Nazirlər Kabineti yeni qərarlar qəbul
etmişdir
Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir.
Nazirlər Kabineti "Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci il oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 sentyabr tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci il oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi tədbirləri haqqında sentyabrın 30-da qərar qəbul etmişdir.
Qərar imzalandığı gündən qüvvəyə minir.
"Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli fərmanının 3.7-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda dəyişiklik edilməsi barədə qərar qəbul edilmişdir.
Qərar imzalandığı gündən - sentyabrın 23-dən qüvvəyə minir.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə"nin 16-cı bəndinə uyğun olaraq və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təklifini nəzərə alaraq "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli qərarında dəyişiklik edilməsi barədə də qərar qəbul olunmuşdur.
Qərar imzalandığı gündən - sentyabrın 27-dən qüvvəyə minir.
Nazirlər Kabineti "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə mərkəzi icra hakimiyyəti orqanları əməkdaşlarının həvəsləndirilməsi üçün nəzərdə tutulan və həmin orqanların tabeliyində yaradılan fondların vəsaitindən istifadə haqqında hesabatın dərc edilməsi ilə bağlı bəzi məsələlər barədə qərar qəbul etmişdir.
"Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə "Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə", "Ekoloji auditor fəaliyyətinin aparılması Qaydaları" və "Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli qərarında dəyişiklik edilməsi barədə qərar qəbul edilmişdir.
Hər iki qərar imzalandığı gündən - sentyabrın 29-dan qüvvəyə minir.
AzərTAc
Azərbaycan.- 2011.- 4 oktyabr.- S. 3.