Üzeyir Hacıbəyli III Beynəlxalq musiqi festivalı qonaqların böyük marağına səbəb oldu

 

2009-cu ildən başlayaraq Azərbaycan professional musiqisinin banisi, dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının ildönümü ilə əlaqədar sentyabr ayında Bakıda Beynəlxalq musiqi festivalı keçirilir. I və II Üzeyir Hacıbəyli Beynəlxalq musiqi festivalının yaratdığı xoş təəssürat ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda böyük əks-səda doğurdu. Festival konsertlərində dünyanın görkəmli musiqiçiləri, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirdilər.

Heydər Əliyev Fondunun dəstəyi, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda III Beynəlxalq musiqi festivalı sentyabrın 18-dən 30-dək keçirildi. Festivalda Rusiya, Böyük Britaniya, ABŞ, Avstriya, Cənubi Koreya, Macarıstan, Almaniyadan tanınmış musiqiçilər və kollektivlər, o cümlədən Yekaterinburq OperaBalet Teatrı, "Ferens List", "Veritas" Vyana kamera orkestrləri, Yeva Tebbe, Yekaterina Levental, Je Xay Li, Aleksandr Melnikov, Karolin Vidman və başqaları iştirak edirdilər.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş Üzeyir Hacıbəyli III Beynəlxalq festivalının təntənəli açılış mərasimi Dövlət Filarmoniyasında keçirildi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək son illərdə paytaxtda bir-birindən maraqlı mədəniyyət tədbirlərinin uğurla keçirildiyini vurğulayaraq dedi: "Bu tədbirlərin Azərbaycan musiqisinin tanınmasında, təbliğində xüsusi çəkisi var. Bu, dövlətimizin mədəniyyətə, incəsənətə yetirdiyi diqqət və qayğının göstəricisidir. Bəllidir ki, Azərbaycan mədəniyyətinin təbliği, tədqiqi və inkişafı sahəsində böyük layihələrə imza atan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əvəzsiz xidməti var".

Festivalın ilk günündə tanınmış musiqiçi Elnarə Kərimovanın rəhbərlik etdiyi "Buta" Kamera Xorunun ifasında Ü.Hacıbəylinin, eləcə də digər yerlixarici bəstəkarların əsərlərindən parçalar səsləndi. Bu kamera xoru Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2010-cu ildə yaradılıb. Xorun əsas məqsədi Azərbaycan xor musiqisini və müxtəlif dövrlərə aid olan dünya musiqi nümunələrini milli və beynəlxalq festivallarda, müxtəlif tədbirlərdə ifa edərək respublikamızı layiqincə tanıtmaqdır. "Buta"nın ifasında səslənən əsərlər tamaşaçıların maraq və alqışları ilə qarşılandı.

Festival çərçivəsində Azərbaycan Milli Kitabxanasında "Azərbaycanın səs xəzinəsi" kataloqunun birinci buraxılışı, "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından "Müslüm Maqomayev. Biblioqrafiya" kitablarının təqdimatı keçirildi. Bununla bərabər, Azərbaycan Milli İncəsənət Muzeyində də "Billitis" duetinin (Hollandiya), Dövlət Filarmoniyasında isə Vyana Kamera Orkestrinin konserti təqdim olundu.

Festivalın üçüncü günü də tamaşaçıların yaddaşında dərin izlər saldı. Azərbaycan Milli İncəsənət Muzeyində baş tutan "Gəncliyin səsi" layihəsini Kamran Ömərli (violin), Ramiz Sevdimalıyev (vibrafon) həyata keçirdilər. Azərbaycan Dövlət Filarmoniyasında isə Vyana Kamera Orkestrinin hazırladığı konsert proqramını Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan solistləri - Yeganə Axundova, Murad Hüseynov pianoda məharətlə səsləndirdilər. Həmin axşam Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında Üzeyir Hacıbəylinin ölməz əsəri - 103-cü dəfə səhnədə nümayiş olunan "Leyli və Məcnun" beynəlxalq musiqi festivalının iştirakçılarında böyük maraq doğurdu. Rejissor Hafiz Quliyevin, dirijor Cavanşir Cəfərovun, rəssam Rafiz İsmayılovun hazırladığı bu ölməz əsərdə baş rolları xalq artistləri Nəzakət Teymurova və Mənsum İbrahimov ifa edirdilər. Bir əsrdən artıqdır ki, Füzuli sözlərindən qanad geyərək Üzeyir Hacıbəyli musiqisində qəlbləri titrədən məhəbbət dastanı tamaşaçıları düşündürməkdə davam edir.

