Əməkdar elm xadimi, professor Tamerlan Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş elmi-praktiki konfrans keçirilmişdir

 

Oktyabrın 3-də Azərbaycan Tibb Universitetində əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Tamerlan Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş elmi-praktiki konfrans keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, önünə gül çələngi qoymuşlar.

AzərTAc xəbər verir ki, konfransda Azərbaycan tibb elminin, tibb təhsili sisteminin, eləcə də ölkə səhiyyəsinin inkişafında mühüm xidmətləri olan görkəmli alim haqqında məruzələr dinlənilmiş və onun elmi irsinin öyrənilməsi istiqamətində görülmüş işlər ətraflı təhlil olunmuşdur.

Tədbirdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev demişdir ki, Azərbaycan tibb elminin müasir istiqamətlərinin müəyyən edilməsində, dünya səviyyəsinə çıxmasında, tibb elmi sahəsində aparılan tədqiqatlardan dəyərli nəticələr əldə edilməsində və yüksək ixtisaslı tibbi kadrların hazırlanmasında T.Əliyevin əvəzsiz xidmətləri olmuşdur. O, olduqca mənalı bir insan-alim, həkim, pedaqoq ömrü yaşamış, bütün həyatını Azərbaycan tibb elmi və səhiyyəsinin tərəqqisinə həsr etmiş, çoxsaylı elmi tədqiqat işləri ilə elmimizə misilsiz töhfələr vermişdir. Professor Tamerlan Əliyevin ölkəmiz üçün tibb sahəsində yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da əvəzsiz xidmətləri olmuşdur. Bu gün onun elmi məktəbinin yetirmələrinin adları nəinki ölkəmizdə, hətta Azərbaycanın hüdudlarından kənarda da böyük ehtiramla çəkilir.

Tədbirdə Azərbaycan Tibb Universitetinin prorektoru, Milli Məclisin deputatı, professor Rafiq Məmmədhəsənov geniş məruzə ilə çıxış etmişdir.

Bildirilmişdir ki, Tamerlan Əliyev 1921-ci il oktyabrın 3-də Naxçıvanın Şahtaxtı kəndində, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Ə.Əliyev kimi görkəmli şəxsiyyətin ailəsində boya-başa çatan gənc Tamerlan hələ uşaqlıq çağlarından alicənablıq, həssaslıq və ziyalılıq ruhunda tərbiyə almışdır.

T.Əliyev 1929-cu ildə Bakıdakı 3 nömrəli ibtidai məktəbdə oxumağa  başlamış, sonra isə təhsilini 176 nömrəli orta ümumtəhsil məktəbində davam etdirmişdir. 1940-cı ildə orta məktəbi "əla" qiymətlərlə bitirən Tamerlan Əliyev elə həmin ildə də Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.

Stalin təqaüdçüsü olan Tamerlan Əliyev, eyni zamanda, təhsildə və ictimai işlərdə əldə etdiyi nailiyyətlərə görə o zaman nadir hallarda rast gəlinən yüksək təltifə - Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdür.

T.Əliyev  1945-ci ildə əmək fəaliyyətinə Azərbaycan Dövlət Tibb İnstitutunun fakültə terapiyası kafedrasında (indiki daxili xəstəliklər kafedrası) başlamış və ömrünün sonunadək burada çalışmışdır. Onun çoxcəhətli elmi tədqiqatlarının əsasını Azərbaycanın kurort amillərinin müalicəvi təsiri, endokrin sistem xəstəliklərinin patogenezinin, klinikasının və müalicə üsullarının öyrənilməsi, qanın laxtalanma, əks-laxtalanma və fibrinoliz sistemində patoloji şəraitdə baş verən dəyişikliklər və onların korreksiya üsulları, miokard infarktının müalicəsi və digər problemlər təşkil etmişdir. Həkimlik fəaliyyətinə başlayan ilk illərdə Naftalan neftinin orqanizmin reaktivliyinə təsirinin öyrənilməsinə böyük əmək sərf edən T.Əliyev 1954-cü ildə "Heyvan orqanizminin immun reaktivliyinin Naftalan neftinin təsiri altında dəyişməsinin xarakteristikası" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

Professor T.Əliyev apardığı elmi-tədqiqat işlərinin nəticələrinə əsasən, 1969-cu ildə "Şəkərli diabetin müxtəlif formaları olan xəstələrdə periferik damarların vəziyyəti; metabolizmin və qanın laxtalanmasının bəzi göstəriciləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi almışdır.

1975-ci ildə professor T.Əliyevin şəxsi təşəbbüsü və səyi nəticəsində  Fuad Əfəndiyev adına 4 nömrəli Bakı Şəhər Klinik Xəstəxanası nəzdində 90 yerlik endokrinologiya şöbəsi yaradılmışdır.  Bu şöbə hazırda da fəaliyyətini davam etdirir.

 Həmin dövrdə Tamerlan Əliyevin təşəbbüsü ilə Daxili xəstləliklər kafedrasının nəzdində Azərbaycanda ilk dəfə olaraq intensiv kardioloji yardım şöbəsi yaradılmış, reanimasiya və intensiv terapiya bloku, funksional diaqnostika şöbəsi təşkil edilmişdir.

