Milli Məclisdə «Demokratiya və vətəndaşların seçki hüquqları» mövzusunda beynəlxalq seminar keçirilmişdir

 

Oktyabrın 3-də Azərbaycan Respublikası Milli Məclisində  "Demokratiya və vətəndaşların seçki hüquqları" mövzusunda beynəlxalq  seminar keçirilmişdir.

AzərTAc xəbər verir ki, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov tədbiri açaraq qonaqları parlament rəhbərliyi adından salamlamış, seminarın işinə uğurlar arzulamışdır. Z.Əsgərov seminarın mövzusunun aktual bir məsələyə həsr olunduğunu bildirmiş, Azərbaycanın seçki təcrübəsi, bu sahədə qəbul olunmuş qanunlar və qanunvericilik aktları barədə məlumat vermişdir. Z.Əsgərov bildirmişdir ki, 1993-cü ildən başlayaraq Azərbaycanda demokratik seçki ənənəsi formalaşmağa başlamışdır. Hazırda Azərbaycanda tam formalaşmış demokratik seçki sistemi vardır. Bugünə qədər Azərbaycanda 4 prezident, 4 parlament, 4 referendum və 3 bələdiyyə seçkisi keçirilmişdir. Bu seçkilər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmişdir. Bu illər ərzində Azərbaycan xalqı seçki mədəniyyətini kifayət qədər mənimsəmişdir.

Tədbirdə iştirak edən MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi Mixail Krotov demişdir ki, Azərbaycanın seçki təcrübəsi Birliyin digər ölkələri üçün nümunə ola bilər. Son illərdə Azərbaycanda keçirilən seçkilərdə tətbiq edilən yeniliklər bunun bariz nümunəsidir və biz bu təcrübədən istifadə etməliyik.

Sonra "Azərbaycan Respublikasında demokratik seçki təcrübəsi: parlament ölçüsü" kitabının təqdimat mərasimi olmuşdur. M.Krotov Azərbaycan və rus dillərində çap olunan kitabla bağlı geniş məlumat vermişdir.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev də Azərbaycanın seçki təcrübəsi, bu sahədə qəbul edilən qanunlar və qanunvericilik aktları barədə danışmışlar.

 

 

Azərbaycan.- 2011.- 4 oktyabr.- S.  3.