Milli Məclisdə MDB PA-nın hüquq məsələləri daimi komissiyasının iclası olmuşdur

 

 Oktyabrın 3-də Azərbaycan Respublikasının Milli Məclisində MDB Parlamentlərarası Assambleyasının (MDB PA) hüquq məsələləri daimi komissiyasının iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, MDB-nin üzv olan 7 dövlətin nümayəndəsinin iştirak etdiyi iclasda "Mülkiyyət hüququ və onun müdafiəsi haqqında" və "Ticarət sirri haqqında" model qanunların layihələri müzakirə olunmuşdur.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclasda çıxış edərək parlament rəhbərliyi adından qonaqları salamlamış, Azərbaycanda məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar barədə məlumat vermişdir. O bildirmişdir ki, Azərbaycanın hüquq sistemi Avropa standartlarına tam uyğunlaşdırılmışdır. Ölkəmiz uğurlu hüquq islahatları nəticəsində Avropa qurumlarında öz layiqli yerini tutmuşdur. Azərbaycan parlamenti MDB PA ilə hüquq islahatları üzrə sıx əməkdaşlıq edir, bəzi qanunlarımız bu mötəbər təşkilatda model qanun kimi qəbul olunmuşdur.

Rusiya Federal Məclisi Federasiya Şurası komitəsinin baş məsləhətçisi Valeri Bokaryov MDB ölkələrinin hüquq sahəsindəki normativ aktlarının müddəalarının uyğunlaşdırılmasının vacibliyini qeyd etmişdir. MDB PA iclaslarında bu kimi məsələlərin qaldırılmasının, "Məhkəmədən əvvəl mübahisələrin həllində vasitəçilik haqqında" model qanunun layihəsinin və MDB üzvü olan dövlətlər üçün hüquq terminləri məlumat kitabçasının hazırlanmasının zəruriliyini vurğulamışdır.

Bundan başqa, iclasda MDB PA tərəfindən qəbul edilmiş model qanunvericilik aktlarından istifadə haqqında məlumatlar dinlənilmişdir.

İclasda Tacikistan parlamentinin komitə sədri Mahmudəli Vətənov MDB PA-nın hüquq məsələləri üzrə daimi komissiyasının sədri seçilmişdir.

 

 

Azərbaycan.- 2011.- 4 oktyabr.- S.  3.