Görkəmli yazıçı İlyas Əfəndiyevin xatirəsi yad olunmuşdur

 

Azərbaycan ədəbiyyatı və teatrı tarixində silinməz iz qoymuş İlyas Əfəndiyevin vəfatından 15 il ötür. XX əsr Azərbaycan ədəbiyyatının klassiki, xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyev milyonlarla oxucunun və tamaşaçının məhəbbətini qazanmışdır.

AzərTAc xəbər verir ki, oktyabrın 3-də tanınmış mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, ziyalılar, ictimaiyyətin nümayəndələri Fəxri xiyabana gələrək böyük söz ustası  İlyas Əfəndiyevin xatirəsini anmış, məzarı üstünə  tər güllər düzmüşlər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev  Azərbaycan  ədəbiyyatının və dramaturgiyamızın  inkişafında  böyük xidmətləri olmuş  yazıçının mənalı ömür yolundan və zəngin yaradıcılığından söz açmışdır.

Bildirilmişdir ki, qüdrətli nasir və dramaturq, "Şöhrət" ordeninə layiq görülmüş ilk sənətkar  İlyas Əfəndiyev (1914-1996) şərəfli ömrünün 60 ilini yazıb-yaratmağa sərf etmişdir. Ədəbiyyata 1939-cu ildə "Kənddən məktublar" adlı hekayələr kitabı ilə gələn yazıçı söz sənətinin, demək olar ki, bütün janrlarında qələmini sınamış, məqalə, oçerk, hekayə, povest, roman, ssenari, pyes yazaraq XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri kimi şöhrət qazanmışdır.

 Ədibin yazıldığı dövrün gerçəkliyini, həyatın geniş lövhələrini əks etdirən "Söyüdlü arx", "Körpüsalanlar", "Sarıköynəklə Valehin nağılı" kimi romanlarının qəhrəmanları  ülvi məqsədləri, mübarizliyi, xarakterlərinin bütövlüyü, yaşadığı hisslərin, duyğuların təbiiliyi ilə yaddaşlara həkk olunmuşlar.  Sənətkarın yaradıcılığında Qarabağ mövzusu da əsas yer tutmuşdur. O, namərd qonşularımızın ötən əsrin 90-cı illərindən başlayan xəyanətkarlıqlarını, işğalçılıq hərəkətlərini dərin narahatlıq, vətəndaş yanğısı ilə izləyir, əsərlərində Qarabağın qədim tarixini əks etdirməyə çalışırdı. Bildirilmişdir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Qarabağ torpağı düşmən tapdağından azad edilənədək hər il yeni mövsümü İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında hazırlanmış "Qarabağnamə" tamaşası ilə açacaqdır.

Vurğulanmışdır ki, İlyas Əfəndiyev bədii yaradıcılığının ədəbi-estetik əhəmiyyəti, əsərlərinin uzunömürlülüyü, populyarlığı baxımından ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən biridir. Xalq, Vətən, cəmiyyət, insanlıq qarşısında mənəvi borca fəal münasibət onun qəhrəmanlarının daxili aləmini müəyyən edir. Ədəbi-ictimai fikir tariximizdə lirik-psixoloji üslubun inkişafı və böyük uğurları bilavasitə İlyas Əfəndiyevin adı və əsərləri ilə bağlıdır.

İlyas Əfəndiyevin həm nəsr, həm də dram əsərlərinin şirin dillə yazıldığı, ilk təsvirlərdən və dialoqlardan oxucu və tamaşaçının qəlbini fəth etməsi də xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, hələ ilk əsərlərindən olan "Bahar suları" pyesinin dilindəki şeiriyyət xalq şairi Səməd Vurğun tərəfindən yüksək qiymətləndirilmişdi. Bu keyfiyyət zaman keçdikcə ədibin fərdi üslubunu müəyyənləşdirən amillərdən birinə çevrilmişdir.

 Xalq artisti, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, sənətşünaslıq doktoru, professorlar  Məryəm Əlizadə, Nizaməddin Şəmsizadə, xalq artisti Amaliya Pənahova görkəmli nasir və istedadlı dramaturq İlyas Əfəndiyevin şəxsiyyəti və yaradıcılığı barədə danışmış, onunla bağlı xatirələrini bölüşmüşlər. Bildirmişlər ki, İlyas Əfəndiyev dramaturgiyamızın tarixində ən şərəfli yerlərdən birini tutur. O, milli ədəbiyyatın, estetik fikrin inkişafında əvəzsiz xidmətləri olmuş istedadlı dramaturq kimi şöhrət qazanmışdır.  Bununla belə, o, keçən əsrin ortalarından etibarən həm də kamil bir romançı kimi məşhurlaşmışdır. İlyas Əfəndiyev XX əsr Azərbaycan ədəbiyyatında nəsrimizə canlı xarakterlər, əlvan, təravətli bədii təsvir vasitələri gətirən, dramaturgiyamızda yeni lirik-psixoloji üsluba vətəndaşlıq hüququ verən, nəhayət, aktyor və rejissorların bütöv bir nəslinin yetişib-püxtələşdiyi "İlyas Əfəndiyev teatrı"nı bərqərar edən sənətkar kimi şərəfli bir yer tutur.

Azərbaycan ədəbiyyatında heç bir dramaturq İ.Əfəndiyev qədər teatrla uzunmüddətli fəal yaradıcılıq əlaqəsi qurmamışdır. Akademik Milli Dram Teatrında yazıçının bütün pyesləri tamaşaya qoyulmuşdur. Onun qələmindən çıxan və Azərbaycan dramaturgiyasının nadir incilərindən olan, yüksək vətəndaşlıq pafosu, incə lirizmlə aşılanan bu pyeslər  teatr sənətimizdə yeni bir mərhələ açmış, bütöv bir aktyor və rejissor nəslinin yetişməsində əvəzsiz rol oynamışdır.

Ədibin oğlu, xalq yazıçısı Elçin Əfəndiyev bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin sərəncamı ilə onun xatirəsi əbədiləşdirilmiş, İçərişəhərdəki küçələrdən birinə  və nüfuzlu "Elitar" Gimnaziyaya  İlyas Əfəndiyevin adı verilmişdir. E.Əfəndiyev ulu öndərin xüsusi sərəncamı ilə İlyas Əfəndiyevin "Seçilmiş əsərləri"nin yeddi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə  üçcildliyinin nəşr edildiyini minnətdarlıq hissi ilə vurğulamışdır. O, ədibin əsərlərinin son illər rus, türk və digər dillərdə dəfələrlə nəşr olunduğunu, yaradıcılığı haqqında monoqrafiyalar, doktorluq, namizədlik dissertasiyaları yazıldığını xatırlatmışdır.

E.Əfəndiyev xüsusi qeyd etmişdir ki, əsərlərinin əksəriyyətini sovet dövründə yazmış İlyas Əfəndiyev roman və pyeslərində hakim ideologiyanı tərənnüm etməmiş, sadə insanların həyatını, onların məhəbbətini, arzu və istəklərini böyük ustalıqla qələmə almışdır. Buna görə də onun əsərləri coğrafi sərhədləri adlayaraq yeni-yeni oxucu auditoriyalarının sevgisini qazanır.

Sonda E.Əfəndiyev atasının xatirəsinə göstərilən böyük hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına Əfəndiyevlər ailəsi adından minnətdarlığını bildirmişdir.

 

 

Azərbaycan.- 2011.- 4 oktyabr.- S.  6.