Sumqayıt XXI əsrin xariqələr məkanına çevrilir

 

Azərbaycanın dinamikmodern inkişafının əsas ünvanlarından birinə çevrilən Sumqayıt bu gün sürətli intibahının yeni mərhələsini yaşamaqdadır. Abadlıq və quruculuq işlərinin daha geniş vüsət aldığı gənclər şəhəri günü-gündən simasını gözəlləşdirməkdə, təkcə daimi sakinlərinin yox, şəhərə gələn qonaqların xatirəsində də silinməz izlər buraxmaqdadır. Lakin yaşanan tərəqqinin ən müasir tələblərə cavab verən mövcud temp və səviyyəsi qarşıdakı dövr ərzində Sumqayıtda daha böyük xariqələr yaradılacağına, buranın təkcə Azərbaycanın yox, bütün Qafqazın, hətta MDB məkanının ən gözəl şəhərlərindən birinə çevriləcəyinə heç bir şübhə yeri qoymur.

Sözügedən kontekstdə təsadüfi deyil ki, Sumqayıt həm əhalinin say tərkibi baxımından, həm də inzibati ərazi vahidi olaraq sürətlə böyüməkdə, eyni zamanda, ölkənin əsas iqtisadi və sənaye mərkəzlərindən birinə çevrilməkdədir. Qarşıda duran əsas hədəflərdən biri isə Sumqayıtı tez bir zamanda Bakı standartlarına yaxınlaşdırmaqdır və bu, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan əsas vəzifələr sırasında yer alır. Şəhərin sürətli böyüməsi fonunda  genişmiqyaslı işlər görülmüş, müxtəlif sahələrdə yaşanan inkişafın müasir tələblərə cavab verdiyi, o cümlədən infrastrukturun yeniləndiyi açıq-aydın nəzərə çarpır. Bu da şəhər əhalisinin çoxalması kontekstində günün zəruri tələblərindən biri kimi çıxış edir.

- Hazırda şəhərin əhalisi 500 min nəfərə çatmaq üzrədir, - Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirir. - Yaxın bir neçə ilə verilən proqnozlara görə, əhalinin sayı daha da artacaq. Bütün bunlar şəhərdə aparılan abadlıq-quruculuq işləri, o cümlədən infrastruktur obyektlərinin inşası prosesində indidən nəzərə alınmalıdır. Cənab Prezidentin tövsiyələrinə uyğun olaraq bu gün şəhərin infrastrukturu elə formada qurulur ki, şəhər əhalisinin sayının artması fonunda belə yaxın bir neçə on il ərzində heç bir problem yaranmasın.

Nəqliyyat, sosial, mədəni və digər sahələr üzrə infrastrukturun yenilənməsi prosesi şəhər sakinlərinə xidmət səviyyəsinin daha da yüksəlməsi, həmçinin ekoloji vəziyyətin davamlı şəkildə yaxşılaşması deməkdir. Məsələn, görülən işlər çərçivəsində şəhərin kanalizasiya sistemləri tamamilə dəyişdiriləcəkdir. Bu gün çirkli suların 60 faizi təmizlənmədən dənizə axıdılır. Lakin tezliklə tikiləcək təmizləyici qurğular nəticəsində çirkli sular demək olar ki, təmiz su kimi dənizə axıdılacaq. Artıq bu proses başlayıb. Sumqayıt bütün Cənubi Qafqazda şəhər kanalizasiyasının təmizləmə sistemləri ilə yüz faiz əhatə edildiyi ilk şəhərlərdən birinə çevriləcək. Bunun nəticəsində ekoloji baxımdan dəniz daha da təmiz olacaq, sahildə havanın çirklənmə səviyyəsi aşağı düşəcək. Eyni zamanda, səhiyyə obyektlərinin modernləşdirilməsi, onların ən müasir tibbi texniki avadanlıqlarla təmini sahəsində işlərin davam etdirilməsi nəzərdə tutulub. Təhsil, mədəniyyət və digər mühüm sahələr üzrə də infrastrukturun qurulması prosesi qabaqcıl təcrübəyə uyğun olaraq həyata keçirilir.

