Min bir dərdin
dərmanı - arı məhsulları
Bal onların sonuncusudur
Neçə gündür
ki, Bakıda Kənd Təsərrüfatı
Nazirliyinin təşkilatçılığı
ilə Xətai rayonunun ərazisində - metronun "Əhmədli" stansiyasının
yaxınlığındakı "Bakı"
kinoteatrının qarşısında bal
və arıçılıq məhsullarının sərgi-satış
yarmarkası keçirilir. Yarmarkaya hər çiçəyi, otu min bir
dərdin dərmanı olan ölkəmizin
42 rayonundan arıçılıq məhsulları
gətirilib.
Alanlar da, satanlar da razıdırlar. Çünki burada məhsulu alverçilər yox, arıçıların özləri
satır, qiyməti də 15 manatı keçmir. Lerikli Mürsəl dayı
deyir ki, nazirlik hamını xəbərdar edib. Kim qoyulan qiymətdən
baha satarsa, bazardan çıxarılacaq.
Yerhaqqı yoxdur deyə, bu qiymət
sərf edir: "Amma inanın, 15 manatlıq bal deyil, xalis baldır, əziyyəti də çoxdur".
Diqqətçəkən məqamlardan biri də budur
ki, bal satanların
hər biri loğman kimi danışır, hər alıcıya xeyli vaxt ayırıb məsləhət verirlər.
Hamısı da 20-30 illik
arıçılıq təcrübələrini
misal gətirir. Balın ən çox da uşaqlara xeyirli cəhətlərindən
danışırlar.
Sən demə,
arı haqqında bilmədiklərimiz bildiklərimizdən
çoxmuş. Yer üzündəki canlıların ən işgüzarı olan bu canlılar təbiətin möcüzələrindən
biridir. Arıçılar deyir ki, əgər arı ailələrinin qanunları
insanların yaşayış
tərzinə tətbiq
edilsə, onların da həyatı gözəl, əməlləri
düz və işləri rəvan olar. Bu ailədə hər kəsin öz işi var. Gözətçi arılar,
kəşfiyyatçı arılar,
erkək və dişi arılar, döyüşçü arılar,
ana arılar, hava haqqında məlumat verən arılar və s. Ana arı gün ərzində öz çəkisindən dəfələrlə
çox yumurta qoyur. Süd verən arılar
isə yumurtanın üstünə süd qoyub üstünü mumlayır. 21 gündən sonra oradan çoxlu işçi arı çıxır, məhsullarının
da hər biri bir neçə
xəstəliyin dərmanı.
Arı məhsulları
ilə müalicə eramızdan əvvəllərə
gedib çıxır. Xeyri də
o qədər uzunömürlü
və uğurludur ki, insan orqanizmi
tərəfindən tamamilə
mənimsənilir, tullantısı
olmur. Ona görə ki,
arı məhsullarının
99 faizi insan qanının plazmasına
yaxındır.
Arı məhsullarının
sirləri ilə bağlı mütəxəssis
axtarmadıq. Dediyimiz kimi, yarmarkada öz arılarının
məhsulunu satan
hər arıçı
bir mütəxəssisdir.
Söz soruşdunmu, bir kitablıq danışırlar.
Mürsəl dayı deyir ki, arıların
7 növ məhsulu var: arı südü,
zəhəri, vərəmum
(prapolis), gül tozu, mumya, bal
və güləmdən.
Bal arının ən zəif məhsuludur. Arının südü 18, çiçək
tozu isə 12 dəfə balından güclüdür. Gətirdiyi
çiçək tozu
ilə ən ağır xəstəlik
olan epilepsiya və ağ
qan, qırmızı
qan kürəciklərini
normaya gətirmək mümkündür. Təsəvvür edin, arı südü ilə genetik xəstəliklər
müalicə olunur, ata-ana xromosomlarına nüfuz edib oradaki problemi aradan qaldırır.
Nəslin bir neçə
nümayəndəsində dalbadal yaranan irsi xəstəliyi də arı südü ilə aradan qaldırmaq mümkündür. Bunu mən
demirəm, dünya alimlərinin gəldikləri
qənaətdir. Bir də
ömrümün 30-40 ilini
ömürlərinə bağladığım
bu arıların məhsulları. Məsləhət görərdim ki, bu məhsullardan hamı alıb qoysun evinə, istifadə etməsə də, evində olsun. Balla çapıq, kəsik
də müalicə edilir. Bir neçə il
əvvəl kəndimizdə
10 yaşlı uşağın
başı yarılmışdı,
qanı su kimi axırdı, xəstəxanaya çatdırmaq
vaxt tələb edirdi. Yaranın koğuşuna bal doldurduq, həm qanı kəsdi, həm də tez birləşdi.
Sərdar Umudov da 20 ildən
artıqdır ki, arıçılıqla məşğuldur. Bir neçə dəfədir
ki, bal yarmarkasına
qatılır. Keçən
il gətirdiyi
balın və başqa arı məhsullarının hamısını
yaxşı satıb deyə, bu il
də həvəslə
gəldiyini deyir:
"Keçən il məndən bal alan müştərilərimin çoxu
gəlib məni tapır, razılıq edir və yenə
də məndən
bal alırlar. Srağagün
bir kişi
dedi ki, neçə gündür
səni axtarıram, adın da yadımdan
çıxıb. Söz
vermişəm ki, balı ancaq
səndən alacağam.
