Bakıda «XXI əsrdə
qadının rolu: qadın siyasətçilərin məsuliyyəti»
mövzusunda beynəlxalq konfrans işə
başlamışdır
Oktyabrın
3-də Azərbaycan Respublikasının Milli Məclisində
"XXI əsrdə qadının rolu: qadın siyasətçilərin
məsuliyyəti" mövzusunda ikigünlük beynəlxalq
konfrans işə başlamışdır.
Türkdilli
Ölkələrin Parlament Assambleyasının (TürkPA)
baş katibi Ramil Həsənov çıxış edərək
tədbirin əhəmiyyətindən
danışmışdır. O demişdir ki, konfransda əsasən
"XXI əsrdə qadının rolu: qadın siyasətçilərin
məsuliyyəti" mövzusunda müzakirələr
aparılacaqdır.
Bildirilmişdir
ki, konfrans türkdilli xalqlar arasında əlaqələrin
möhkəmləndirilməsində, eləcə də
qadın siyasətçilərin əməkdaşlığının
genişlənməsində mühüm rol oynayacaqlar.
TürkPA-nın təşəbbüsü ilə keçirilən
konfrans Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan
və Türkmənistan respublikalarının dövlət
müstəqilliyinin 20-ci ildönümünə həsr
olunmuşdur.
Tədbirdə
çıxış edən Milli Məclis sədrinin
müavini Bahar Muradova bildirmişdir ki, qadınlar müasir
dünyada problemlərin həllində, xüsusən, terrorizmə
qarşı mübarizədə daha fəal iştirak etməli,
dövlətlərin ərazi bütövlüyü, ailə,
uşaq hüquqları kimi məsələlərə həssas
yanaşmalı, daha qətiyyətli mövqe ortaya
qoymalıdırlar.
Konfransda
müasir ictimai həyatın bütün sahələrində
qadınların artan rolu, onların sülh və sabitlik, idarəetmə,
qərarların qəbulu prosesində daha fəal
iştirakı fonunda, xüsusən, türkdilli ölkələrin
qadınları arasında əlaqələrin genişlənməsi,
onların müxtəlif sahələrdə təcrübə
mübadiləsi aparmalarına dair məsələlər
müzakirə olunacaqdır.
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda uğurla
həyata keçirilən qadın siyasətindən
danışmış, tariximizin bütün mərhələlərində
qadınların cəmiyyətdə fəal rolunu xüsusi
vurğulamışdır. Ümummilli lider Heydər Əliyev
siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev
müstəqil Azərbaycanda ailə, qadın və uşaq
hüquqlarının müdafiəsinə, qadınların
siyasətdə formalaşması məsələlərinə
böyük diqqət yetirir. Ölkəmizdə bu sahədə
mövcud problemlərin həlli istiqamətində məqsədyönlü
siyasət həyata keçirilir.
XXI əsrdə
elm və texnologiyanın bütün sərhədləri
aşması ilə qadınların qarşısında yeni
imkanların yarandığını vurğulayan Türkiyənin
ailə və sosial məsələlər naziri Fatma Şahin
bildirmişdir ki, türkdilli ölkələrdə
qadınların ən böyük uğuru onların təhsilə
açıq olmasındadır. O demişdir: "Türkdilli
ölkələrdə alim, deputat qadınların
çoxluğu buna sübutdur. Əgər güclü cəmiyyət
istəyiriksə, təhsili yoxsulluğa qurban verməməliyik".
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir demişdir ki, problem
bütün türk qadınları üçün ortaq bir məsələdir.
Dağlıq Qarabağda baş verənlər heç bir
türk qadınını biganə qoya bilməz.
Milli
Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun rəhbəri,
Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov,
deputat, "Lider qadınlar" İB-nin sədri Məlahət
İbrahimqızı konfransın əhəmiyyətindən
söz açmış, tədbirin təşkilatçılarına
minnətdarlıqlarını bildirmişlər.
Çıxışlarda
qeyd olunmuşdur ki, Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva ictimai həyatımızda
müstəsna rol oynayan şəxsiyyət kimi
qadınlarımızın hüquq və imkan bərabərliyinin
genişləndirilməsi və daha da möhkəmləndirilməsi
prosesinə layiqli töhfələrini verir.
Sonra
konfrans "Təməl insan haqları çərçivəsində
qadın hüquqları: beynəlxalq hüquq və dünya təcrübəsi",
"Yeni dünya düzənində qadın siyasətçilərinin
rolu", "Qadınların siyasi təmsilçiliyi
davamlı inkişafın və sabitliyin meyarı kimi"
mövzular üzrə sessiyalarla öz işini davam
etdirmişdir.
Məruzələr
ətrafında çıxış edən Türkiyə
Böyük Millət Məclisinin deputatları Ülkər
Gözəl, Öznur Çalık, Dilək Akagün
Yılmaz, Qazaxıstan parlamentinin deputatı Mayra Aysina və
başqaları türkdilli ölkələr arasında əməkdaşlığın
inkişafında qadın siyasətçilərin fəallığının
artırılmasının zəruriliyini bildirmişlər.
Konfransda
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür
məktubu, fəal iştirakçılara xatirə hədiyyələri
və mükafatlar təqdim olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2011.-3 oktyabr.- S. 4.