Müasir Azərbaycan dövlətçiliyinin qurulmasında və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur

 

Oktyabrın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkəmizin son 20 ildə keçdiyi inkişaf yolundan danışmışdır. S.Mehbalıyev müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin bir çox problemlərlə üzləşdiyini bildirmiş, yalnız ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikada sabitliyin yarandığını, siyasi və iqtisadi islahatlara başlandığını qeyd etmişdir.

Müasir Azərbaycan dövlətçiliyinin qurulmasında və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu vurğulayan AHİK sədri demişdir ki, bu dahi şəxsiyyətin yenidən siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə vətəndaş müharibəsinin qarşısı alınmış, iqtisadiyyat ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoymuş, nizami ordu quruculuğunda, eləcə də respublika həyatının bütün sahələrində dinamik tərəqqi təmin edilmişdir.

AHİK sədri qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi quruculuq siyasətini bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev uğurla həyata keçirir. Dövlətimizin başçısının rəhbərliyi altında Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə sanballı nailiyyətlər əldə etmişdir. Hazırda dövlətimiz dünya birliyində özünə layiqli yer tutmuş, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək beynəlxalq nüfuz qazanmışdır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu  strategiya nəticəsində ölkəmizin iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur. Təsadüfi deyildir ki, dünyada maliyyə böhranının tüğyan etdiyi bir vaxtda Azərbaycanda iqtisadi artımın səviyyəsi 9,3 faiz olmuşdur. Əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən proqramların icrası, eləcə də Azərbaycan Prezidentinin sosial təminatların, əmək haqlarının və müavinətlərin artırılması ilə bağlı imzaladığı sərəncamlar məhz bu iqtisadi inkişafın təzahürüdür.

Tədbirdə həmkarlar ittifaqları təşkilatlarının rəhbərləri və üzvləri təmsil etdikləri qurumların fəaliyyəti haqqında danışaraq, müstəqillik illərində əldə olunmuş uğurları diqqətə çatdırmışlar.

 

 

Azərbaycan.- 2011.- 5 oktyabr.- S.  5.