Üç səviyyəli Mərdəkan yol qovşağı istifadəyə verilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Xəzər rayonunda Heydər Əliyev Beynəlxalq Aeroportundan Zuğulbaya gedən magistralda üç səviyyəli Mərdəkan yol qovşağının açılışında iştirak etmişdir.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına yol qovşağının texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, qovşağa daxil olan dördaşırımlı körpünün uzunluğu 220, eni isə 23,5 metrdir. Dörd hərəkət zolağı olan körpünün ən böyük aşırımının uzunluğu 75 metr, nəzərə alınan seysmik davamlılığı 9 baldır. Körpünün kənar və orta dayağının üzlüyü fibro-beton, aşırım qurğusu asma tipli, eni və uzunu gərginləşdirilmiş dəmir beton konstruksiyadan ibarətdir.

Prezident İlham Əliyevə qovşağın körpü trosunun texniki xüsusiyyətləri barədə də məlumat verildi. Burada istifadə olunan troslar Fransa istehsalıdır.

Prezident İlham Əliyev yol qovşağının rəmzi açılışını bildirən lenti kəsdi.

Qeyd edildi ki, qovşağın ətrafı abadlaşdırılmış, yaşıllıq zolağı salınmışdır. Bu müasir yol infrastruktur layihəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan Mərdəkan, Şüvəlan və Buzovna qəsəbələri, həmçinin paytaxt istiqamətlərində avtomobillərin sərbəst və təhlükəsiz hərəkətinə imkan yaradacaqdır. 

Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 5 oktyabr.- S.  1.