Şəhər əhalisinin dinamik artımı burada yaşayış evlərinə tələbatın yüksəlməsinə səbəb olur. Bu mənada, Sumqayıtda yeni yaşayış binalarının inşası, əvvəl mövcud olanlarda modernləşmə işlərinin həyata keçirilməsi xüsusi diqqət mərkəzindədir. İndi şəhərin demək olar ki, bütün əsas prospekt, küçəsi, məhəllələrində quruculuq, təmir-tikinti işləri aparılır və bəzilərində artıq başa çatıb.  Son zamanlar görülən tikinti işləri sistemli  hala salınıb. Şəhərin vahid baş planına uyğun olaraq aparılacaq tikinti, yenidənqurma və digər işlər öncə müzakirə edilir, sonra onun inşaasına başlanır.

Bu gün Sumqayıtın bütün parklarında da əsaslı yenidənqurma işləri aparılır, şəhərə giriş yolları modernləşdirilir, binaların fasadlarına təzə üzlük çəkilir, səkilərin, yolların görkəmi dəyişir, bir sıra başqa işlər görülür. Şəhər sakinlərinin arzuları nəzərə alınaraq, mikrorayonların abadlaşdırılması üzrə xüsusi proqram qəbul edilib. Görülən işlərin miqyası olduqca genişdir və qarşıya qoyulan hədəflərə çatılması üçün bütün lazımi tədbirlər görülür. Bu gün Sumqayıt ölkənin ən böyük şəhərlərindən biri olaraq möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında  Azərbaycanda yüksək dinamizmə əsaslanan tərəqqi və yüksəlişin əsas ünvanlarından birinə çevrilib.

Sumqayıtda yeni yerlərinin yaradılması, o cümlədən özəl sektorun inkişaf etdirilməsi prosesi uğurla davam edir. Elə şəhərdə yeni infrastrukturun qurulması istiqamətində görülən işlər nə qədər insanın işlə təmin olunması deməkdir. Bundan əlavə, Sumqayıt bu gün əbəs olaraq Azərbaycanın əsas sənaye mərkəzi adlandırılmır. Burada sənaye obyektlərinin yenidən qurulması və modernləşdirilməsi işinə xüsusi diqqət yetirilir. Eyni zamanda, sənaye potensialının inkişafı üçün vacib olan infrastruktur layihələri icrası da diqqət mərkəzində yer alır. Kimya kompleksində görülən yenidənqurma işləri isə burada istehsal edilən məhsulların təkcə yerli tələbatın ödənilməsində yox, ixrac həcminin genişlənməsində də yeni imkanlar yaradıb. Bundan başqa, dövlət başçısının təşəbbüsü ilə Sumqayıtda ölkə miqyasında və nəinki ölkəmizdə, bölgədə, Cənubi Qafqazda ən böyük texnologiyalar parkı ərsəyə gətirilib. Sumqayıt Texnoloji Parkı - Sumqayıtın yeni şansıdır. Məhz bu texnologiyalar parkının fəaliyyəti nəticəsində şəhərin tutduğu mövqe daha da artacaq. Bu, bütünlükdə respublikamızın bölgələrinin Sumqayıtla əlaqələrinin yaranması və inkişafı deməkdir.

