki əsrlərdə gəlmiş və məskunlaşmışlar. Hələ o zamanlar Almaniyanın məşhur iş adamları Azərbaycanda fəaliyyət göstərirdilər. Bu gün də ölkələrimiz arasında iqtisadi, siyasi, humanitar, mədəniyyət sahələrində əlaqələr uğurla inkişaf edir. Müxtəlif sahələrdə ikitərəfli proqramlar həyata keçirilir, yüzlərlə azərbaycanlı tələbə Almaniyanın aparıcı universitetlərində təhsil alır, Almaniyanın iri şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Ümidvaram ki, bugünkü axşam da dostluq əlaqələrimizə, bu əlaqələrin güclənməsinə öz töhfəsini verəcəkdir.

Əziz qonaqlar, bu gün biz sizin diqqətinizə Azərbaycanın qədim və zəngin mədəniyyətinin kiçik bir hissəsini təqdim edəcəyik. Mədəniyyət insanları onların dini və milli mənsubiyyətindən asılı olmayaraq birləşdirir, dialoq və anlaşmaya xidmət edir. Bu isə, fikrimcə, bugünkü  mürəkkəb dünyada ən vacib amillərdən biridir.

Sonda əziz dostlar, mən bir daha "Eurovision" musiqi müsabiqəsində bizim iki istedadlı gəncimizə dəstək verdiyinizə görə sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu qələbəni biz Azərbaycanda gözləyirdik və əlbəttə, bununla çox fəxr edirik. Siz keçən "Eurovision" müsabiqəsinin qalib ölkəsi kimi yəqin ki, bizim hisslərimizi yaxşı anlayırsınız.

Əziz dostlar, fürsətdən istifadə edərək, sizi ölkəmizə dəvət edirəm. Bu axşam bizimlə olduğunuza görə sizə bir daha öz dərin təşəkkürümü bildirirəm, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

 

* * *

 

Teleaparıcı Yens RİVA: Heydər Əliyev Fondu təkcə Azərbaycanın incəsənət və mədəniyyətinin inkişafına deyil, həmçinin bütün Avropa mədəniyyət və incəsənətinin inkişafına da öz töhfəsini vermişdir. Belə ki, Heydər Əliyev Fondu tərəfindən Parisdə kilsələr bərpa olunmuş, Berlinin rəmzi olan qəsrin yenidən qurulmasına 50 min avro ayrılmışdır. Bu da alqışa layiqdir.

Yəqin ki, siz bu binaya daxil olarkən heyranedici işləri gördünüz. Toxuculuq digər incəsənət növlərindən həmişə seçilir. Bu da Azərbaycanın keçmişdən gələn və rəssamlar tərəfindən bizə çatdırılan irsidir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə keçirilən tədbirdə təqdim edilən bu xalçalar Azərbaycan incəsənətinin əsas hissəsini təşkil edir. Bizim bu proqramda təqdim edilən növbəti incəsənət nümunəsi milli musiqi alətləridir.

İndi isə izləyəcəyimiz konsertin əhəmiyyətindən danışmaq istəyirəm. Azərbaycan musiqi məktəbi və indi burada iştirak edən orkestr bu gün artıq dünya mədəniyyətinin bir hissəsinə çevrilmişdir. Azərbaycan musiqisində muğam və caz əsas rol oynayır. Ənənəvi musiqi cazla birlikdə XX əsrdən başlayaraq Azərbaycan cazını inkişaf etdirmişdir. Bunun nəticəsində Dövlət Kamera Orkestri yaradılmışdır. Hər bir kamera orkestrində Avropa ab-havası hiss olunur. Amma indi görəcəyiniz orkestr özünəməxsusluğu ilə seçilir. Bu orkestr bugünkü Avropada gördüyümüz siyasi və ictimai əhval-ruhiyyəni çox gözəl çatdırır. Bu da Azərbaycan mədəniyyəti və incəsənətinin Avropa tamaşaçıları arasında uğurla təbliğ olunmasına imkan yaradır. Bugünədək bu orkestr Paris, London, Roma, Yaponiya Çində çıxış etmişdir. Bu gün şübhəsiz ki, bu orkestr sizin aranızdan da 100 fanat yığa biləcəkdir. Bu orkestrin repertuarında həm Qərbi Avropa, həm Azərbaycan bəstəkarlarının əsərləri vardır. Bu orkestrin xüsusiyyəti ondan ibarətdir ki, burada milli musiqi alətlərindən geniş istifadə olunur. Bu amil onların ifa etdiyi musiqiyə xüsusi ahəng verir. Tədbirin birinci hissəsindən sonra siz foyedə gözləyin. İkinci hissə başlayacaqdır. İkinci hissədə Heydər Əliyev Fondu tərəfindən bizə Azərbaycan mətbəxinin ən gözəl, seçilmiş təamları Azərbaycan incəsənətini tərənnüm edən fotolar təqdim ediləcəkdir.

Xanımlar cənablar, 1950-ci ildən başlayaraq bugünədək fəaliyyət göstərən orkestr insanları valeh edir.

Qarşılayın, dirijor Teymur Göyçayev! Ürəkdən alqışlayın!

 

* * *

 

Azərbaycan incəsənət ustalarının konserti böyük maraqla qarşılanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 4 oktyabr.- S.  2, 3.