Ədliyyə orqanlarında elektron xidmətlərin tətbiqi dairəsi genişlənir
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin geniş kollegiya iclası keçirilmişdir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Prezident İlham Əliyevin dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinə dair 2011-ci il 23 may tarixli fərmanının icrası ilə bağlı tədbirlər planı müzakirə olunmuşdur. Sonra nazirliyin internet saytında yaradılmış xüsusi elektron xidmət bölməsinin və Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində ölkəmizin bütün məhkəmə sistemi üçün hazırlanmış vahid internet portalının təqdimatı olmuşdur.
Elektron xidmət bölməsi vasitəsilə vətəndaşlar ədliyyə orqanlarının iş rejimi, dislokasiyası, əlaqə vasitələri, eləcə də QHT və digər hüquqi şəxslərin qeydiyyatının, notariat hərəkətlərinin aparılması qaydası, tələb olunan sənədlər və rüsumların məbləği, məhkəmə qərarlarının icrası barədə ətraflı məlumat əldə edə biləcəklər. Eyni zamanda, uşaqlara ad seçilməsinə kömək məqsədilə Azərbaycan adları, onların mənşəyi və izahı, əhali arasında yayılma səviyyəsi və s. informasiya almaq üçün geniş axtarış sistemi yaradılmışdır. Vətəndaşların artıq tətbiq edilən onlayn müraciət imkanı ilə yanaşı, qeyd olunan "e-xidmətlər" vasitəsilə məsul ədliyyə işçilərinin qəbuluna yazılması da mümkün olacaqdır.
Məhkəmə sisteminə dair vahid internet portalı isə vətəndaşlara ali, apelyasiya və birinci instansiya məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, müraciətə əlavə edilməsi zəruri olan sənədlər, qəbul günləri və s. barədə ətraflı məlumat almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək imkanı yaradacaqdır. Portalda həmçinin, bütün hakimlər haqqında məlumatlar öz əksini tapacaqdır.
Kollegiyada ədliyyə və məhkəmə orqanlarına müraciət imkanlarının xeyli asanlaşdırılmasında, şəffaflığın maksimal təmin olunmasında və korrupsiyaya şərait yaradan halların qarşısının alınmasında elektron xidmətlərin mühüm əhəmiyyəti qeyd olunmuş, onların təkmilləşdirilməsinə və tətbiqinə dair təkliflər səslənmişdir.
İclasda, həmçinin regional ədliyyə şöbələri və yerli qurumlar tərəfindən əhaliyə göstərilən hüquqi xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə onların işinin əlaqəli təşkili və səmərəliliyin artırılması, habelə ədliyyə orqanlarında işə qəbulun təkmilləşdirilməsi üzrə tədbirlər müzakirə olunmuş, konkret tapşırıqlar verilmişdir.
İclasda bir sıra qeyri-kommersiya hüquqi
şəxslər dövlət qeydiyyatına alınmışdır.
Azərbaycan.- 2011.- 4 oktyabr.- S. 6.