Üzeyir Hacıbəyli III Beynəlxalq musiqi festivalının rəngarəng tədbirlərinin keçirildiyi ünvanlar demək olar ki, tamaşaçılarla dolu olurdu. Kameraorqan musiqisi zalı, Milli İncəsənət Muzeyi, Ü.Hacıbəylinin ev-muzeyi qonaqlara yaddaqalan musiqi ərməğanı bağışladı. Xüsusilə də, Azərbaycan Dövlət Filarmoniyasında Arif Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrində solistlik edən Carolin Vidmanın violində ifası (Almaniya) böyük əks-səda doğurdu. Festival iştirakçıları Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında Yalçın Adıgözəlovun dirijorluğu ilə hazırlanmış "Sehrli fleyta" (V.A.Motsart) operasından konserti maraqla izlədilər. Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konsert proqramı da uğurlu oldu. Bu orkestrin müşayiəti ilə Nəzrin Rəşidovanın, Anar İbrahimovun ifaları da böyük maraqla qarşılandı. İstər Ü.Hacıbəyli adına Musiqi Akademiyasının böyük zalında, istərsə də Dövlət Filarmoniyasında, Milli İncəsənət Muzeyində hazırlanan müxtləif simfonik konsertlər də diqqət çəkirdi.

Festival günlərində həyata keçirilən maraqlı tədbirlərdən biriYekaterinburq OperaBalet Teatrının bəstəkar, xalq artisti Polad Bülbüloğlunun "Eşqölüm" baletini yeni quruluşda tamaşaçılara təqdim etməsi oldu. İlk dəfə Bakıda tamaşaya qoyulmuş bu balet tamamilə yeni quruluşda göstərilirdi. "Dədə Qorqud" dastanının motivləri əsasında yazılmış xoreoqrafik saqa prorloq, iki pərdə və xüsusi rəqslərdən ibarətdir. Baletin əsas ideyası xeyrin şər, məhəbbətin ölüm üzərində qələbəsini göstərməkdir. Bu hadisəni, xüsusilə də "Dədə Qorqud" dastanının ayrı-ayrı boylarından götürülmüş məqamları tamaşaçılara çatdırmaq üçün həm musiqinin, həm də rəqsin dilindən məharətlə istifadə edilmişdir. Musiqinin ritmi, ahəngdarlığı, təsiri, eləcə də rəqslərin bədii quruluşu o qədər sadə, aydın, dəqiq idi ki, ömründə ilk dəfə baletə tamaşa edən də hadisələrin axarını düzgün tuturdu. Baletin tamaşaçılar tərəfindən dəqiq qavranılması üçün indiyədək bu tipli əsərlərdə diqqət çəkməyən müxtəlif üsullardan istifadə edilmişdir. Xüsusilə də, tamaşa başlayandan sona kimi ekranda müxtəlif fraqmentlərin göstərilməsi səhnədəki olayların tamamlanmasına kömək edirdi. Baletin baş qəhrəmanlarının adları da düşündürücüdürçox mətləblərdən xəbər verir. El gözəlinin adı Baycan, Oğuz elinin igidinin ismi isə Azərdir. İki gəncin bir-birinə olan dərin məhəbbəti rəqsin dili ilə açılır. Bu gözəlliyi pozan ölümün səhnədə görünməsi şərlə haqqın üz-üzə gəlməsi kimi çatdırılırdı. Bu gün ölümlə rəqs edən məhəbbət mövzusunda belə bir mükəmməl baletin xarici ölkə sənətkarları tərəfindən tamaşaya qoyulması və tamaşaçılar tərəfindən maraqla qarşılanması Azərbaycan musiqi sənətinin uğurundan xəbər verir.

