Azərbaycan Avropa İttifaqının «Şərq tərəfdaşlığı»
proqramı çərçivəsində fəal əməkdaşlıq
edir
Prezident İlham Əliyevin
Polşaya işgüzar
səfəri bunu bir daha təsdiq etdi
Sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən balanslı xarici siyasət aparan respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlanmış, diplomatik fəaliyyət sahəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri düzgün müəyyənləşdirmişdir. Müstəqillik qazandıqdan sonra Azərbaycanın əməkdaşlığa ciddi maraq göstərdiyi nüfuzlu Avropa təşkilatlarından biri də Avropa İttifaqı olmuşdur. Respublikamızın təşkilatla 1993-cü ildə əsası qoyulmuş diplomatik münasibətləri son illərdə qarşılıqlı maraqlar əsasında yüksələn xətlə inkişaf etmişdir.
Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı genişlənir
Azərbaycan və Avropa İttifaqı arasında "Tərəfdaşlıq və əməkdaşlıq haqqında" saziş imzalanmış, bu sənəd ikitərəfli münasibətlərin hüquqi bazasının formalaşdırılması baxımından vacib əhəmiyyət daşımışdır. Avropa İttifaqının TACIS-TRASEKA proqramı çərçivəsində Böyük İpək yolunun bərpası üzrə keçirilən tədbirlər Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yerləşən bütün ölkələrin inkişafı, onların iqtisadi potensialından daha səmərəli istifadə edilməsi, çoxtərəfli iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaradır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsində aparıcı yer tutması respublikanın dünya ölkələri ilə inteqrasiyasının daha da dərinləşməsinə xidmət edir. Bu isə nəinki iqtisadi, həm də siyasi sabitlik və təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir.
Avropa İttifaqı Azərbaycanla əlaqələrini təkcə TRASEKA və "Tərəfdaşlıq və əməkdaşlıq sazişi" çərçivəsində deyil, həm də Cənubi Qafqazda həyata keçirilən ümumi regional əməkdaşlıq layihəsi, Avrasiya bölgəsində sülhün, sabitliyin və iqtisadi tərəqqinin təmin olunmasına yönəlmiş digər proqramlar çərçivəsində reallaşdırır. Ölkəmiz "Yeni qonşuluq siyasəti üzrə fəaliyyət" proqramı çərçivəsində təşkilatdan onun daxili bazarlarına çıxış kvotası, işçi, əmtəə, xidmət, investisiya-kapital resurslarının sərbəst dövriyyə imkanını əldə edir. Bundan əlavə, yeni proqram çərçivəsində əməkdaşlıq Azərbaycana Avropa ölkələri ilə qarşılıqlı iqtisadi əlaqələrin qurulması, güzəştli ticarət və kredit rejiminin yaradılması, əmək, bazar münasibətləri və miqrasiya, narkobiznes və mütəşəkkil cinayətkarlıqla mübarizə, investisiyaların təşviqi, yeni maliyyə mənbələrinin cəlb edilməsi imkanları açır. Fəaliyyət planında hər bir tərəfin mövqeyinə uyğun genişmiqyaslı islahatlar da öz əksini tapıb. Belə ki, Azərbaycan Respubilkası Avropaya inteqrasiya yolunda iqtisadi və siyasi sahədə qanunvericiliyi təkmilləşdirməlidir. Sənədin Qafqazdakı münaqişələrin həllində, həmçinin Dağlıq Qarabağ probleminin çözülməsində əhəmiyyətli rol oynayacağı istisna olunmur. Bu sənəd Avropa İttifaqını öz qonşuları ilə yaxınlaşdırmağa, təhlükəsizlik, strateji sabitlik, rifah halının yüksəldilməsinə xidmət edir. Sənəd Avropa İttifaqının qonşu olduğu dövlətlərlə hansı şərtlər əsasında əməkdaşlıq etmək məramlarını ortaya qoyur. Avropa İttifaqı qonşularına imtiyazlı əlaqələr təklif edir, əvəzində isə demokratiya, suverenlik, insan hüquqlarının qorunması, bazar iqtisadiyyatı prinsiplərinə riayət etməyi tövsiyə edir. Avropa qonşuluq siyasəti mövcud əlaqələrin statusundan daha yüksək statusa malik siyasi əməkdaşlığı və ölkələrin Avropaya iqtisadi inteqrasiyasını təmin edən proqramdır.
Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə dövlət komissiyasının yaradılması haqqında" sərəncamı respublikamızın sözügedən təşkilatla əlaqələrinin daha da gücləndirilməsi məqsədini qarşıya qoymuşdur. Sərəncamda təşkilatla siyasi, iqtisadi, nəqliyyat və enerji, hüquqi, təhlükəsizlik, insan hüquqları və demokratikləşmə, humanitar, elm-təhsil və digər əməkdaşlıq sahələri üzrə işçi qruplarının yaradılması nəzərdə tutulmuşdur. Azərbaycan Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində də fəal əməkdaşlıq edir. Prezident İlham Əliyev bildirmişdi: "Azərbaycan Avropa İttifaqının "Şərq tərfdaşlığı" proqamına qoşulub. Biz avropalı tərəfdaşlarımızla həyatımızın bütün sahələrini əhatə edən bu proqramın reallaşdırılması üzərində işləyirik. Biz iqtisadi və siyasi islahatları paralel şəkildə aparırıq. Ölkəni müasirləşdirmək, davamlı iqtisadiyyat qurmaq və güclü siyasi sistem yaratmaq üçün, əlbəttə ki, biz siyasi və iqtisadi islahatlar sahəsində daha çox çalışmalıyıq".
"Şərq tərəfdaşlığı"
proqramı
"Şərq
tərəfdaşlığı"nın əsası
2009-cu il mayın 7-də Çexiyanın paytaxtı Praqada
qoyulmuşdur. "Şərq tərəfdaşlığı"
təşəbbüsü 2008-ci il mayın 26-da Avropa
İttifaqının Ümumi Məsələlər və
Xarici Əlaqələr Şurasında Polşa və
İsveç tərəfindən irəli
sürülmüşdür. Bu, Avropa İttifaqı və tərəfdaş
ölkələr arasında münasibətlərin gücləndirilməsi
üçün yeni təşəbbüsdür. "Şərq
tərəfdaşlığı"nda məqsəd tərəfdaş
ölkələri Avropa İttifaqına daha da
yaxınlaşdırmaq, sabitlik, yaxşı idarəçilik
və iqtisadi inkişafı təşviq etməkdir. Bu təşəbbüs
demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas
azadlıqlara hörmət, bazar iqtisadiyyatı və
davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır.
İkitərəfli əməkdaşlıq xətti ilə
Avropa İttifaqı son nəticə kimi onunla assosiasiya
sazişinin imzalanmasına yönəlmiş yeni müqaviləyə
əsaslanan münasibətlərin qurulmasını təklif
edir. Tərəfdaşlıq Avropa İttifaqının
iqtisadiyyatına tədrici inteqrasiyanı daha da təşviq
edəcək, dərin və hərtərəfli azad ticarət
məkanının qurulması ilə nəticələnəcəkdir.
Digər
məqsəd Avropa İttifaqının Şərq tərəfdaşları
üçün uzun müddətdə viza rejiminin tam
liberallaşdırılması ilə Avropa İttifaqına səfərlərin
yüngülləşdirilməsidir. Enerji bazarlarının
qarşılıqlı əlaqələndirilməsi və
inteqrasiyası ilə enerji təhlükəsizliyi sahəsində
əməkdaşlığın qurulması da bu yanaşmaya
daxildir. Əlavə olaraq, Avropa İttifaqının vəhdətlik
siyasətinə əsaslanaraq pilot təşəbbüs olaraq
reqional inkişaf təşviq olunacaqdır. Nəticədə,
tərəfdaşlığın güclənməsini təmin
etmək məqsədilə diqqətin ölkənin əsas
qurumlarına yönələcəyi yeni hərtərəfli
institusional potensial quruculuğu proqramı tərtib
olunacaqdır.
Çoxtərəfli
əməkdaşlıq xətti ilə "Şərq tərəfdaşlığı"
proqramı çərçivəsində Avropa
İttifaqı qanunvericilik və standartlarını təqdim
etmək, islahatlar sahəsində təcrübə və ən
uğurlu praktika mübadiləsi aparmaq məqsədilə yeni
forum təqdim edir. Bütün tərəfdaşlar
arasında əlverişli mübadilə təmin etmək
üçün demokratiya, yaxşı idarəçilik,
sabitlik, iqtisadi inteqrasiya və Avropa İttifaqı siyasətlərinə
uyğunlaşma, enerji təhlükəsizliyi və insanlar
arasında əlaqə məsələlərini əhatə
edən 4 tematik ekspert platformaları təsis edilmişdir.
