Azərbaycan ilə
Rusiyanın Şimali Qafqaz
subyektləri arasında əməkdaşlıq haqqında
sazişlər imzalanmışdır
Oktyabrın 4-də Rusiya Federasiyası hökuməti sədrinin müavini, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin başda olmaqla Rusiya nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli sazişlər imzalanmışdır.
AzərTAc xəbər verir ki, həmin sazişlərə görə Azərbaycan ilə Rusiyanın Şimali Qafqaz regionları arasında ticari-iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq nəzərdə tutulur. Bu məqsədlə Azərbaycan Respublikasının hökuməti ilə Dağıstan, İnquşetiya və Qaraçay-Çərkəz respublikalarının hökumətləri arasında ticari-iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. Sazişləri Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov, İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurov, Qaraçay-Çərkəz Respublikası hökumətinin sədri İndris Kiyabişev imzalamışlar.
Azərbaycanın Sumqayıt şəhəri
ilə Rusiyanın Stavropol diyarının
Nevinnomısk şəhəri arasında əməkdaşlıq
və qardaşlaşma münasibətləri
yaradılması haqqında saziş də
imzalanmışdır. Bu sazişi
Sumqayıt Şəhər İcra Hakimiyyətinin
başçısı Eldar Əzizov və
Nevinnomısk şəhərinin başçısı Konstantin Xramov
imzalamışlar.
Azərbaycan.- 2011.- 5 oktyabr.- S. 3.