Festival çərçivəsində Ağcabədi rayonunun Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" operasının musiqisi əsasında hazırlanmış konsert proqramı tamaşaçıları riqqətə gətirdi. O cümlədən, Rusiyanın "Veritas" Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor Maksim Yemelyaıçev), Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər və baş dirijor Gülbacı İmanova), Macarıstanın "Ferens List" Kamera Orkestri və digərlərinin təqdim etdiyi konsert proqramı da alqışlarla qarşılandı.

On gün davam edən Üzeyir Hacıbəyli III Beynəlxalq musiqi festivalı bir daha təsdiqlədi ki, Azərbaycan hökuməti mədəni əlaqələrin daim genişlənməsinə maraqlıdır. Sübut olunub ki, bəzən siyasətin döyə bilmədiyi qapıları mədəniyyət bir anda aça bilir. Xarici ölkə musiqiçilərinin, sənətkarların paytaxtımıza toplaşaraq azərbaycanlı həmkarları ilə birlikdə belə bir musiqi bayramının on günlüyünü uğurla həyata keçirməsi sadəcə festival proqramı deyil. Bu, həm də xalqların bir-birini daha yaxşı tanımasına, yeni əlaqələrin qurulmasına, uğurlu dialoqların alınmasına kömək edir. Paytaxtımıza gələn hər bir musiqiçi, ifaçı ilk növbədə qonaqdır. O, həm də xalqımızın qonaqpərvərliyindən, insanlara göstərdiyi hörmət və qayğıdan, diqqətdən xəbər tutur. Maraqlıdır ki, hansı əcnəbidən xalqımız, vətənimiz haqqında soruşanda ilk sözü bu olurdu: analoqu yoxdur! Necə mehriban, qonaqpərvər, xoş simalı və nəcibdirlər. Mətbəximizdən isə ağızdolusu danışırdılar. Koreyadan gəlmiş violin ifaçısı Jehye Leye bizimlə söhbət zamanı təəssüratlarını, xoş fikirlərini ifadə etməyə söz tapmadığını bildirdi: "Dünyanın çox konsert salonunda iştirak etmişəm. Sizin şəhərin sakinləri həm yüksək dinləyici mədəniyyətinə, səviyyəsinə malikdirlər, həm də çox qonaqpərvərdirlər. Hələ sizin yeməkləriniz, mən bilmirəm ki, vətənə qayıtdıqdan sonra onların dadını necə yadımdan çıxaracağam. Gənc dirijor Əyyub Quliyevin müxtəlif ölkələrdən gəlmiş ansamblları böyük ustalıqla idarə etməsi məndə rəğbət və heyrət doğurdu. Sizin xalqınız çox istedadlıdır".

Beləcə, Üzeyir Hacıbəyli III Beynəlxalq musiqi festivalı zəngin proqramla böyükyaddaqalan uğurlarla tarixə çevrildi, Azərbaycan mədəniyyətinin solmayan səhifələrinə yeni nailiyyətlər yazdı. Qonaqlar Bakıdan ayrılarkən yalnız bu sözləri ümid və məhəbbətlə ifadə edirdilər: "Növbəti payızda - IV festivalda görüşənə qədər". Kaş ki Üzeyir Hacıbəylini dünya musiqisinə bəxş edən qədim Şuşa da o tarixi günədək erməni işğalçılarından azad ediləydi. Bakıda baş tutan bu böyük konsertin bir proqramı da gözü yolda qalan Cıdır düzündə keçiriləydi!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.- 4 oktyabr.- S.  7.