- Qeyd edim ki, sözügedən sferada əsas konseptual xətt Prezident İlham Əliyev tərəfindən çox dəqiq müəyyən edilib, - deyə Eldar Əzizov söhbətinə davam edir. -  Sumqayıt mühüm sənaye mərkəzi olmalıdır. Bu proses fəal inkişaf edir. Yeni müəssisələrin tikintisi ilə yanaşı, əvvəl Bakıda fəaliyyət göstərən müəssisələrin bir hissəsi Sumqayıta köçürülür. Lakin həmin müəssisələrdə artıq əvvəlkindən fərqli, yüksək texnologiyalara əsaslanan istehsal prosesi yaradılır. Şəhərdə sənaye limanının tikintisi haqqında da qərar qəbul edilib. Bütün bunlar o deməkdir ki, bir sənaye mərkəzi olaraq Sumqayıtın xüsusi çəkisi qarşıdakı müddət ərzində daha da artacaq və yaradılan yüksək keyfiyyətli məhsullar ölkəmizdə onlara tələbatın ödənilməsinə imkan yaratmaqla yanaşı, ixrac potensialnın genişlənməsinə də öz töhfəsini verəcək.

Həmçinin şəhərdə digər təyinatlı məhsulların istehsalı ilə məşğul olan müəssisələrin də maddi-texniki bazası davamlı şəkildə möhkəmləndirilir, müasir tələblərə uyğunlaşdırılır, yeniləri inşa edilir. Görülən işlər öz növbəsində əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə, şəhər sakinlərinin maddi gəlirlərinin artmasına, insanların layiqli həyat tərzinin təmin olunmasına gətirib çıxarır.

Bu gün sürətlə böyüməkdə olan Sumqayıt Bakıya qovuşmaqdadır. Amma Sumqayıt bir çox cəhətləri, xüsusən də mental baxımdan Bakıdan əhəmiyyətli dərəcədə fərqlənir. Bu şəhərlərin funksiyaları da, inkişaf formaları da müxtəlifdir. Lakin şəhərlərin standartları arasında fərqin yaxın bir neçə ildə aradan qalxacağı şübəhsizdir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, qarşıya qoyulan əsas məqsədlərdən biri də məhz bundan ibarətdir. Cari il iyulun əvvəllərində Sumqayıta səfəri zamanı bu məsələyə toxunan Prezident İlham Əliyev bildirmişdir: "Sumqayıtla Bakı demək olar ki, artıq birləşir. Çünki ölkəmizdə inkişaf o qədər sürətlə gedirbu yol boyu tikintilər, yeni binalar, sənaye müəssisələri ona gətirib çıxaracaq ki, Bakıda yaşayanlar da gəlib Sumqayıtda işləyəcəklər. Ona görə Sumqayıt paytaxt standartlarına tam şəkildə uyğunlaşdırılmalıdır. Mənim məqsədim bundan ibarətdir və bunu etmək üçün artıq biz konkret layihələrə başlamışıq".

Bəli, Sumqayıtın paytaxt standartlarına tam şəkildə uyğunlaşdırılması üçün müvafiq layihələr həyata keçirilir. Şəhərsalma və abadlaşdırma məsələləri Bakı standartlarına yaxınlaşır. Digər möhtəşəm layihələr də var ki, onlar cənab Prezidentin  dəstəyi ilə həyata keçiriləcək.

Bu gün bütün ölkədə olduğu kimi, Sumqayıtda da çox önəmli, böyük layihələr həyata keçirilir, - deyən Eldar Əzizov söhbətinə davam edir. - Görülən işlər nəticəsində Sumqayıt sıçrayış edərək keyfiyyətcə yeni bir mərhələyə çıxacaq. Dövlət başçısı bütün bu işlərə özü nəzarət edir, yerində baxarkən, görüşlər zamanı, telefon vasitəsilə müvafiq tapşırıqlar verir. Bu qədər işinin olduğu bir vaxtda, cənab İlham Əliyevin konkret şəhərin problemləri ilə məşğul ola bilməsi adamı həm təəccübləndirir, həm də valeh edir.

