Azərbaycan Prezidenti İlham Əliyev Bakının Buzovna qəsəbəsində yeraltı piyada keçidlərinin açılışında iştirak etmişdir

 

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində avtomobillərin və piyadaların daha sıx olduğu Heydər Əliyev Beynəlxalq Aeroportu - Zuğulba yolunun 12-ci  kilometrliyində yeni inşa olunmuş yeraltı piyada keçidinin açılışında iştirak etmişdir.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına keçidin texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, tikintisinə bu ilin iyununda başlanılmış keçid Heydər Əliyev Beynəlxalq Aeroportu - Zuğulba yolunun bu hissəsində nəqliyyatın hərəkətinin  tənzimlənməsi, tıxacların qarşısının alınması və piyadaların təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dörd girişi olan keçidin ümumi uzunluğu 44, eni  6, hündürlüyü isə 3 metrdir. Tikinti işləri zamanı yerlixarici materiallardan istifadə olunmuş keçiddə müasir işıqlandırma sistemi quraşdırılmış, məhəccərlər isə paslanmayan metaldan düzəldilmişdir. Pilləkənlərdə əlil arabalarının hərəkəti üçün ayrıca panduslar quraşdırılmışdır. Keçidin istifadəyə verilməsi piyadaların və nəqliyyatın sıx olduğu bu ərazidə yol hərəkəti qaydalarının pozulması hallarını da aradan qaldıracaqdır.

 

* * *

 

Daha sonra Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportu - Zuğulba yolunun 11-ci kilometrliyində yeni istifadəyə verilmiş yeraltı piyada keçidinin açılışında iştirak etdi.

Dövlətimizin başçısına məlumat verildi ki, piyada keçidinin tikintisinə bu ilin mayında başlanmışdır. Burada yaşayış binalarının, məktəbin və iaşə obyektlərinin olması keçidin tikilməsi zərurətini yaratmışdır. Piyadaların və nəqliyyatın hərəkətinin təhlükəsizliyinin təmin edilməsi baxımından da əhəmiyyətli olan keçidin tikinti işləri müasir texniki üsullardan istifadə edilməklə yüksək səviyyədə aparılmışdır. İnşaat işləri zamanı yerlixarici materiallardan istifadə olunmuşdur.

Bildirildi ki, uzunluğu 48, eni 6, hündürlüyü isə 3 metr olan keçiddə piyadalar yaxınlaşarkən avtomatik işə düşən işıq sistemi quraşdırılmışdır. Bu isə elektrik enerjisinə qənaət etməyə imkan verir. Keçidin pilləkənlərində əlil arabalarının hərəkəti üçün ayrıca panduslar düzəldilmişdir. 

Dövlətimizin başçısına həmçinin ərazidə aparılan abadlıq işləri barədə də ətraflı məlumat verildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 5 oktyabr.- S.  1.