Bu peşə çox əziyyətli olsa da, müqəddəsdir,
gərək mayasına
haram qatmayasan. O zaman ruzin-bərəkətin
bol olur, bir alan,
bir də gəlir. Qiymətdə də gərək ağ eləməyəsən.
Müqəddəs kitabımız Quranda
adı çəkilən
arını Yaradan bizə dərdlərimizin
dərmanı kimi göndərib. Biz də bu haqqa
hörmətlə yanaşmalıyıq".
Lerikdən gələn Mahir Həsənov isə məsləhət görür
ki, böyüklər
də, uşaqlar da, hər səhər
bircə qaşıq udsun Allahın bu gözəl nemətindən. Mahir kişi 7 arı
məhsulunun 5-ni gətirib
bazara. Deyir ki, arı məhsullarının
ən birincisi və ən xeyirlisi onun zəhəridir: "Bizdə
arı zəhərinin
alınması, sertifikatlaşdırılması,
istehsalı yoxdur. Ancaq arı məhsulları arasında ən güclüsü və xeyirlisi zəhəridir.
Eşitdiyimə görə, dünya
bazarında arı zəhərinin bir kiloqramı 400 min dollardır.
Heyif ki, biz arılarımızın
məhsullarını dünya
bazarına çıxara
bilmirik. Düşünürəm ki, xaricilər Azərbaycan arılarının
məhsullarından xəbər
tutsa, dadını bilsə, əl çəkməzlər".
Arıçı loğmanların sözlərinə görə, zəhərdən sonra ikinci yerdə gələn arının südüdür. Qram-qram yığılır, saxlama müddəti də çox azdır, yəni tez xarab olur, keyfiyyətini itirir, gərək balın içərisində saxlayasan. Arı südü keçmişdə şahların və kralların yeməyi olub, dirilik iksiri hesab edilib. Çünki insanı qocalmağa qoymur, daim güclü-qüvvətli saxlayır, irsi xəstəliklərin nəsildən-nəslə keçməsinin qarşısını alır. Arıçılar deyir ki, arı südünün də dünyada qiyməti çox bahadır.
Vərəmum da arı məhsulunun
çox qiymətli növlərindəndir.
Rus dilində
propolis deyirlər adına. Vərəmumun güclü mikroböldürücü
əhəmiyyəti var. Arılar
əvvəlcə bu maddəni yuvalarının
giriş qapısının
ağzına yaxır
və içəri keçəndə ayaqlarını
ona sürtürlər
ki, "ev"lərinə
mikrob-xəstəlik aparmasınlar.
Bununla da ailənin sağlamlığını təmin
etmiş olurlar. Loğmanlar deyir ki, vərəmum
xərçəng xəstəliyi
riskini aradan qaldırır. Kim bu xəstəliyə mübtəla olmaq istəmirsə, vərəmumdan
istifadə etsin.
Üstəlik, mədə-bağırsaq xəstəliklərinin də
dərmanıdır bu
məhsul.
Arı çörəyi o qədər doyumlu və kaloritlidir ki, onun bir qaşığı insanın gün ərzində yediyi bütün qidalardan güclüdür. Mürsəl dayı deyir ki, arı çörəyindən sovet dövründə kosmonavtlar istifadə edirdilər. Arının mumu da ələdüşməz nemətdir. Kosmetologiyada geniş istifadə olunur. Muma bir qədər zeytun, bir qədər də bal qatışdırıb isti şəraitdə saxladıqdan sonra üzə çəkmək faydalıdır. Üz dərisini cavanlaşdırır, qırışları, qocalıq əlamətlərini aradan qaldırır.
Bəs bal? Heç balın adın çəkən yoxdur?! Bayaqdan bəri söhbət etdiyim arıçılar deyirlər ki, bal arıların sonuncu məhsuludur. Ancaq keyfiyyətinə və insan orqanizminə faydasına söz ola bilməz. Təmiz balın bir qaşığı öskürəyin dərmanıdır. Sərdar deyir ki, alıcılar tez-tez bizdən balın rənglərini soruşurlar. Niyə bu ağdır, bu niyə tündür və ya sarıdır? Balın rəngi əsas deyil. Rənglərin müxtəlifliyi arıların qonduğu çiçəklərin rənginə görədir. Odur ki, hər rəngdə ola bilər.
Mürsəl dayıdan - haradan
bilək ki, bu bal təmizdir?
- deyə soruşduq.
- Bir parça kağızın üzərinə
töküb altdan yandırın. Əgər köpüklənirsə, demək təmiz məhsuldur, rəngi qaralırsa saxtadır.
Beləcə, bal bazarından bir
banka bal, arıçılıq
haqqında da bir qalın kitab dərs aldıq.
Rəsmiyyə
RZALI,
Azərbaycan.- 2011.- 4 oktyabr.- S. 8.