Bu gün Sumqayıtın qəsəbə, məhəllə və mikrorayonlarında əhalinin istirahətini normal qaydada təşkil edəcək  müasir tələblərə cavab verən yaşayış massivlərinin yaradılması istiqamətində müəyyən işlər görülüb. Ölkə başçısının tövsiyə və tapşırıqları əsasında yaradılan belə yaşayış massivlərində  insanların günün hər bir vaxtında istirahət etmələri mümkündür. Bu gün şəhərin bir neçə mikrorayonlarında nümunəvi məhəllələr də yaradılıb. Əsasən, yaşıllıqların əhatəsində salınan belə  məhəllələrin sayının ilin sonunadək 30-a çatdırılması nəzərdə tutulur. Həmçinin  təkcə şəhər daxilində deyil, ətraf qəsəbələrdə də tikinti-abadlıq işləri görülür. Həmin qəsəbələrin öncə yol infrastrukturu dəyişdirilir. Qəsəbələrin işıqlandırma sistemləri yeniləri ilə əvəzlənir, qədim tarixə malik binalar yararlı hala gətirilir. Ümumiyyətlə, qarşıya qoyulan vəzifə ondan ibarətdir ki, şəhərin qəsəbələri simasını dəyişməli, müasirləşməlidir. Lakin bu zaman ənənəvi memarlıq üslubu və digər mental məqamlar mütləq nəzərə alınmalıdır. Məsələn, Sumqayıtın ən böyük qəsəbələrindən sayılan Corat qədim yaşayış məntəqəsidir. Burada həyata keçirilən yenidənqurma işlərində qədimliyin saxlanması ilə müasirliyin birliyi yaradılmalı, bunun vəhdəti tapılmalıdır. Qəsəbələrin müasirləşdirilməsini nəzərdə tutan layihələrin hazırlanması zamanı belə həssas məqamlar mütləq nəzərə alınır.

Bundan başqa, şəhərdə ticarət obyektləri yeni formada hazırlanır. Digər sosial obyektlər həm inşaat, həm də xidmət baxımından müasir tələblərə uyğun şəkildə qurulur. İnnovativ metodların tətbiqi ilə istehsal sahələrinin yaradılması, müxtəlif sənaye məhsullarından ibarət məcmu istehsalın artırılması, digər yeni istehsal müəssisələrinin yaradılması isə şəhər sakinlərinin maddi rifah halının yüksələn xətt üzrə inkişafına yol açır. Təhsil, səhiyyə, mədəniyyət və digər bu kimi vacib sferalarda da dinamik tərəqqi yaşanır. Artıq şəhərin gerbi də qəbul edilib. Ümumilikdə isə mövcud inkişaf səviyyəsi qısa zaman kəsiyində Sumqayıtın Bakı standartlarına çatmasına heç bir şübhə yeri qoymur.

Yaşıllaşdırma işləri getdikcə daha geniş vüsət almaqdadır. İnsanların xoş və mənalı istirahəti üçün şəhərdə salınan yeni parkxiyabanlarda da ağacların, digər yaşıllıq bitkilərinin əkilməsi prioritet istiqamətlər sırasında yer alır. Bu işə təkcə müvafiq dövlət strukturları yox, hər bir Sumqayıt sakini öz töhfəsini verməyə çalışır. Məhz belə münasibətin nəticəsidir ki, Sumqayıt artıq yaşıllıqlar məskəninə çevrilməkdədir.

Sosial infrastrukturun yenilənməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, bu zaman ən qabaqcıl təcrübənin nəzərə alınması, insanların istirahəti üçün yüksək şəraitin yaradılması hər zaman diqqət mərkəzində yer alıb. Bu kontekstdə Sumqayıtda möhtəşəm işlərə, analoqu olmayan layihələrə imza atılmaqdadır. Görülən işlər çərçivəsində Nəsimi istirahət parkının dənizə doğru ərazisindən yeni magistral yol çəkilməsi nəzərdə tutulub. Azərbaycan üçün analoqu olmayacaq həmin yerdə dəniz-yol-park-şəhər dördlüyü düzənlənəcək.

