Azərbaycanlı tələbə aviatorun qələbəsinin əks-sədası

 

Xəbər verdiyimiz kimi, bu ilin baharında Milli Aviasiya Akademiyasının (MAA) tələbəsi Emil Vahablı Moskvada keçirilən A.F.Mojayski adına 8-ci Beynəlxalq Aviasiya Olimpiadasından zəngin "qənimətlə" qayıtmışdı. Təxminən 40 ölkənin gənc aviasiya tədqiqatçılarının qoşulduğu bilik yarışında on səkkiz yaşlı Emil birinci yeri tutaraq "Beynəlxalq olimpiadanın qalibi" diplomuna, onun qələbəsini təsdiq edən sertifikataA.F.Mojayski adına medala layiq görülmüşdü. Həmyerlimizin qələbəsi təhsil aldığı doğma kollektivdə böyük ehtiramla qarşılanmışdı. Hətta ona MAA-nın Elmi Şurasında "Təyyarələrdə kombinə edilmiş güc qurğuları" mövzusunda elmi məruzə ilə çıxış etmək imkanı yaradılmışdı.Tələbə aviator bu çətin işin də öhdəsindən bacarıqla gəlmişdi. Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Mir Cəlal oğlu Paşayev gənc tədqiqatçının işini yüksək qiymətləndirmiş, onu kollektiv adından təbrik edərək, qiymətli hədiyyə ilə mükafatlandırmışdı.

Qeyd edək ki, o zaman MAA rəhbərinin tövsiyəsi ilə Emil Vahablının uğurları mətbuat səhifələrində geniş işıqlandırılmış, haqqında qısametrajlı televiziya filmi (AzTV) çəkilərək, ictimaiyyətə çatdırılmışdı. Bundan əlavə, MAA-nın Aviasiya Tarixi Muzeyində Emilin yaratdığı təyyarə modellərindən ibarət sərgi nümayiş etdirilmişdi.

Əlbəttə, bu deyilənlər keçmişdə qalaraq tarixə çevrilib. Lakin elə uğurlarımız var ki, zaman-zaman xatırlanaraq yaddaşlara qayıdır. Bu gün yenidən söhbət mövzusuna çevrilən Emil Vahablının qələbəsi də belə uğurlardandır.

Milli Aviasiya Akademiyasının İctimaiyyətlə əlaqə xidmətindən AzərTAc-a bildirmişlər ki, bu günlərdə A.F.Mojayski adına Moskva Beynəlxalq Aviasiya Olimpiadasının təşkilat komitəsinin üzvü, Aviasiya Qurucuları Klubunun prezidenti, Rusiya Mühəndislik Akademiyasının  həqiqi üzvü, texnika elmləri doktoru, professor Y.Yeliseyevin imzası ilə Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru akademik A.Paşayevin adına ünvanlanmış məktub daxil olmuşdur. Məktubda deyilir ki, akademiyanın 18 yaşlı tələbəsi, Azərbaycan vətəndaşı Emil Vahablının keçənilki qələbəsinin doğma təhsil ocağında təntənə ilə qeyd olunması Olimpiada təşkilatçıları tərəfindən böyük rəğbət hissi ilə qarşılanmışdır. Bu, gənclərin elmi-texniki yaradıcılığına hədsiz qayğının göstəricisi olmaqla yanaşı, həm də son onillikdə həyata keçirilən Olimpiada layihəsinin dəstəklənməsinə gözəl sübutdur. Ümumiyyətlə, dövlətimizin, şəxsən Azərbaycan Prezidenti İlham Əliyevin milli aviasiyanın inkişafına diqqət yetirdiyi məktubda xüsusi vurğulanır.

Məktubda daha sonra yazılır ki, hazırda 2011-2012-ci tədris ili üçün 9-cu Beynəlxalq Aviasiya Olimpiadasına hazırlıq işləri görülür. Bu ənənəvi bilik yarışında vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq 12 yaşından 18 yaşınadək olan rusdilli gənclər iştirak edə bilərlər. Sonda moskvalı professor Y.Yeliseyev Azərbaycan Milli Aviasiya Akademiyasının müəllim-tələbə heyətinə təşəkkür edərək ümidvar olduğunu bildirir ki, keçənilki qalibimiz Emil Vahablının vətənindən olan istedadlı gənclər növbəti Olimpiadada da fəallıq nümayiş etdirəcəklər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 5 oktyabr.- S.  5.