Yaqub Eyyubov: Azərbaycan
Rusiya və onun
subyektləri ilə ikitərəfli əməkdaşlığın
inkişafına xüsusi əhəmiyyət
verir
Azərbaycan
Rusiya ilə hərtərəfli əməkdaşlığa
xüsusi diqqət yetirir. Bizi Rusiya ilə dostluq, mehriban
qonşuluq telləri, ikitərəfli münasibətlərin
çox geniş spektri üzrə
möhkəm əlaqələr bağlayır.
AzərTAc
xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Baş
nazirinin birinci müavini Yaqub Eyyubov oktyabrın 4-də Rusiya Federasiyası hökuməti sədrinin
müavini, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi
üzrə səlahiyyətli nümayəndəsi Aleksandr
Xloponinin başçılığı ilə ölkəmizdə
səfərdə olan RF nümayəndə heyəti ilə
görüşündə söyləmişdir.
Rusiya
nümayəndə heyətinin tərkibində Azərbaycana
Şimali Qafqaz regionlarının 100-dən çox nümayəndəsi,
o cümlədən
Dağıstan Respublikasının,
İnquşetiyanın, Qaraçay-Çərkəz
Respublikasının, Stavropol diyarının və Rusiyanın
Şimali Qafqaz Federal Dairəsinin digər subyektlərinin
başçıları gəlmişlər.
Y.Eyyubov
vurğulamışdır ki, Azərbaycan və Rusiya prezidentlərinin
mütəmadi görüşləri dövlətlərarası
münasibətlərə yeni dinamika vermiş, ən yüksək
səviyyədə dostluq və etimad əlaqələrinin
qurulmasına kömək etmişdir.
Azərbaycan-Rusiya
iqtisadi əməkdaşlığından danışan Y.Eyyubov bildirmişdir ki, Azərbaycan
Respublikası Rusiya Federasiyasının subyektləri ilə
ikitərəfli əməkdaşlığın
inkişafına xüsusi əhəmiyyət verir. O
demişdir: "Sevindirici haldır ki, Rusiyanın bir çox subyektləri
ilə ticarət-iqtisadi və mədəniyyət sahələrində sazişlər
imzalanmışdır. Ötən il Azərbaycan və
Şimali Qafqaz Federal Dairəsi
arasında əmtəə dövriyyəsinin həcmi təxminən
262 milyon dollar təşkil etmişdir. Özü də
Dağıstan Respublikasının və Stavropol
diyarının payına bu əmtəə dövriyyəsinin
88 faizi düşmüşdür". Y.Eyyubov ümidvar
olduğunu bildirmişdir ki, Rusiyanın bir neçə
subyektinin başçısının təmsil olunduğu
nümayəndə heyəti ilə görüşdən
sonra ticarət-iqtisadi əlaqələr daha da genişlənəcəkdir.
Azərbaycan
və Rusiya arasında çox sıx qarşılıqlı
münasibətlərin olduğunu vurğulayan Rusiya
Federasiyası hökuməti sədrinin müavini Aleksandr
Xloponin demişdir: "Əmtəə dövriyyəsini genişləndirmək,
qarşılıqlı faydalı layihələri həyata
keçirmək
baxımından bu əməkdaşlığı
keyfiyyətcə yeni səviyyəyə
yüksəltmək istərdik".
A.Xloponin
bildirmişdir ki, RF hökuməti Şimali Qafqaz Federal Dairəsinin
inkişafı üzrə dövlət proqramı çərçivəsində
irimiqyaslı investisiya layihələri
həyata keçirməyi planlaşdırır. Rusiyanın
Azərbaycan sahibkarlarının bu layihələrdə
iştirakında maraqlı olduğunu diqqətə
çatdıran A.Xloponin demişdir: "Layihələrin səmərəliliyini
artırmaq üçün
dövlət bir sıra ciddi mexanizmlər
yaratmışdır. Bu mexanizmlər Şimali Qafqaz ərazisinə
maliyyə yatıran sərmayədarlara öz risklərini
sığortalamaq imkanı verir. İlk növbədə, sərmayədarlara
investisiyaların 70 faizi həcmində dövlət zəmanəti vermək qərara
alınmışdır".
Rusiya
nümayəndə heyətinin başçısı turizm, gənclər
siyasəti, humanitar sahələrdə Şimali Qafqaz və Azərbaycan
arasında əməkdaşlığın
perspektivlərini də vurğulamışdır.
Azərbaycan.- 2011.-5 oktyabr.- S. 3.