Bu gün  Sumqayıtda dövlət başçısının müvafiq tapşırığına əsasən, sahilboyu ərazinin ən müasir tələblər səviyyəsində yenidən qurulması üçün möhtəşəm layihə hazırlanıb. Burada ucaldılacaq beşulduzlu mehmanxananın, yaxt-klubun, müasir istirahət komplekslərinin tikintisi planlaşdırılır. Artıq həmin işlərə də start verilib. 80 hektar əraziyə malik olan bu istirahət guşəsi görülən işlər nəticəsində bölgəmizin ən gözəl və unikal istirahət yerlərindən birinə çevriləcəkdir. Hazırda Nəsiminin heykəli dəyişdirilərək daha münasib yerdə ucaldılıb. Parkın girəcəyindən başlayaraq səkilər, gediş-gəliş zolaqları sökülmüş, yeni və müasir tələblərə cavab verən döşəmə materialları ilə əvəzlənir.

 Xəzər dənizinin Sumqayıt şəhər sahillərində də təmir işlərinə başlanılıb. Belə ki, sahilboyu çəkiləcək yolun layihəsi artıq təsdiq edilib. Sumqayıta gələnlər şəhərə daxil olmadan gəlib-getmələri üçün çəkiləcək bu yolun böyük əhəmiyyəti olacaqdır. Həmin ərazilərdə hazırda yolun çəkilməsinin ilkin mərhələsi üçün işlər sona çatmaq üzrədir.

Bu gün dünya miqyasında Azərbaycanı fərqləndirən əsas xüsusiyyətlərdən biri yüksək tolerantlıq, dini dözümlülük mühitinin mövcudluğudur. Tolerantlığı ilə seçilən Sumqayıtın dindarları Cümə məsçidinin yenidən qurulması üçün ölkə başçısına müraciət etdilər  və Azərbaycan Prezidentinin tapşırığına əsasən, Sumqayıt Cümə məsçidində hazırda təmir işlərinə başlanıb. Belə ki, məsçidin yanında 26 metrlik minarə qurulur. Minarənin ucaldılması ilə yanaşı, məsçidin binasında da yenidənqurma işləri aparılır. Tolerant ölkə olan respublikamızda bütün digər dinlərə sitayiş edənlər əmin-amanlıq şəraitində yaşayırlar.

- Təbii ki, inkişaf olan yerdə problemlər də mövcud olur və onların həlli istiqamətində də konkret addımlar atılır, - Eldar Əzizov vurğulayır. - Sumqayıt da bu mənada xali deyil və bəzi problemlər var ki, onların yaxın vaxtlarda həlli şübhə doğurmur. Bütün ölkədə olduğu kimi, şəhərimizdə də baş verən dəyişikliklər, yeniləşmə, müasirləşmə demək olar ki, bütün sahələri əhatə edir.  Bu gün biz böyük quruculuqinkişaf dövründə, tarixi nailiyyətlərin əldə edildiyi bir zamanda yaşayırıq.  Cənab İlham Əliyevin böyük idarəçilik istedadı və mükəmməl inkişaf modeli sayəsində ölkəmiz dünyanı gələcəkdə də təəccübləndirəcək və yeni-yeni zirvələr fəth edəcəkdir.

Əminik ki, dinamik inkişaf yolunda qarşıya çıxan bütün problemlər öz uğurlu həllini tapacaqdır. Sumqayıt daha sürətlə inkişaf edərək dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir.  Bunu şərtləndirən əsas səbəblərdən biri Prezident İlham Əliyevin ölkəmizin hər bir regionuna, bölgəsinə olduğu kimi, Sumqayıta da yüksək diqqət və qayğısıdır. Bu diqqət və qayğınin nəticəsidir ki, Sumqayıt, sözün həqiqi mənasında, XXI əsrin  xariqələr diyarına çevrilir. Ümummilli lider Heydər Əliyevin "...kiçik Azərbaycan" adlandırdığı Sumqayıt Azərbaycan Prezidenti İlham Əliyevin qayğı və diqqəti nəticəsində yaxın bir neçə ilə Bakı standartlarına yaxınlaşacaqdır.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2011.- 4 oktyabr.- S.  4.