Professor T.Əliyev Azərbaycanda kardioloji xidmət sisteminin təşkili sahəsinin inkişafına böyük əmək sərf etmişdir. Novator alimin təşəbbüsü ilə keçmiş SSRİ miqyasında ilk dəfə olaraq  4 nömrəli klinik xəstəxananın nəzdində miokard infarktı və şəkərli diabeti olan xəstələrin distansion diaqnostikası, təxirəsalınmaz yardımı, həmçinin intensiv terapiyası təşkil edilmişdir. Bunun da nəticəsində respublikada həmin xəstəliklərdən ölüm faizi azalmışdır.

Professor T.Əliyevin Azərbaycan səhiyyəsi, Azərbaycan tibb tarixi salnaməsinə qızıl hərflərlə yazılmış xidmətlərindən biri də bilavasitə onun təşəbbüskarlığı, təşkilatçılığı ilə inşa edilərək fəaliyyətə başlayan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutudur.

Görkəmli alim uzun illər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş terapevti, Bakı Şəhər Səhiyyə İdarəsinin baş endokrinoloqu, ictimai əsaslarla ATİ-nin elmi işlər üzrə prorektoru və s. vəzifələri yerinə yetirmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin IV Baş İdarəsinin məsləhətçisi, "Azərbaycan tibb jurnalı"nın redaksiya heyətinin üzvü olmuşdur. O, həmçinin Azərbaycan Tibb Universiteti nəzdində fəaliyyət göstərən terapiya ixtisası üzrə İxtisaslaşdırılmış Müdafiə Şurasının sədri vəzifəsində çalışmış, bu sahə üzrə gənc elmi kadrların yetişməsinə, bacarıqlı, savadlı alimlər ordusu sıralarının artmasına qayğıkeşliklə rəhbərlik etmişdir.

Tamerlan Əliyevin elmi məsləhətçiliyi və rəhbərliyi altında 5 doktorluq və 25 namizədlik dissertasiyası yerinə yetirilmişdir. Onun hazırladığı kadrlar Azərbaycanın hüdudlarından kənarda da uğurla fəaliyyət göstərərək müəllimlərinə başucalığı gətirmişlər.

Professor T.Əliyev 250-dən çox elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, metodiki tövsiyələrin, səmərələşdirici təklif və ixtiraların, həmçinin çoxsaylı elmi-kütləvi məqalələrin müəllifi olmuşdur.

Tamerlan Əliyevin müəllifi olduğu "Klinik-diaqnostik laborator tədqiqat üsulları", "Şəkərli diabet haqqında ətraflı məlumat", "Biokimyəvi tədqiqat üsulları", "Şəkərli diabet", "Prediabet", "Karbohidrat mübadiləsinin pozulmaları və ürəyin işemik xəstəliyi", "Şəkərli diabet zamanı qan dövranı pozulmaları və onların tənzimi", "Endokrinologiya" və s. bu kimi əsərlər indi də öz aktuallığını saxlayır, həkimlər və tələbələr tərəfindən geniş istifadə olunur.

Alimin uzun illərin təcrübəsi sayəsində əldə etdiyi praktiki vərdişlər və nəzəri biliklər əsasında qələmə aldığı "Endokrinologiya" adlı dərslik bu sahə üzrə Azərbaycan dilində yazılmış ilk irihəcmli, genişəhatəli nəşrdir. Alim, həmçinin tərcüməçilik işi ilə də məşğul olmuşdur.

Professor T.Əliyevin "Klinik-diaqnostik laborator tədqiqat üsulları" adlı monoqrafiyası SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə təqdim edilmiş və sərginin qızıl medalını almışdır. Bu monoqrafiya Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür.

Tamerlan Əliyev Türkiyə, Amerika Birləşmiş Ştatları, Fransa, İngiltərə, Almaniya, Kanada, İsveçrə, Finlandiya və başqa xarici ölkələrdə keçirilmiş elmi toplantılarda özünün maraqlı məruzələri ilə  Azərbaycanı layiqincə təmsil etmişdir.

Görkəmli alim səhiyyə, təhsil və elm sahəsində əldə etdiyi nailiyyətlərə görə dövlət tərəfindən bir sıra fəxri ad, orden və medallara layiq görülmüşdür.

Çıxış edənlər bildirmişlər ki, 1997-ci il aprelin 7-də əbədiyyətə qovuşmuş unudulmaz alimin əziz xatirəsi daim qəlbimizdə yaşayır və yad edilir.

Tədbirdə Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov, akademiklər Adilə Namazova, Böyükkişi Ağayev və başqaları T.Əliyevin Azərbaycan tibb elminin, səhiyyəsinin inkişafındakı xidmətlərindən danışmış və görkəmli şəxsiyyətlə bağlı xatirələrini söyləmişlər.

Bildirilmişdir ki, son dərəcə sadə, təvazökar, obyektiv, incə və həssas qəlbli, yüksək mədəni səviyyəyə malik bir insan olan Tamerlan Əliyevin yubileyləri gələcəkdə də qeyd ediləcək, onun gəncləri elmə həvəsləndirən mütərəqqi ideyaları diqqətlə öyrəniləcək və həyatda daim öz tətbiqini tapacaqdır. Yazdığı əsərlər, tarixə çevrilmiş zəngin irsi bütün zamanlarda onu yaşadacaqdır.

Konfrans işini bölmə iclaslarında davam etdirmişdir.

 

 

Azərbaycan.- 2011.- 4 oktyabr.- S. 4.