Çoxtərəfli əməkdaşlıq xətti altı
aparıcı təşəbbüslə dəstəklənir
(inteqrə edilmiş sərhəd idarəçiliyi
proqramı; kiçik və orta müəssisələr
mexanizmi; enerji təchizatının çoxşaxəli
inkişafı; reqional elektrik enerjisi bazarları; enerji səmərəliyinin
artması və bərpa olunan enerji mənbələrindən
istifadənin artması; təbii və süni fəlakətlərin
qarşısının alınması və onlara
hazırlıq; ətraf mühitin yaxşı idarə
olunmasının təbliği).
"Şərq
tərəfdaşlığı" istiqamətində irəliləyiş
hər iki ildən bir yüksək səviyyədə təşkil
edilən sammit görüşündə və hər il
xarici işlər nazirləri səviyyəsində
keçirilən iclasda nəzərdən keçirilir.
EURONEAST Parlament Assambleyası, Vətəndaş Cəmiyyəti
Forumu vasitəsilə yerli və reqional hökumət
qurumları və vətəndaş cəmiyyəti təşkilatları
ilə birgə "Şərq tərəfdaşlığı"
proqramının həyata keçirilməsi daha böyük
perspektivlərə yol açacaqdır.
Avropaya inteqrasiya
sürətlənir
Prezident İlham Əliyevin bu günlərdə Polşanın paytaxtı Varşavada Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammitində iştirak etməsi də əlamətdar hadisələrlə yadda qaldı. Avropa İttifaqı ölkələrinin, eləcə də "Şərq tərəfdaşlığı" proqramına üzv olan ölkələrin dövlət və hökumət başçılarının iştirak etdiyi sammitdə təşkilata sədrlik edən Polşanın Baş naziri Donald Tusk bir daha "Şərq tərəfdaşlığı" proqramının tərəfdaş ölkələr üçün əhəmiyyətindən bəhs etmişdir.
"Şərq tərəfdaşlığı" ölkələrinin Avropaya inteqrasiyasının sürətləndirilməsi və qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi baxımından iki ildən bir keçirilən sammitin böyük əhəmiyyəti vardır. Sammitdə əməkdaşlığın siyasi və iqtisadi aspektləri, prioritet proqramlar, Avropanın maliyyə institutları ilə əməkdaşlıq, viza rejimi və digər məsələlər ətrafında da müzakirələr aparıldı. Prezident İlham Əliyev Polşaya işgüzar səfəri çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə də fikir mübadiləsi aparmışdır. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Ketrin Eşton ilə görüşündə ölkəmizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji və digər sahələrdə əməkdaşlığa dair məsələlər barədə ətraflı söhbət aparmışdır.
Prezident İlham Əliyevin səfər zamanı Gürcüstan Prezidenti Mixeil Saakaşvili, Moldovanın Baş naziri Vladimir Filat ilə görüşlərində ölkələrimizin ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanmış, beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, Demokratiya və İqtisadi İnkşaf naminə Təşkilat - GUAM çərçivəsində əməkdaşlıqla bağlı məsələlər, eləcə də nəqliyyat, təhlükəsizlik, enerji sahələrində əlaqələrin inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılmışdır. Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammiti birgə bəyannamənin qəbul edilməsi ilə başa çatmışdır.
Azərbaycan müstəqil dövlət olaraq xarici siyasət strategiyasını özünün iqtisadi gücündən, qüdrəti və resurslarından, dünya siyasətindəki yerindən asılı olaraq milli məqsədlər üzərində qurur. Dövlətçiliyin, müstəqilliyin, ərazi bütövlüyünün və suverenliyinin, milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadi və geostrateji maraqların ödənməsi xarici siyasətin prioritet məqsədləridir. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətlərini ildən-ilə inkişaf etdirməsi qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirildiyini təsdiqləyir.
E.HACIALIYEV
Azərbaycan.- 2011.-5 oktyabr.- S. 4.