Azərbaycan Şimali Qafqazla əməkdaşlığın genişlənməsinə maraq göstərir, ölkəmizi bu diyarla dərin tarixi əlaqələr birləşdirir

 

Oktyabrın 4-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Rusiya Federasiyası hökuməti sədrinin müavini, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc-ın verdiyi xəbərə görə, Azərbaycanın Baş naziri Artur Rasizadə qeyd etmişdir ki, Rusiyanın böyük nümayəndə heyətinin səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin dərinləşməsi üçün yaxşı stimul olacaqdır. Azərbaycan Şimali Qafqazla əməkdaşlığın genişlənməsinə maraq göstərir, bu diyarla ölkəmizi dərin tarixi tellər birləşdirir.

A.Rasizadə Ermənstan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək bildirmişdir ki, Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində 1 milyon nəfərdən çox adam qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ölkənin baş naziri həmçinin Azərbaycanın sürətli iqtisadi inkişafı barədə məlumat vermişdir.

Rusiya nümayəndə heyətinin başçısı Aleksandr Xloponin Şimali Qafqazda layihələrin həyata keçirilməsində Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın perspektivlərini qeyd etmişdir. O bildirmişdir ki, bu regionda turizminbiznesin digər sahələrinin inkişafı üçün böyük imkanlar vardır. A.Xloponin qeyd etmişdir ki, investorlara əlverişli şərait yaratmaq üçün yaxın gələcəkdə sərmayələrin qorunması haqqında saziş imzalanacaqdır.

 

 

Azərbaycan.- 2011.- 5 oktyabr.- S.  3.