Bakıda bitki genetik ehtiyatlarından səmərəli istifadəyə həsr olunmuş beynəlxalq konfrans keçirilir

 

Oktyabrın 3-də Bakıda "İqlim dəyişikliyinə davamlılığa nail olmaq üçün bitki genetik müxtəlifliyinin öyrənilməsi və istifadəsi" mövzusunda beynəlxalq konfrans işə başlamışdır.

Tədbir Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun (GEİ), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Mexikoda yerləşən Buğda və Qarğıdalının Yaxşılaşdırılması üzrə Beynəlxalq Mərkəzin (CİMMYT), Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA, Hələb), Beynəlxalq Biomüxtəliflik İnstitutunun (Bİ, Roma) birgə təşkilatçılığı ilə keçirilir.

AzərTAc xəbər verir ki, FAO-nun layihəsi çərçivəsində təşkil edilmiş konfransın açılışında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti, akademik Arif Həşimov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar-Elm Mərkəzinin baş direktoru Əsəd Musayev, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkbərov çıxış edərək mövzunun əhəmiyyətindən və vacibliyindən danışmışlar.

Bildirilmişdir ki, konfrans kənd təsərrüfatı və biologiya elmləri, eləcə də Azərbaycanda bitki genetik ehtiyatlarının gələcək taleyi və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyır.

Ümumilikdə 15 xarici ölkəni və 6 beynəlxalq təşkilatı təmsil edən 40-dək, Azərbaycandan isə 100-dən çox alimin iştirak etdiyi beynəlxalq konfransda qlobal iqlim dəyişikliklərinin intensivləşdiyi indiki dövrdə dünya əhalisinin artan tələbatının ödənməsi və ərzaq təhlükəsizliyinin təmin olunmasında bitki genetik ehtiyatlarından səmərəli istifadə məsələləri müzakirə edilir.

Tədbir "Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatlarının (ƏKTBGE) qlobal və regional statusu və iqlim dəyişikliyi vəziyyətində davamlı məhsul istehsalında ƏKTBGE-nin rolu", "ƏKTBGE-nin xarakteristikası və istifadəsinə müasir yanaşma" mövzularında plenar sessiyalarla davam etdirilmişdir.

Konfrans oktyabrın 4-də başa çatacaqdır.

 

 

Azərbaycan.- 2011.- 4 oktyabr.- S.  5.