Mixail Şvıdkoy: «Bakı beynəlxalq
humanitar forumu bir növ intellektual
Davosa çevrilə bilər»
Bakı beynəlxalq humanitar forumu bir növ
intellektual Davosa çevrilə bilər. Rusiya Federasiyası
Prezidentinin beynəlxalq
mədəni əməkdaşlıq
məsələləri üzrə
xüsusi nümayəndəsi
Mixail Şvıdkoy bu fikri oktyabrın
10-11-də Bakıda keçiriləcək
foruma hazırlıq məsələsini şərh
edərək söyləmişdir.
- Mixail Yefimoviç, foruma hazırlıq işləri
son mərhələdədir, panel diskussiyalarının mövzuları,
iştirakçıların tərkibi və tədbirlərin proqramı
artıq məlumdurmu?
- Bütün işlər nəzərdə tutulan rejim üzrə gedir. Təbii ki, bütün
panellərin iştirakçıları
müəyyən edilmişdir.
Bunlar çox maraqlı tanınmış insanlardır.
Hazırda biz panel problemini detallaşdırırıq.
Bu işlə riyaziyyatçılar məşğuldur,
lakin bütövlükdə
hər şey hazırdır. Zənnimcə, bu forum çox maraqlı və bir sıra cəhətlərə
görə ibrətamiz
olacaqdır.
- İki ölkənin Prezident administrasiyalarının rəhbərləri
Ramiz Mehdiyev və Sergey Narışkin
bu hadisəyə hazırlıqla əlaqədar
Moskvada keçirilmiş
işgüzar görüşdə
qeyd etmişdilər ki, bu forum müəyyən
mənada unikal olacaq, əvvəlkindən
fərqlənəcək, tədbirdə
çoxlu maraqlı adamlar iştirak edəcəklər. Bəzi iştirakçıların
adlarını deyə
bilərdinizmi?
- Əlbəttə, orada
mədəniyyət sahəsini
təmsil edən Sofi Lorendən başlamış Andron Konçalovskiyə qədər
çox məşhur
şəxslər olacaqdır. Bundan əlavə,
foruma görkəmli riyaziyyatçılar, fiziklər,
bioloqlar, filosoflar, ictimai xadimlər də gələcəkdir.
Rusiyanı rəsmi səviyyədə
RF Prezidenti Administrasiyasının
rəhbəri Sergey Narışkin
təmsil edəcəkdir. O, Rusiya
Prezidenti Dmitri Medvedevin
forum iştirakçılarına təbrikini çatdıracaqdır.
Bundan əlavə, həmin forum
çərçivəsində Rusiya və Azərbaycan prezidentlərinin
kitabları təqdim ediləcəkdir. Həmin kitablarda
onların humanitar məsələlərə dair
məqalələri toplanmışdır.
- Bu forum ölkələrimizin
mədəniyyətlərinin yaxınlaşması üçün
xüsusi bir format kimi nəzərdə tutulmuşdur. Azərbaycan və Rusiya
prezidentlərinin patronajı
isə bu tədbirə xüsusi əhəmiyyət verəcəkdir.
Siz Azərbaycanın mədəni siyasətini necə qiymətləndirirsiniz və
bu forum ölkələrimiz
arasında bu sahədə qarşılıqlı
münasibətlərin inkişafına
necə təsir göstərəcəkdir?
- Ümumiyyətlə, mən
belə hesab edirəm ki, Azərbaycanla Rusiyanın təkcə mədəniyyət
sahəsində deyil, həm də siyasət və iqtisadiyyat sahələrində
əlaqələri çox
yaxşıdır. Aydındır
ki, hər şey daha yaxşı
ola bilər,
lakin mənim fikrimcə, əlaqələrimiz
yüksək səviyyədədir
və bizim əməkdaşlığın ruhuna yüksək dərəcədə uyğundur.
Prezidentlərimiz bir-biri ilə
çox yaxşı ünsiyyət saxlayırlar.
Bu da ölkələrimiz
arasında münasibətlərdə
baş verən dəyişikliklərin çox
mühüm göstəricisidir.
- Bu gün Azərbaycan müxtəlif
beynəlxalq, o cümlədən
mədəniyyətlə əlaqədar
tədbirlərin keçirildiyi
məkana çevrilmişdir.
Sizin fikrinizcə, Bakı humanitar forumu həmin tədbirlər arasında
hansı yeri tutur?
- Hesab edirəm ki, Bakı forumu
bir növ intellektual Davosa çevrilə bilər. Məncə,
prezidentlər Dmitri Medvedev və
İlham Əliyev bu tədbiri öz nəzarətləri
altına götürərkən
məhz bu mövqedən çıxış
etmişlər. Mənə belə
gəlir ki, insanların elmi, iqtisadi, sənaye ilə bağlı fəaliyyətinin humanitar
aspektlərini müzakirə
etmək cəhdi bu gün dünyada
mövcud vəziyyətin
qiymətləndirilməsinə kifayət qədər yeni yanaşmadır.
Digər
tərəfdən, forumda
dünya birliyində intellektual mühitə yüksək dərəcədə
təsir göstərən
insanların toplaşacağını
nəzərə alsaq,
məncə, bu forum həm Bakı, həm də Moskva üçün çox maraqlı və çox əhəmiyyətli olacaqdır.
- Sonuncu sual. Bu günlərdə
Azərbaycan müstəqilliyinin
bərpa olunmasının
20 illiyini qeyd edir. Siz Azərbaycanın bu illər ərzində
qazandığı uğurları
necə qiymətləndirirsiniz?
- 20 il ərzində
Azərbaycan çox böyük yol keçmişdir. Biz bilirik ki, Sovet
İttifaqı dağılandan
sonra bu respublika fəlakət həddində idi və şükürlər
olsun ki, Heydər Əliyevin və onun məsləkdaşlarının
müdrikliyi və əzmkarlığı sayəsində
fəlakətin qarşısını
almaq mümkün olmuşdur. Mən bütün sonrakı illərdə Azərbaycanda
baş verən hadisələri müşahidə
etmək şərəfinə
nail olmuşam. Bu proseslər
ölkə rəhbərliyinin
- mərhum Heydər Əliyevin, indiki dövlət başçısı
İlham Əliyevin iradəsinə, Azərbaycan
xalqının ləyaqətlə,
alnıaçıq, üzüağ
yaşamaq, ölkənin
öz uşaqları üçün təmin etməli olduğu gələcək haqqında
düşünərək yaşamaq əzminə dərin ehtiram hissi doğurur. Mən çoxmillətli gözəl
Azərbaycan xalqını
Azərbaycanın müstəqilliyinin
bərpa edilməsinin
20 illiyi münasibətilə
məmnuniyyətlə təbrik
edirəm və ona gələcəkdə
də firavanlıq, dünya birliyində məhəbbət və hörmət arzulayıram.
Rusiya Azərbaycanın,
Azərbaycan xalqının
sadiq dostudur. Əminəm
ki, bütün azərbaycanlılar bunu bilir və ümid
edirəm ki, bu dostluq əbədi
olacaqdır.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2011.- 5 oktyabr.- S. 5.